AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev

“Marketinq – müştərilərin tələblərinin/ehtiyaclarının mənfəətlə müəyyənləşdirilməsi, proqnozlaşdırılması və ödənilməsinə görə cavabdeh olan idarəetmə prosesidir”

Sertifikatlaşdırılmış Marketinq İnstitutu

Marketinq alətlərinin həm daxili bazarda, həm də xarici bazarlarda demək olar ki, eyni olmasına baxmayaraq, beynəlxalq marketinqdə nəzərə alınmalı olan bir sıra əlavə amillər mövcuddur. Belə ki, beynəlxalq aləmdə siyasi, iqtisadi, maliyyə, ictimai və texnoloji mühitlərdə dəyişmələrin sürəti getdikcə artır və bu səbəbdən bazarlar haqqında məlumatların və biliklərin daimi olaraq yenilənməsi vacibdir.

Sahibkarlar marketinq strategiyasının müəyyənləşdirilməsi zamanı aşağıdakı amilləri əsas götürməlidirlər:

  • Mövcud müştərilərlə işi gücləndirmək
  • Müştərilərə yeni məhsullar təqdim etmək
  • Düzgün qiymət siyasəti müəyyənləşdirmək
  • Satışların həcmini və satışlardan əldə edilən mənfəətin həcmini artırmaq
  • Aktiv təbliğat/təşviqat siyasəti aparmaq
  • Yüksək keyfiyyətli məhsullara maraqlı olan potensial müştərilər seqmentini tapmaq

Seqmentasiya

Bazarın fərqli ehtiyaclara, xüsusiyyətlərə və davranışlara malik, müxtəlif məhsullar və ya marketinq kompleksi tələb edən alıcılar (müştərilər) qrupuna bölünməsinə seqmentasiya deyilir.

Bazar seqmentasiyasının əsas üstünlükləri aşağıdakılardır:

  • Bazar seqmentasiyası, resursların bölüşdürülməsi ilə bazar tələbləri arasında daha mükəmməl uyğunlaşdırma hesabına xərclərin azaldılmasına imkan verir.
  • Seqmentasiya müştərilərin ehtiyaclarını və tələbatlarını daha yaxşı öyrənmək və onlara daha yaxşı xidmət göstərmək imkanı verir.
  • Müəyyən bir seqment daxilindəki müştərilər üçün xüsusi hazırlanmış məhsullar təklif etmək daha asandır.
  • Seqmentasiya müştərilərin məhsulun keyfiyyətindən razılıq səviyyəsini artırır.

Beynəlxalq məhsul strategiyası

Öz məhsullarını xarici bazarlara çıxarmaq istəyən sahibkar beynəlxalq məhsul strategiyasını düzgün müəyyənləşdirməlidir:

  • Nə satmaq?
  • Standartlaşdırma, yoxsa xüsusiləşdirmə
  • Xarici bazarlara girməkdə vaxtın seçilməsi
  • Beynəlxalq brend portfelinin idarə olunması
  • Məhsulların qablaşdırılması və markalanması
  • Beynəlxalq məhsul sırasının idarə olunması
  • Məhsulların çatdırılması
  • Məhsulun həyat dövrünün müəyyənləşdirilməsi
  • Məhsulun qiymətinin müəyyənləşdirilməsi

Beynəlxalq marketinqdə xarici bazara təklif olunacaq məhsul, xidmət və hüquqlar düzgün müəyyən olunmalıdır. Xarici bazarlarda şirkət məhsullarla yanaşı, həmçinin xidmətlərini (idarəetmə təcrübəsi) və ya hüquqlarını (brend, ticarət nişanı, patent) da sata bilər.

Standartlaşdırma, yoxsa xüsusiləşdirmə. Müxtəlif ölkələrdə satılan malların eyni olmasına baxmayaraq, şirkət malların həmin bazara uyğunluğunu müəyyənləşdirməlidir. Məhsulların standartlaşmasının və uyğunlaşdırılmasının səbəbləri bunlardır: xərclərə qənaət; ümumi istehlakçı tələbatı və zövqlərin müxtəlifliyi, texnologiyaların təsiri, qablaşdırma və markalanma ilə bağlı xarici dövlətlərin norma və standartları

Xarici bazarlara girməkdə vaxtın seçilməsi. Şirkət hansı bazara və nə vaxt girmək istədiyini düzgün müəyyənləşdirməlidir. Burada istifadə olunan əsas iki strategiya mövcuddur: “Şəlalə” (Waterfall) strategiyası və “Səpələnmə” (Sprinkler) strategiyası.

Beynəlxalq brend portfelinin idarə olunması. Beynəlxalq marketinqdə brendlərin bölgüsünü aşağıdakı kimi aparmaq olar: qlobal brendlər, regional brendlər və yerli brendlər. Şirkət beynəlxalq arenada öz brendlərini və adını qorumağa çalışmalıdır.

Məhsulların qablaşdırılması və markalanması. Məhsulların qablaşdırılması və markalanmasında əsas amillər aşağıdakılardır:

  • Qoruma: iqlim şəraiti, malların daşınma və saxlanılma üçün əlverişli olması
  • Təbliğat/təşviqat (promotion): malların düzülməsi və təqdim olunması, məhsulların üzərindəki yazıların müxtəlif dillərdə olması və s.
  • Hüquqi tənzimləmə və tələblər: qablaşdırmanın təkrar emal oluna bilən materiallardan hazırlanması, markalanmada müştərilər üçün məlumatlara aid olan tələblər və s.

Beynəlxalq məhsul sırasının idarə olunması. Dünya bazarlarına çıxarmaq üçün məhsulun seçilməsi beynəlxalq məhsul strategiyasının yalnız birinci addımıdır. İkinci addım, hansı məhsul ailəsinin bazara çıxarılacağının müəyyənləşdirilməsidir. Beynəlxalq məhsul sırası əksər hallarda maliyyə və bazar məhdudiyyətləri səbəbindən yerli məhsul sırasından daha kiçik olur. Beynəlxalq bazarlara məhdud məhsul sırası ilə girmək istəyən şirkət, əvvəlcə bazarı yoxlamalıdır.

Məhsulların çatdırılması

Məhsulların müştərilərə çatdırılması zamanı əsas 4 məqamı nəzərə almaq lazımdır:

  1. Məhsulun müştərilər üçün uyğun vaxtlarda onlara çatdırılma imkanı olmalıdır.
  2. Məhsullar müştərilərə onlar üçün rahat yerlərdə təklif olunmalıdır.
  3. Satış kanalları müştərini məhsuldan istifadə etmək imkanları ilə təmin etməlidir.
  4. Satış kanalları müştəri ilə səmərəli şəkildə əlaqə saxlamaq imkanı yaratmalıdır. Bu xüsusilə xidmət sektoru üçün daha vacibdir.

Məhsulun həyat dövrü

Məlumdur ki, hər bir məhsulun müəyyən bir həyat dövrü var. Məhsullar da insanlar kimi yaranır, inkişaf edir və nəhayət, tənəzzülə uğrayaraq bazardan çıxır. Məhsulun həyat dövrünün hər bir mərhələsində tətbiq olunan marketinq yanaşması və strategiyası da müxtəlifdir.

Qiymət siyasəti

Məhsullarının qiymətlərinin düzgün müəyyənləşdirilməsi vacibdir. Məhsulların qiymətinə təsir göstərən əsas amillər daxili və xarici olmaqla 2 yerə bölünür:

  1. Daxili amillər: şirkətin maliyyə məqsədləri, marketinq strategiyası, xərclər, risklər və s.
  2. Xarici amillər: səhmdarlar, müştərilər, rəqiblər vasitəçilər, normativlər.

