İxrac etdiyi mal müqabilində ''İxrac Təşviqi''ni geri almaq istəyən sahibkarların nəzərinə!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq qeyri-neft məhsullarının ixracatçıları ixrac təşviqinin əldə edilməsi üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.
İxrac təşviqi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı” və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar” əsasında ödəniləcək. 
“Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarını buradan yükləyə bilərsiz.
İxrac təşviqinin alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə aşağıdakı şənədlər təqdim edilməlidir:

  • ərizə;
  • ixrac olunan qeyri-neft məhsullarının dəyərinin təsdiq edilməsi haqqında sənədin (invoys, hesab faktura və s.) surəti;
  • Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən təsdiq edilmiş ixrac gömrük bəyannaməsinin surəti;
  • qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanılmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədlərin surətləri;
  • xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş idxal gömrük bəyannaməsinin surəti;
  • ixrac olunan qeyri-neft məhsullarına görə ödənilən vəsaitin ixracatçının xarici valyutada Azərbaycan Respublikasındakı bank hesabına köçürülməsini təsdiq edən müvəkkil kredit təşkilatının sənədi (tarixi, mədaxil tarixi, ödənilən təşkilatın adı, məbləği);
  • qeyri-neft məhsulunun Azərbaycan mənşəli olmasını göstərən mənşə sertifikatının surəti;

Sənədlər aşağıdakı ünvan üzrə təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000

Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı (destek@azpromo.az ) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141), fceferov@azpromo.az) müraciət edə bilərsiniz.