Azərbaycan məhsulları Əfqanıstanda nümayiş olunub

Azərbaycanın ixrac missiyası Əfqanıstanın Kabul şəhərində təşkil edilən “Afghan Homex Expo” sərgisində iştirak edib. Sərgidə Azərbaycan şirkətləri “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunub.
Azərbaycan şirkətlərinin məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Əfqanıstanın Ticarət və Sənaye nazirinin müavini Mohammad Qurban Haqjo Azərbaycan stendi ilə tanış olub. Əfqanıstanlı nazir müavininə Azərbaycanın investisiya və biznes imkanları, rəqabətqabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı məhsulları barədə məlumat verilib, Azərbaycan haqqında müxtəlif çap materialları təqdim olunub.
Missiya iştirakçıları Əfqanıstanın bir sıra bazarlarının fəaliyyəti ilə tanış olublar.
“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə təşkil olunmuş ixrac missiyasının Əfqanıstana səfəri bu gün başa çatır.  Missiya 9-11 fevral  tarixlərində Pakistanda olacaq.
Missiyaya ölkəmizdə meyvə şirələri, təbii mineral sular, ət və ət məhsulları, un və un məmulatları, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 9 şirkətin nümayəndəsi daxildir.