Qiymət siyasətinin müəyyənləşdirilməsində nəzərə alınmalı məsələlərdən biri də qiymət çevikliyidir. Qiymət dəyişikliklərinə müştərilərin reaksiyası həssasdırsa, deməli, qiymət çevikliyi aşağıdır. Məsələn, əgər qiymətin 10% artırıldığı halda satış həcmi 15% və ya daha artıq azalırsa, demək qiymət çevikliyi aşağıdır.

Xarici bazarlarda qiymət siyasətinin müəyyənləşdirilməsinə təsir edən əsas amillər bunlardır: hədəf bazarında qiymətin rolu; qiymətin hesablanması metodu; yeni məhsullar üzrə qiymət siyasəti; müxtəlif bazarlarda eyni və ya müxtəlif qiymətlər; qiymətin məhsulun həyat dövrünə uyğunlaşdırılması; qiymət üzrə məhdudiyyətlər və s.

Qiymət siyasətini müəyyənləşdirərkən ixracatçı əsas iki yanaşmadan birini seçə bilər:

  • Aktiv qiymət yanaşması.Burada şirkət marketinqin əsas alətlərindən biri olan qiymətdən aktiv alət kimi istifadə etməklə hədəf bazarında qarşısına qoyduğu hədəflərə nail olmağa çalışır. Bu yanaşmada hədəf bazarlarının monitorinqi və bazardakı dəyişikliklərə çevik cavab vermək imkanlarından istifadə edilməli, şirkətin qiymət siyasəti hədəf bazarın tələblərinə uyğunlaşdırılmalıdır.
  • Passiv qiymət yanaşması. Bu yanaşmadan daha çox əsas satış bazarı daxili bazar olan və məhsulunu yalnız ixrac etməklə kifayətlənən şirkətlər istifadə edirlər. Onlar hədəf bazarındakı biznes mühitindən əsasən xəbərsiz olur və xarici bazar üçün qiymətlərin müəyyənləşdirilməsi şirkətin xarici tərəfdaşlarının üzərinə düşür.

Qiymət beynəlxalq icarətin əsas elementlərindən biri olaraq aşağıdakı məsələlərlə birbaşa əlaqədədir: düzgün kəmiyyət (kəmiyyət artdıqca qiymət enir); düzgün müəyyənləşdirilmiş keyfiyyət (hədəf bazarının keyfiyyətə tələbi); düzgün vaxt (hansı hədəf bazarına və nə vaxt girmək daha yaxşıdır); düzgün xərclər və ya düzgün qiymət (qiymətin müəyyənləşdirilməsində xərclərin rolu və seçilən metodologiya);

Qiymətin müəyyənləşdirilməsinə bir sıra amillər təsir edir. Bu amillərin bəzilərinə nəzarət etmək mümkündür və bu amillər daxili amillər adlanır. Nəzarət altında olmayan amillərə isə xarici amillər deyilir.

Daxili amillər:

  • Məhsulun maya dəyəri. Buraya məhsulun istehsalı və qablaşdırılması xərcləri də daxildir (xammal, işçi qüvvəsi, icarə, idarəetmə və inzibati xərclər).
  • Satış və çatdırma xərcləri. Beynəlxalq ticarətdə nəqliyyat və çatdırılma xərcləri mühüm rol oynayır. Malların ixrac edilməsi zamanı bu xərclərin düzgün anlaşılması vacibdir.
  • Malların keyfiyyəti. Unikal və ya nadir məhsullar daha baha qiymətə satıla bilər.
  • Marketinq xərcləri. İnkişaf etmiş bazarlarda mal satmaq üçün bazara irəliləmə xərcləri nəzərə alınmalıdır.
  • Məhsulun tanınması və imici. Reklam və digər məlumatlar məhsulun cəlbediciliyini və tələbatını artıra bilər.

Xarici amillər:

  • Hədəf bazarında qəbul olunmuş qiymətlər. Bəzi hallarda hədəf bazarlarında qiymət mövcud olan analoji məhsulların qiyməti ilə müəyyən olunur.
  • Tələb və təklif. Bu hədəf bazarında məhsula olan tələbatla müəyyənləşdirilir. Məsələn mövsümi xarakter daşıyan meyvə və tərəvəz və s.
  • Rəqabət mühiti. Rəqabət mühitinin sərt olması qiymətlərə təsir edir. Bir çox hallarda ixracatçı bu qiymətlərə uyğunlaşmalıdır.
  • Xarici valyuta məzənnələri. Qiymətlər bəzi hallarda xarici valyutanın məzənnəsinin dəyişməsinə uyğun dəyişir. Qiymətin müəyyənləşməsində bunu nəzərə almaq lazımdır.

Qiymətqoyma üsulları. Xərclərə əsasən qiymətqoyma. Burada məhsulun maya dəyərinin üzərinə istehsalçının əldə etmək istədiyi gəlir marjası əlavə olunur. Bu üsulun əsas zəif cəhəti ondan ibarətdir ki, burada məhsula olan tələbat nəzərə alınmır və satıcının məhsullarını sata bilməməsi ilə nəticələnə bilər. Bu yanaşmanın əsas üsulları aşağıdakılardır:

  • Bütün xərclərə əsasən qiymətqoyma: Bu üsulda bütün dəyişən və sabit xərclər, eləcə də istehsalçının əldə etmək istədiyi xalis gəlir nəzərə alınır.
  • Birbaşa xərclərə əsasən qiymətqoyma. Birbaşa xərclərə əsasən qiymətqoyma xüsusi formula əsasən hesablanır:

BX = XM+BX+DX+İX+İG

Burada: BX – birbaşa xərclər, XM - əsas materiallar (xammal), BX – birbaşa işçi xərcləri, DX – dəyişən istehsal xərcləri, İX – izafi istehsal xərcləri, İG – istehsalçının xalis gəliri.

  • Marjinal xərclərə əsasən qiymətqoyma. Marjinal xərclərə əsasən qiymətqoyma üsulu xüsusi mühasibatlıq üsuludur. Burada marjinal xərclər əlavə dəyişən xərclər əsasında müəyyən olunur. Bu üsulda istehsal olunan məhsulun 1 vahidinin qiyməti ümumi xərclərin dəyişməsinə uyğun olaraq müəyyənləşdirilir.
  • Zərərsizlik nöqtəsinə əsasən qiymətqoyma. Xərclər dəyişən və sabit xərclər kimi təsnifləşdirilə bilər. Dəyişilən xərclər istehsal artdıqca artırlar, sabit xərclər isə istehsalın həcmindən asılı olmayaraq dəyişməz qalırlar. Zərərsiz nöqtə nə mənfəət nə də ki, zərərin olmadığı satış həcmini əks etdirir.

ZN = SX1/(Q1-DX1)

Burada: ZN – zərərsizlik nöqtəsi, SX1 –cəmi sabit xərclər, Q1 – bir ədədin qiyməti, DX1 – bir ədədə dəyişən xərclər.

  • Zərərsizlik nöqtəsinə əsasən qiymətqoyma şirkətə alternativ qiymətlərin cəmindən əldə olunan gəlirlərin nəticələrini müqayisə etmək imkanı verir. Şirkət maksimum gəlirə nail olmaq üçün qiyməti satış həcminə görə müəyyənləşdirə bilər.

Qeyd: Daxili bazarda çəkilən satış xərcləri bütün hallarda qiymətin müəyyən edilməsində nəzərə alınmır.

Bazara əsasən qiymətqoyma. Bazara əsasən qiymətqoymanın iki əsas üsulu vardır: tələbata əsasən qiymətqoyma və rəqabətə əsasən qiymətqoyma.

