Azərbaycan - Rusiya biznes forum keçirilmişdir

İyunun 4-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan - Rusiya biznes forumu keçirilmişdir. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, qida, sənaye, energetika, tikinti və digər sahələrdə fəaliyyət göstərən 70-dən çox iş adamı iştirak etmişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmışdır. Rüfət Məmmədov Rusiya iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanlarından yararlanmağa, azərbaycanlı iş adamları ilə fəal əməkdaşlığa dəvət etmişdir.
Udmurtiya Respublikasının İxraca Dəstək Mərkəzinin rəhbəri Valeriya Antonenko, Kaluqa vilayətinin İxracyönümlü Kiçik və Orta Biznes Subyektlərinə Dəstəyin Koordinasiyası Mərkəzinin rəhbəri Valentina Maltseva Azərbaycana səfərlərindən məmnunluqlarını ifadə etmiş, iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin Azərbaycan-Rusiya iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırmış və Udmurtiya və Kaluqannın investisiya imkanlarına dair təqdimatlarla çıxış etmişlər.
Tədbirdə həmçinin, AZPROMO-nun nümayəndəsi Natiq Mədətov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimat etmişdir.
Biznes forum iş adamları arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə başa çatmışdır.