Tələbata əsasən qiymətqoyma. Bu üsul müştərilərin qəbul etdiyi dəyərin qiymətinə əsaslanır. Burada yüksək qiymət müştəri marağının yüksək olduğunu və aşağı qiymət müştəri marağının aşağı olduğunu göstərir.
Rəqabətə əsasən qiymətqoyma. Bu üsul rəqiblərin davranışlarının dəyişməsinə əsaslanır. Burada ixracatçılar qiymətlərini öz rəqiblərinə əsasən müəyyənləşdirir. Bunun üçün əsas formalar aşağıdakılardır:

Tariflərə uyğun qiymət: burada qiymət bazarın aparıcı şirkətləri tərəfindən müəyyənləşdirilir.

Təklif qiymətləri: şirkətlərin tenderlərdə qalib gəlmək üçün müəyyənləşdirdiyi qiymətlərdir.

Beynəlxalq ticarətdə istifadə olunan əsas qiymət növləri bunlardır:

  • Bazis qiyməti – məhsulun növünün və keyfiyyətinin müəyyən edilməsi üçün istifadə olunur, alıcı və satıcı arasında danışıqlarda müəyyən olunur;
  • Alqı-satqı qiyməti – malların göndərilməsi şərtləri ilə müəyyən olunur (INCOTERM);
  • Dünya qiyməti – məhsulların növündən asılı olaraq müəyyənləşdirilir:

xammal – ixrac və ya idxal ölkələri tərəfindən müəyyənləşdirilən qiymət;

aparıcı dünya şirkətlərinin həmin mallara olan qiymətləri;

birjalarda və ya auksionlara əsasən;

  • Monopoliya qiyməti – bazardakı inhisarçılar tərəfindən müəyyənləşir;
  • Topdan satış qiyməti – böyük kəmiyyətdə satılan malların qiymətlərini əks etdirir, müxtəlif mənbələrdə dərc olunur;
  • Pərakəndə satış qiyməti – kiçik həcmli satışlar üçün müəyyən olunur;

Əsas qiymət strategiyaları:

  • “Qaymaq yığma” strategiyası – əsasən təbii və süni inhisarçılar tərəfindən bu və ya digər məhsulların/xidmətlərin çox yüksək qiymətlər üzərindən təklif olunmasıdır. Şirkət bazardakı tələbatın böyük olduğundan istifadə edərək müəyyən bir müddət ərzində bu strategiyadan istifadə edə bilər.
  • Bazara uyğun qiymət strategiyası - əsasən bazarda artıq analoji məhsullara qiymət səviyyəsi müəyyənləşmiş olduqda və xarici bazarlarda rəqabətədavamlı olmaq üçün istifadə olunur. Bu strategiya şirkətdən istehsal xərcləri haqqında dərin biliklərinin olmasını tələb edir.
  • Bazara girmə strategiyası – mal və xidmətlər üçün müəyyən edilmiş aşağı qiymətlər satış həcminin artması hesabına kompensasiya olunur. Bu strategiya daha çox iri bazarlarda və müştərilərin aşağı qiymətlərə həssas olduqları zaman tətbiq edilir.

Qiymətin müəyyənləşməsinə təsir edən qeyri-qiymət faktorlarını da nəzərə almaq lazımdır. Əsas qeyri-qiymət faktorları bunlardır: keyfiyyət və qiymət arasında əlaqə, satışdan sonrakı servis, satışdan əvvəlki servis, vaxtında çatdırma, iddialar və tələblər, çeşid imkanları, satışın təşviq edilməsi (promotion), əl işləri üçün yüksək qiymətlər və s.

İxrac qiymətlərinin müəyyənləşməsinə müxtəlif amillər də təsir edir. İxrac qiymətlərinin müəyyənləşdirilməsinə təsir edən əsas amillər aşağıdakılardır:

  • Xüsusi qablaşdırma – qablaşdırma ilə bağlı idxal ölkəsinin tələbləri, idxal ölkəsinin ənənələri və ya xüsusi marketinq məqsədləri;
  • Bank xərcləri – ixrac əməliyyatının maliyyələşdirilməsi və ödəmə növündən asılı olaraq bank xərcləri də müxtəlif ola bilər;
  • İxrac ölkəsində daxili daşınma – ölkə daxilində malların daşınma şərtlərindən asılı olaraq müəyyənləşdirilir;
  • Daşınma xərcləri – alıcı ilə satıcı arasında razılaşdırılmış daşınma şərtləri ilə bağlıdır;
  • İxrac gömrük xərcləri – ixrac olunan məhsulların növü, ixrac ölkəsinin gömrük qaydaları və rüsumları ilə müəyyənləşdirilir;
  • Əlavə sənədlər – mal və xidmətlərin bu və ya digər ölkələrə ixracı zamanı idxalçı və ya onun ölkəsi tərəfindən tələb olunan əlavə sənədləri nəzərdə tutur;
  • Satışdan sonrakı xərclər – belə xərclərə misal kimi şirkətin satdığı məhsullara zəmanət verməsini göstərmək olar;
  • Təbliğat/təşviqat (promotion) – ixrac bazarında aktiv siyasət aparan, reklam və təbliğat fəaliyyətinə xərclənən vəsaitləri nəzərdə tutur;
  • Yoxlama xərcləri (inspection) - keyfiyyət sertifikatı, baytarlıq sertifikatı və s.
  • Digər maneələr;

Təbliğat və təşviqat

Marketinqdə təbliğat/təşviqat fəaliyyətinin tərkibinə reklam, ictimai əlaqələr, fərdi satışlar, satışın təşviqi və birbaşa marketinq kimi amillər daxildir.

. Konkret kütləvi informasiya vasitəsində, müəyyən vaxt və yerdə, hədəf auditoriyasına ünvanlanmış təbliğat növü reklam adlanır. Reklam şirkətin məhsullarına, habelə şirkətin imicinə yönəldilə bilər. Reklamın aşağıdakı funksiyaları var:

  • məlumatlandırmaq (məhsulun xüsusiyyətləri, üstünlükləri, istifadəsi barədə);
  • müştəriləri alışa sövq etmək;
  • məhsulun fərqliliyini göstərmək;
  • məhsulun mövqeyini gücləndirmək;

Reklam müştərilərə yönəlmiş bir ismarıcdır. Bu ismarıc müştərilərə kodlaşdırılmış formada və müvafiq reklam vasitələrindən istifadə etməklə ötürülür. Reklamın insanlar tərəfindən düzgün başa düşülməsi və uğurlu olması üçün ismarıcın ssenarisi, mətni və digər amillər məlumatı alacaq hədəf qrupların səviyyəsinə, şəraitinə və imkanlarına uyğun surətdə hazırlanmalıdır.

Reklamın məqsədlərini müəyyən etdikdən sonra hər bir məhsul üçün reklam büdcəsi müəyyənləşdirilməlidir. Reklam büdcəsinin müəyyənləşdirilməsi üçün istifadə olunan əsas metodlar aşağıdakılardır:

  • İmkanlar metodu - təşkilatı qane edən təşviqat büdcəsinin səviyyəsinin müəyyənləşdirilməsi. Bu metod adətən reklama daha çox vəsait sərf etmək imkanı olmayan təşkilatlar üçün əlverişlidir. Əsasən kiçik və orta müəssisələr tərəfindən istifadə olunur.
  • Satışdan faiz metodu – cari və ya proqnozlaşdırılmış satış həcmi və ya qiyməti üzərindən müəyyən faizin ayrılması. Bu metod həmişə effektli olmur. Məsələn əgər satışlar azalırsa və məqsəd bu məhsula olan tələbatı yüksəltməkdirsə, o zaman reklama daha çox vəsait xərcləmək lazımdır. Bu metoddan daha çox məhsulun maya dəyəri asanlıqla hesablana bilən hallarda istifadə etmək əlverişlidir.
  • Rəqabət tarazlığı metodu. Burada büdcə rəqiblərin xərclərinə uyğun müəyyənləşdirilir. Bunun üçün rəqiblərin reklam fəaliyyəti monitorinq edilir və reklama xərclənən vəsaitlərin orta bazar səviyyəsi müəyyənləşdirilir.
  • Məqsəd və vəzifə metodu. Bazar şəraitində ən məntiqli metod bu metoddur. Bu metod üç əsas addımı nəzərdə tutur: 1) spesifik məqsədlərin müəyyənləşdirilməsi; 2) bu məqsədlərə nail olmaq üçün vəzifələrin müəyyənləşdirilməsi; 3) bu vəzifələrin icra edilməsi üçün xərclərin dəyərləndirilməsi və büdcənin hazırlanması.

İctimai Əlaqələr (PR). Şirkət və əhali arasında müsbət münasibəti qurmaq və qorumaq üçün planlı və davamlı fəaliyyət növüdür. Şirkət ictimai rəyə sponsorluq, xeyriyyə işləri və KİV-lərdə təmsil olunma ilə təsir göstərə bilər.

Satışların təşviqi. Məhsul və ya xidmətin satışını və ya alışını həvəsləndirən qısa müddətli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Satışların təşviqi üzrə tədbirlər müştərilərin diqqətini cəlb edir, alış üçün güclü stimul yaradır. Satışların təşviqi qısa müddətdə satışları artıra bilər, lakin uzunmüddətli yanaşmada hər zaman reklam və ya fərdi satış kimi effektli olmur. Pulsuz nümunələr, endirim kuponları, müştəri xərclərinin ödənilməsi, qiymət endirimləri, mükafatlar, yarışlar və s. təşviqat üsullarına aiddir.

Fərdi satışlar. Şirkət nümayəndəsinin məhsulları birbaşa olaraq müştəriyə məsləhət görməsi və satmasıdır. Burada şirkət nümayəndəsi potensial alıcılarla ünsiyyət yaradaraq onları məhsulu almağa və ya müqavilə bağlamağa inandırır.

Birbaşa marketinq. Dərhal cavab almaq məqsədilə hədəf iştirakçılarla birbaşa ünsiyyətin qurulmasıdır. Birbaşa marketinqin effektiv olması üçün “müştəri məlumat bazası”nın yaradılmasından başlamaq lazımdır. Bu bazada həm mövcud, həm də potensial müştərilər haqqında məlumatlar əks olunmalıdır. Birbaşa marketinqin əsas kanalları ənənəvi poçt sistemi, elektron poçt və mobil telefonla əlaqədir.

Beynəlxalq Ticarət

Beynəlxalq ticarətin birbaşa (istehsalçı və alıcı arasında vasitəçisiz razılaşma) və dolayı (vasitəçi ilə) üsulları vardır. Birbaşa ticarət zamanı nisbi maliyyə faydası, vasitəçi xərcləri qənaət edilir və vasitəçinin mümkün qeyri-peşəkar addımları istisna edilir. Dolayı ticarət isə brokerlər, komisyonerlər, konsiqnatorlar və distribyutorlar vasitəsilə həyata keçirilir:

Brokerlər. Adi vasitəçilər olaraq, alıcı ilə satıcını bir araya gətirirlər. Onlar öz adlarından ticarət əməliyyatında iştirak etmirlər.
Komisyonerlər. Satıcının adından çıxış edirlər və alıcıları tapıb onlarla öz adlarından, lakin satıcı və ya alıcı hesabına (kommersiya risklərini daşıyan) razılaşma imzalayırlar. Üçüncü şəxslərin qarşısında komisyonerlər satıcı rolunu oynayır.
Коnsiqnatorlar. İxracatçı malı bazarda satış üçün vasitəçinin (konsiqnatorun) deposuna (anbarına) göndərir. Mal satıldıqca konsiqnator ixracatçıya pulları hissə-hissə ödəyir.
Distribütorlar. Öz adından istifadə edirlər və öz hesablarına işləyirlər. Beynəlxalq ticarətin əsas həcmi distribütorlar vasitəsi ilə həyata keçirilir.

Beynəlxalq müqavilə. Beynəlxalq müqavilə mal və xidmətlərin təchizatı üçün müxtəlif ölkələrdə yerləşən iki, yaxud daha çox tərəf arasında razılaşmadır. Vyana konvensiyası dünya bazarında alqı-satqı müqavilələri üçün hüquqi əsasdır. Beynəlxalq ticarətdə adətən “nümunəvi” müqavilələr tətbiq olunur. Nümunəvi müqavilə konkret sazişlə əlaqəli bir sıra sadələşmiş şərtlərin əks olunduğu müqavilə növüdür. Nümunəvi müqavilə danışıqların və müqavilənin əsasını təşkil edir. Müqavilənin bəzi bəndləri sözsüz qəbul edilə bilər və ya dəyişdirilə bilər.Müqavilə şərtləri əhəmiyyətli, adi və təsadüfi olaraq fərqləndirilir:

  • Alqı-satqı müqavilələrində əhəmiyyətli şərt qiymətin göstərilməsidir.
  • Əgər müqavilədə xüsusi qeyd yoxdursa, o halda hüquq normaları tətbiq olunur. Məsələn, əgər müqavilədə avansın ödənilməsi barədə qeyd yoxdursa, alıcı malı alan zaman hesablaşa bilər.
  • Təsədüfi şərtlər tərəflərin tələblərinə uyğun daxil edilən şərtlərdir. Bu zaman həmin şərtlər qanuna zidd olmalı deyil. Bu şərtlərin yerinə yetirilməsi mütləqdir.

Nümunəvi alqı-satqı müqaviləsinin strukturu

Giriş. Adı, nömrəsi, tarix, yer və imza edən tərəflər (şirkətin adı, hüquqi statusu, yerləşdiyi ünvan).

Diqqət! Müqavilənin imzalanma yeri o cəhətdən əhəmiyyətlidir ki, müqavilədə hansısa məqam nəzərə alınmayıbsa, mübahisə zamanı həmin ölkənin qanunlarına uyğun olaraq həll edilsin.

Müqavilənin predmeti. Alqı-satqı predmeti olan malın dəqiq təsviri verilir. Müqavilənin predmetindən asılı olaraq müxtəlif növ müqavilələr mövcuddur: alqı-satqı, sığortalama, yük daşıma və s.Miqdar. Ölçü vahidi göstərilir və malın miqdarının müəyyənləşdirilməsinin ardıcıllığı təyin olunur (dəqiq və ya təxmini miqdar). Təxmini miqdar o hallarda göstərilir ki, göndərilən malın miqdarı dəyişilə bilər. Məsələn, şəkər tozu rütubətə dözümlü deyil və rütubətli şəraitdə çəkisi arta bilər. Bu hallarda mümkün dəyişikliklər faizlə göstərilir. Müqavilədə, həmçinin əlavə malın əldə edilməsinin mümkünlüyü (sifariş etmə forması və əlavə malın həcmi) qeyd olunur.

Keyfiyyət. Malın təyinatı üzrə istifadə edilməsinin yararlığının müəyyənləşdirilməsi üçün xüsusiyyətləri dəqiqləşdirilir. Keyfiyyət aşağıdakı amillər üzrə müəyyənləşdirilir:

- Standart üzrə (milli istehsalçılar birlikləri tərəfindən müəyyən edilmiş, iri şirkətlərin standartları və s.). Müqavilədə standartın tarixi və nömrəsinə istinad edilir və standartın yaradıcı təşkilatı göstərilir.

- Texniki tələblərə görə (standartlar olmadıqda). Müqavilədə və ya əlavədə malın dəqiq xüsusiyyətləri göstərilir, materiallar təsvir olunur, onun yoxlanmasının qaydaları dəqiqləşdirilir.

- Spesifikasiya üzrə. Bütün texniki parametrlər detalları ilə göstərilir.

- Nümunə üzrə. Nümunələrin sayı və onların mal ilə müqayisə qaydaları göstərilir. Adətən nümunənin biri alıcıda, digərləri isə satıcıda və neytral tərəfdə olur. Malın axırıncı partiyası gələndən sonra nümunələrin saxlanma müddəti də nümunə üzrə göstərilir.

- “Qabaqcadan baxma” üsulu. Bu prinsip əksər hallarda hərracda malın satışı zamanı istifadə olunur.

Malın çatdırılma (MÇ) müddəti və tarixi. Malın satıcı tərəfindən alıcının ixtiyarına verilməsi məqamı göstərilir. MÇ müddətinin təyin olunmasının müxtəlif növləri vardır:

- Dərhal (2 həftə ərzində istənilən gündə).

- MÇ-nin konkret tarixinin müəyyən edilməsi.

- Müəyyən müddətdə (ay, rüb). Adətən “ərzində” və ya “gec olmadan” ifadələri əlavə olunur.

- Bəzi hallarda MÇ müddəti dəqiq göstərilmir. Bu zaman “hazır olduqda”, “naviqasiya açıldıqda” və ya “lazımi miqdar yığıldıqda” kimi şərtlər razılaşdırılır.

- Malın müddətdən əvvəl çatdırılması şərtləri əlavə razılaşdırılır.

Malın çatdırılma tarixi çatdırılma növlərindən asılıdır və alqı-satqı predmetinə olan sahiblik hüququnun keçməsini təsdiq edən sənədin tarixi ilə müəyyənləşdirilir. Məsələn, daşımalar ilə məşğul olan şirkətin verdiyi sənədin, anbar şəhadətnaməsinin, qəbul aktının tarixləri və s.

Qiymət və müqavilənin ümumi məbləği.Müqavilə qiymətinə satıcı tərəfindən təyin olunmuş təməl şərtlər və bütün mal üçün pul vahidlərinin sayı daxildir. Təməl qiymətlər malın çatdırılması, sığortası, saxlanılması və s. kimi amillərin daxil edilib-edilməməsi əsasında müəyyənləşdirilir. Qiymət tənzimlənməsinin aşağıdakı üsulları var:

- Sərt. Müqavilə müddətində dəyişə bilməz (adətən təchizatın qısa müddəti üçün).

- Sonradan tənzimlənmə. Müqavilədə yalnız tənzimlənmə vaxtı göstərilir.

- Dəyişkən. Əgər əməliyyatın icrası ərəfəsində bazarda malın qiymətləri artar, yaxud azalarsa, müqavilədəki qiymətlər ona uyğun dəyişir. Adətən müqavilədə bazar qiymətlərindən kənarlaşma qeyd edilir (2-6%) və bu çərçivədə bazarda qiymət dəyişərsə, müqavilədə qiymətə yenidən baxılmır.

- Sürüşən. Qəliz avadanlıqların satışı zamanı tətbiq olunur və istehsal zamanı malın maya dəyərindəki dəyişikliklərlə tənzimlənir.

Ödəmə. Ödəmənin nəğd ödəmə, avans və tam ödəniş üsulları vardır. Satıcı üçün ən əlverişli üsul nəğd hesablaşmadır. Avansla ödəniş zamanı satıcının istehsalı qismən kreditləşir və eyni zamanda onun maliyyə riskləri azalır. Bank köçürmələri, akkredetiv, inkasso ödəmənin növləridir. Son illər beynəlxalq ticarətdə qəbul olunmuş üsul akkredetivdir. Akkredetivlərin çox saylı növləri mövcuddur: qaytarılan və qaytarılmayan, təsdiqlənmiş və təsdiqlənməmiş, keçid, təminatlı və təminatsız olmayan, revolyer və s.

Qablaşdırma və markalama. Üst və alt qablaşdırılmasının tələbləri izah olunur. Qabların alıcının sahibliyinə keçib-keçməməsi, onun qiymətinin ümumi məbləğə daxil edilib-edilməməsi və s. göstərilir. Satıcının yükün fiziki bütövlüyünü təmin etməsi qablaşdırmaya aid ümumi tələbdir. Xüsusi tələblər alıcı tərəfindən müəyyənləşdirilir.

Markalama müqavilənin nömrəsini, çəki və ölçülər barədə məlumatları, “yer”in nömrəsi və ümumi sayını, daşınmalarla məşğul olan şirkətlərə göstərişləri və mal ilə ehtiyyatsız davranış nəticəsində yarana biləcək mümkün təhlükələr barədə xəbərdarlıqları özündə əks etdirir.

Reklamasiya (narazılıq). Reklamasiya təqdim edilməsinin qaydaları və müddətləri, həll edilməsi yolları göstərilir.

Zəmanətlər. Zəmanətlərin həcmi, onların müddətləri və zəmanətlərin qüvvədə olmadığı hal və şəraitlər əks olunur. Əksər müqavilələrdə keyfiyyət təminatı maddələri daxil edilir. Alıcı müəyyən təminat dövründə keyfiyyətlə bağlı öz iddialarını irəli sürə bilərlər. Keyfiyyətsiz malın təchizatına görə sanksiyalar müəyyənləşdirilə bilər.

Cərimə sanksiyaları və itirilmiş gəlirin (itkilərin) ödənilməsi. Maksimal cərimələr adətən vaxtında çatdırılmamış malın qiymətinin 8-10%-ni təşkil edir. Müqavilədə cərimə sanksiyalarının qeyd edilməsi, itirilmiş gəlirin və ya itkilərin ödənilməsi barədə iddiaların irəli sürülməsinə maneə törətmir. Adətən cərimələr təchizatın ləngiməsi ilə bağlı böyüyür. Ödəniş ləngiməsi ilə bağlı da cərimələr nəzərdə tutulur.

Diqqət! Eyni zamanda müqavilənin şərtləri pozulanda tərəflər ya bəzi itkilərlə rastaşırlar, ya da gözlənilən gəlirdən məhrum olurlar və bununla əlaqədar gələcəkdə məhkəməyə müraciət edirlər. Bu səbəbdən adətən ixracatçılar dolayı itkilərin ödənilməməsini göstərən maddəni müqaviləyə daxil etməyə çalışırlar.

Sığortalama. Müqavilədə sığortanın predmeti, risklərin siyahısı və malın kimin xeyrinə sığortalandığı göstərilməlidir. Adətən bu bənd INCOTERMS-də qeyd olunan malın çatdırılma şərtləri ilə uyğunlaşdırılır.

Diqqət! Əgər alıcı tərəfindən xüsusi tələblər irəli sürülmürsə, satıcı malı minimal məbləğdə sığortalamağa çalışır. Bu isə yalnız təbii fəlakətləri nəzərdə tutur.

Diqqət! Sığorta müqaviləsi imzalanarkən sığorta şirkətinin atılacaq addımlarla bağlı tələbləri ilə tanış olmaq lazımdır. Eyni zamanda malı göndərərkən nəqliyyat şirkətinə bu məlumatlar mütləq çatdırılmalıdır.

Fors-major. Bu bənd müqavilənin icra olunma müddətinin uzadılması və ya tam dayandırılması (tərəflərin öz öhdəliklərindən azad edilməsi) hallarını nəzərdə tutur.

Diqqət! Fors-major halları mütləq neytral təşkilat tərəfindən qeydə alınmalı və təsdiq edilməlidir.

Arbitraj. Tərəflər arasında yarana biləcək mümkün mübahisələrin həll edilməsi müddətləri və qaydaları, arbitrajın seçilməsi və təyin edilməsi qaydası, arbitraj xərclərinin məbləği, kim tərəfindən və hansı qaydada ödənilməsi və qərarların hansı müddətdə müəyyələşdirilməsi göstərilir. Tərəflər mübahisələrin hansı ölkənin arbitraj məhkəməsində baxılacağına aydınlıq gətirirlər. Adətən arbitraj məhkəməsinin qərarları digər instansiyalarda təkrar baxışa çıxarılmır.

Beynəlxalq ticarətin maliyyələşdirilməsi və risklər

Beynəlxalq ticarət biznesin çətin sahələrindən hesab edilir. Bu sahə ilə məşğul olan iş adamları və onları maliyyələşdirən təşkilatlar, müəssisə və şirkətlər öz fəaliyyətləri zamanı hansı risklərlə qarşılaşa biləcəklərini yaxşı anlamalıdırlar. Şərti olaraq istehsal şirkətinin biznes fəaliyyətini aşağıdakı əsas mərhələlərə bölmək olar: nağd vəsait, xammal və materialların əldə edilməsi, istehsal, tələbat (satış) və satışdan ödəmələrin toplanması.

Əgər biznes mərhələlərinə nəzər salsaq görərik ki, istehsalçı müəssisələrin iki mərhələdə beynəlxalq ticarətlə məşğul olmaq ehtimalı var. Birincisi, istehsalçı istehsalında istifadə etdiyi xammal və materialları xarici ölkələrdən idxal edərsə; ikincisi, istehsalçı öz məhsullarını xaricə ixrac edərsə.

Ümumiyyətlə idxal-ixrac əməliyyatları ilə ticarət şirkətləri, idxalçı şirkətlər, xarici təşkilatların filial və nümayəndəlikləri və s. təşkilatlar da məşğul olurlar. Beynəlxalq ticarət həm satıcı, həm də alıcı üçün problemlər yaradır, lakin satıcının riskləri daha çox olur. Belə ki, satıcı, yalnız alıcının maliyyə vəziyyətini deyil, eyni zamanda alıcının ölkəsinin risklərini, alqı-satqı əməliyyatına cəlb olunmuş digər tərəflərin (banklar və ya sığorta şirkətləri) də risklərini nəzərə almalıdır.

Beynəlxalq ticarətdə risklər aşağıdakı əlavə faktorlara görə artır:

  • Qanunlar, gömrük və ənənələr. İdxalçı və ixracatçı beynəlxalq ticarətin iştirakçıları olduqda, onlar müxtəlif ölkələrin qanunları, gömrük proseduraları və hətta dil problemləri ilə qarşılaşırlar.
  • Ölkələr arasında məsafə və ləngimələr. Beynəlxalq ticarətdə bağlanan müqavilələr çox vaxt yerli müqavilələrə nisbətən daha böyük məbləğdə bağlanır. Alıcının və satıcının ölkələri arasında olan məsafələrə görə malın göndərilməsi üçün daha çox zaman tələb olunur ki, bu da malın korlanması və ya xarab olması riskini, beləliklə də malın pulunun ödənilməməsi riskini artırır.
  • Dövlət qanunları. İdxalçı və ixracatçı işlədikləri dövlətlərin qanunlarına görə müxtəlif problemlərlə qarşılaşa bilərlər: mərkəzi bankların valyuta nəzarəti qaydaları, idxal kvotaları, ticarət embarqoları və qara siyahılar, idxal gömrük rüsumları və s.
  • Valyuta riskləri. Beynəlxalq ticarətdə satıcı çox vaxt malını xarici valyutayla satmalı olur. Əgər müqavilədə göstərilmiş valyutanın qiyməti malın satıldığı və ödənişin alındığı müddətdə aşağı düşərsə, bu zaman satıcı ticarət əməliyyatından əldə edəcəyi gəlirin bir hissəsini və ya hamısını itirə bilər.
  • Ödəmə riski. Beynəlxalq ticarət müxtəlif ölkələrdə yerləşən iki subyekt arasında baş verir və bəzən onlar bir-biri ilə tanış olmayan şirkətlər olur. Belə hallarda heç bir tərəf risk etmək istəmir. Satıcı pulunu, alıcı isə malları öncədən almaq istəyir.
  • Ölkə riski. Bəzən satıcı xaricə satdığı mallar/xidmətlər üçün vəsaitlərini alıcının ölkəsindəki valyuta tənzimləmə rejiminə və ya dövlət tərəfindən tətbiq olunan digər məhdudiyyətlərə görə ala bilmir.

Valyuta riskinin sığortalanması metodları və alətləri. Şirkətlər beynəlxalq ticarətlə məşğul olduqda hər zaman xarici valyuta ilə işləməyə məcbur olurlar. Xarici valyuta ilə yerli valyutanın zaman ərzində məzənnələrinin dəyişdiyini nəzərə alsaq, şirkətlərin belə hallarda valyuta riski ilə qarşılaşdığını söyləmək mümkündür. Şirkətlər hər zaman valyuta riskini azaltmaq və ya aradan qaldırmaq üçün vasitələr axtarırlar. Aşağıda valyuta riskinin sığortalanması üçün istifadə olunan bəzi metod və maliyyə alətləri haqqında daha ətraflı məlumat verilmişdir:

  • İdxalçının maliyyələşdirilməsi. Bəzən idxalçı şirkətlər mal və xidmətlərin alınması üçün bank kreditlərindən istifadə edirlər. Beynəlxalq ticarətlə məşğul olan şirkətlər belə bir suala cavab verməli olurlar: Bankdan krediti hansı valyutada götürmək daha əlverişlidir? Əgər söhbət valyuta risklərinin sığortalanmasından gedirsə, burada ekspertlər idxalçı üçün yerli valyutada maliyyələşmənin daha əlverişli olduğunu deyirlər. Belə ki, idxalçı gətirdiyi malları ölkə daxilində yerli valyutayla satacaqdır. Bu halda idxalçı öz valyuta riskini aradan qaldırmış olur. Əgər idxalçı, əksinə, xarici valyutada kredit alsa, ölkə daxilində malları yerli valyutada satdığına görə hər zaman gəlirləri yerli valyutada olacaq və o kredit müddəti bitənə qədər valyuta riski ilə qarşılaşacaqdır. Doğrudur, əgər kredit müddəti bitənə qədər yerli valyuta möhkəmlənərsə, idxalçının gəlirləri daha artıq ola bilər. Lakin nəzərə almaq lazımdır ki, idxalçı şirkətlər valyuta məzənnələrinin dəyişməsindən deyil, idxal əməliyyatlarından gəlir götürməyi planlaşdırırlar. Bundan başqa, bu və ya digər valyutaların məzənnələrinin gələcəkdə necə dəyişəcəyini proqnozlaşdırmaq, demək olar ki, mümkün deyil.
  • İxrac əməliyyatlarının maliyyələşdirilməsi. Mal və xidmətlər ixrac edən şirkətlər də bəzən öz biznes dövriyyəsini gücləndirmək və ixracı maliyyələşdirmək üçün bankdan kredit almaq məcburiyyətində qalırlar. Bu halda yenə mal ixrac edən şirkət eyni sualla qarşılaşır. Əgər şirkət ixrac etdiyi malların ödənişini xarici valyutada və müəyyən bir müddətdən sonra alacaqdırsa, bu müddət ərzində həmin valyutanın yerli valyutaya olan nisbəti böyük ehtimalla dəyişəcəkdir. Lakin şirkət bu dəyişmədən gəlir əldə edəcəyini və ya ziyana uğrayacağını qabaqcadan müəyyənləşdirə bilməz. Ona görə də ekspertlər hesab edirlər ki, mallarını ixrac edərək vəsaitlərini müəyyən bir müddətdən sonra alan şirkət öz valyuta risklərini aradan qaldırmaq üçün öz bankından krediti məhz xarici tərəfdaşından alacağı xarici valyutada almalıdır.
  • Forvard Valyuta Müqaviləsi (Currency Forward Contract). Beynəlxalq ticarətlə məşğul olan şirkətlər bəzən gələcək zamanda alacaqları və ya ödəyəcəkləri valyutanı hansı qiymətdən alıb-satacaqlarını əvvəlcədən müəyyənləşdirmək istəyirlər. Məsələn, hesab edək ki, mallarını ixrac edən şirkətin artıq banka yerli valyutada kredit borcu var. Eyni zamanda şirkət xarici tərəfdaşından 3 aydan sonra 100 000 ABŞ dolları məbləğində vəsait alacaqdır. Lakin bu müddət ərzində yerli valyutanın ABŞ dollarına qarşı məzənnəsinin necə dəyişəcəyi məlum deyildir. Belə hallarda banklar öz müştərilərinə xarici valyutanın qabaqcadan müəyyən edilmiş qiymət üzərindən alınması ilə bağlı təklif verirlər. Belə təklif forvard valyuta müqaviləsi adlanır. Belə müqavilələrin şərtləri hər iki tərəf üçün məcburidir. Yəni gələcəkdə xarici valyutanın məzənnəsinin necə dəyişməsindən asılı olmayaraq, hər iki tərəf razılaşdığı qiymət üzərindən bu əməliyyatı həyata keçirməli və ya qarşı tərəfin ziyanını ödəməlidir.
  • Valyuta Opsionu (Currency Option). Valyuta opsionu Forvard valyuta müqaviləsinin təkrarıdır. Lakin burada belə müqaviləni alan tərəf (yəni bankın müştərisi) müqavilənin şərtlərini yerinə yetirməyə məcbur deyil. Burada bankın müştərisi xarici valyutanı gələcəkdə müəyyən bir zamanda qabaqcadan razılaşdırılmış qiymət üzərindən alıb-satmaq hüququnu əldə edir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində Forvard və Opsion haqqında maddələrin olmasına baxmayaraq, bu maliyyə alətləri ölkəmizdə, demək olar ki, istifadə olunmur. Onu da qeyd etmək lazımdır ki, beynəlxalq ticarətlə məşğul olan iş adamları öz fəaliyyətləri zamanı valyuta riskini sığortalamadıqlarına görə bir çox hallarda itkilərə məruz qalmaqda davam edirlər.

Beynəlxalq ticarətdə istifadə olunan sənədlər

Beynəlxalq ticarətdə istifadə olunan sənədlər adətən alıcıya birbaşa deyil, nəqliyyat şirkətlərinin vasitəsi ilə göndərilir. İdxalçı malları yalnız ona məxsusluğunu təsdiq edən sənədlər əsasında ala bilər. Beynəlxalq ticarətdə istifadə olunan sənədlər müxtəlif və bəzən də mürəkkəb olur. Ona görə də beynəlxalq ticarətlə məşğul olan iş adamı bu sənədləri yaxşı bilməli və onların qaydasında olmasına diqqət yetirməlidir. Bu sənədləri 3 qrupa ayırmaq mümkündür: nəqliyyat sənədləri, sığorta sənədləri, ticarət və gömrük sənədləri.

Nəqliyyat sənədləri (Transport Documents)

  • Nəqliyyat qaiməsi (Way bill) ən vacib nəqliyyat sənədi hesab edilir. Bu sənəd həm də malların daşınması hüququnu verən sənəddir. Adətən bu sənədin 3 əsli tərtib olunur və malın ölkədən çıxarılması üçün onun əsli tələb olunur.
  • Hava yol qaiməsi (Airway Bill) malların hava yolu ilə daşınması zamanı avia şirkətlər tərəfindən istifadə olunur. Bu sənəd mallara mülkiyyət hüququ vermədiyi üçün malların göndərilməsi zamanı nəqliyyat sənədi ilə birlikdə tərtib olunur.
  • Konosament (Bill of Lading) malların su yolu ilə daşınması zamanı istifadə olunur. Konosament mallara mülkiyyət hüququnu təsdiq edən sənəd hesab olunur. Bu sənəddə daşıyıcı şirkətin adı, sənədin verilmə tarixi, malların təsviri, gəminin adı, malların göndərilmə və təyinat limanları və s. öz əksini tapmalıdır. Konosamentin müxtəlif növləri vardır.
  • Dəmiryol qaiməsi (Railway Bill) malların dəmiryolu vasitəsi ilə göndərilməsi zamanı istifadə olunur. Bu sənəddə mal göndərənin və idxalçının adı, malların təsviri və digər məlumatlar öz əksini tapır.

Beynəlxalq ticarətdə malların göndərilmə vasitələrindən asılı olaraq poçt qəbzi və s. kimi sənədlərdən də istifadə olunur.

Sığorta sənədləri (Insurance Documents)

  • Sığorta sertifikatı (Insurance Certificate) malların bir nəqliyyat vasitəsi ilə daşınması zamanı sığortanın şərtlərini ifadə edir. Bu şərtlər adətən sığortalanmış riskləri, sığortanın məbləğini, sığorta müddətini və s. kimi məqamları əks etdirir. Sığorta məbləği malların hesab faktura dəyərinin ən azı 110%-i dəyərində olmalıdır.
  • Sığorta polisi (Insurance Policy) adətən malların mütəmadi qaydada göndərilməsi zamanı verilir. Sığorta polisi razılaşdırılmış müddətdə və şərtlərlə olan bütün riskləri sığortalayır. Bundan başqa hər bir yeni mal göndərilməsi zamanı bu mallara aid bütün məlumatlar əks olunmaqla mövcud olan polisə uyğun yeni sığorta sertifikatı hazırlanır.

Ticarət və gömrük sənədləri

  • Ticarət hesab fakturası (Commercial Invoice). Bu sənəd ən vacib ixrac sənədi hesab edilir. Ticarət hesab fakturası özündə bu məlumatları əks etdirir: mal göndərənin və idxalçının adı və ünvanı, malların təsviri, malların keyfiyyəti, malların kəmiyyəti, idxalçı tərəfindən ödəniləcək məbləğ, malların göndərilmə şərtləri (INCOTERM), malların daşınması ilə bağlı məlumatlar və mal göndərənin imzası.
  • Mənşə sertifikatı (Certificate of origin) malların istehsal edildiyi ölkə və ya ölkələri bildirən bir sənəddir. Bu sənədi adətən istehsalçı ölkənin Ticarət Palatası və ya digər beynəlxalq müstəqil təşkilat təsdiqləyir.
  • Kəmiyyət və keyfiyyət sertifikatı (Quality and Quantity Certificates) adətən bir-birini yaxşı tanımayan tərəflərin ticarət əməliyyatı zamanı və ya bir sıra şirkətlərin ticarət siyasətinə əsasən tələb oluna bilər. Bu sənəd əsasən idxalçı tərəfindən tələb olunur və onu, alacağı malların keyfiyyətinin və kəmiyyətinin mal göndərən ilə razılaşdığı şərtlərə uyğun olmamasından sığortalayır.

Beynəlxalq ticarətdə ödəmə üsulları

Beynəlxalq ticarətdə əsas ödəmə üsullarını aşağıdakı kimi ümumiləşdirmək olar:

  • Qabaqcadan ödənişlər – bu halda idxalçı alacağı malların pulunu qabaqcadan satıcının hesabına ödəyir. Bu ödəmə vasitəsi mallarını ixrac edən tərəf üçün ideal haldır. Belə ki, bu halda o ödəmə ilə bağlı demək olar risk etmir. Əgər ödəniş olunmursa, o da mallarını göndərmir.
  • Açıq hesab – mal göndərən malları ilə birlikdə idxalçıya hesab faktura göndərir və idxalçı müqavilədə razılaşdırılmış müddət ərzində pulunu satıcıya ödəyir. Bu ödəniş üsulu mallarını satan şirkət üçün böyük riskdir və adətən bu üsuldan yalnız idxalçını yaxşı tanıyan satıcılar istifadə edirlər.
  • Beynəlxalq Çek (International Cheque) – çekdə göstərilən məbləğin banka ödənilməsi haqqında onu verən hesab sahibinin yazılı tapşırığıdır. Çek əsasında ödənişlər həm nağd formada, həm də hesabdan hesaba üsulu ilə ödənilə bilər. Çeklər adlı və təqdim edənə olmaqla iki növə bölünür. Adından da göründüyü kimi, adlı çeklərdə pulu alacaq şəxsin və ya təşkilatın (mal satanın) adı tam olaraq göstərilir və pulu almaq üçün satıcı və ya onun nümayəndəsi müvafiq sənədlər təqdim etməlidir. Ona görə də beynəlxalq ticarətdə əsasən adsız çeklərdən istifadə olunur. Bu halda çek vasitəsi ilə ödəniş alan tərəf çekdən pulları öz bankı vasitəsi ilə inkasso edə bilər.
  • Veksel (Promissory note) – onu verənin (tərtib edənin) onun sahibinə vekseldə göstərilən məbləği müəyyən tarixdə şərtsiz ödəmək haqqında öhdəliyidir. Beynəlxalq ticarətin maliyyələşməsində veksellərdən satıcının satdığı malların pulunu gələcəkdə müəyyən bir tarixdə alacağını idxalçı ilə razılaşdırdığı halda istifadə olunur. Başqa sözlə veksel idxalçının mal göndərənə borcunu ifadə və təsdiq edən sənəddir. Satıcı sonradan bu vekseli banklara və digər maliyyə qurumlarına sata və ya ondan girov kimi istifadə edə bilər. Lakin bunun üçün vekseli verən təşkilatın tanınmış və ödəmə qabiliyyətli olması vacibdir. Əks halda veksel yalnız borcu ifadə edən sənəd olaraq beynəlxalq məhkəmə, arbitraj və s. bu kimi qurumlarda istifadə oluna bilər. Beynəlxalq vekselin əsas xüsusiyyətləri bunlardır: vekseldə göstərilən borc heç bir ticarət əməliyyatı ilə əlaqələndirilməməli və öhdəliyin şərtsiz olduğu ifadə edilməlidir; veksel hər zaman ödəmə öhdəliyidir və mallar/xidmətlər ilə ifadə edilməməlidir; veksel yalnız yazılı formada olan sənəddir, yəni onun nağdsız forması olmur. Veksel üzrə vəsait alacaq tərəf özünün bu haqqını üçüncü tərəfə də ötürə bilər. Bu halda vekselin arxasında (və ya əlavə vərəqdə) xüsusi qeyd aparılır. Buna indossament deyilir. Vekselin müxtəlif növləri vardır. Bunlardan beynəlxalq ticarətdə istifadə olunan aşağıdakı əsas növləri misal göstərmək olar: sadə veksel, ötürülən veksel, əmtəə vekseli, maliyyə vekseli və s.

İnkasso (Collection). İnkasso elə bir hesablaşma növüdür ki, burada satıcı öz bankına satdığı mallar və göstərdiyi xidmətlər müqabilində xaricdə olan alıcıdan pullarının alınması məqsədilə tapşırıq (inkasso tapşırığı) verir. Burada mal göndərən öz bankına onun xaricdəki pulunun alınmasında inkasso edən nümayəndə kimi çıxış etməsi üçün müraciət edir. İnkasso, Beynəlxalq Ticarət Palatası tərəfindən təsdiq edilmiş «İnkasso haqqında ümumi qaydalarla» tənzimlənir. İnkassolar sənədli və təmiz inkasso olmaqla iki növə bölünürlər:

  • Təmiz inkasso heç bir mallara və xidmətlərə aid olmayıb, yalnız veksel, çek və s. kimi maliyyə alətləri ilə bağlıdır. Burada satıcı bankına hər hansı maliyyə aləti əsasında onun xaricdəki pulunun alınmasında inkasso edən nümayəndə kimi çıxış etməsi üçün müraciət edir. Bu halda alıcı ilə satıcının arasında bağlanmış müqavilə və ya malların göndərilməsi ilə bağlı hər hansı bir sənəd tələb olunmur.
  • Sənədli inkasso zamanı satıcı satdığı mallar qarşılığında pulunun alınması üçün öz bankına inkasso edən nümayəndə kimi çıxış etməsi üçün müraciət edir və ödəmə tələbnaməsi verir. Ödəmə tələbnaməsi göndərilən mallara aid sənədlərlə müşaiət olunur.

Sənədli inkassonun əsas iki ödəmə şəkli vardır: 1) ödəmə qarşılığında sənədlər (documents against payment); 2) aksept qarşılığında sənədlər - möhlətli ödəniş (documents against acceptance). İkinci halda inkasso tələbnaməsi, malların göndərilməsi ilə bağlı olan sənədlərlə yanaşı, idxalçının borcunu ifadə edən maliyyə sənədləri də təqdim olunmalıdır.

Sənədli Akkreditiv (Letter of Credit). Sənədli akkreditiv onun benefisiarına (akkreditiv alana, yəni mal satana) akkreditivdə göstərilən şərtlərin yerinə yetirilməsindən sonra ödəniş haqqında yazılı bank zəmanətidir. Sənədli akkreditiv, alqı-satqı haqqında müqavilələrdən və ya əsaslandıqları digər sənədlərdən asılı olmayan ayrıca bir bank əməliyyatıdır. Akkreditiv əməliyyatlarının əsas mərhələləri aşağıdakılardır:

  1. Alıcı və satıcı malların müəyyən edilmiş şərtlərlə alınması haqqında razılığa gələrək müqavilə imzalayırlar. Bu müqavilədə ödənişin akkreditiv vasitəsi ilə həyata keçirilməsi mütləq göstərilməlidir.
  2. Alıcı akkreditivin açılması üçün öz bankına müraciət edir, akkreditiv üçün ərizə formasını müqavilənin şərtlərinə uyğun olaraq doldurur və təqdim olunacaq sənədlərin siyahısını göstərir.
  3. Alıcının bankı akkreditiv ərizəsi əsasında xüsusi şifrə ilə təmin edilmiş akkreditiv məktubunu alıcının ərizəsi əsasında doldurur və SWIFT sistemi və ya teleks sistemi vasitəsi ilə satıcının bankına göndərir.
  4. Satıcının bankı akkreditiv məktubu haqqında satıcıya yazılı məlumat verir.
  5. Satıcı akkreditivin şərtlərinin alıcı ilə bağladığı müqavilənin şərtlərinə uyğun olduğundan əmin olduqdan və banka akkreditivi qəbul etdiyi haqqında yazılı məlumat verdikdən sonra mallarını alıcıya göndərir.
  6. Satıcı malların göndərilməsinə aid lazım olan sənədləri toplayaraq öz bankına təqdim edir.
  7. Satıcının bankı sənədlərin akkreditivin şərtlərinə uyğunluğunu yoxladıqdan sonra onları alıcının bankına göndərir.
  8. Alıcının bankı sənədlərin akkreditiv şərtlərinə uyğunluğunu yoxlayır. Əgər sənədlər bu şərtlərə cavab verirsə, akkreditiv üzrə vəsaitləri satıcıya ödəyir, sənədləri isə alıcıya təqdim edir.

Öz mənşəyinə görə akkreditivlər bir neçə növə bölünür və bunlar Beynəlxalq Ticarət Palatasının təsdiq etdiyi «Sənədli akkreditivlərin tətbiqi və ümumi qaydaları» (UCP-600) ilə tənzimlənir:

  • Geri çağırıla bilməyən sənədli akkreditiv (Irrevocable Letter of Credit). Müddəti bitənə qədər mal alan tərəfindən geri çağırıla bilməyən akkreditivdir. Yeni UCP-600 qaydalarına əsasən bütün akkreditivlər geri çağırıla bilməyən hesab edilirlər.
  • Təsdiq edilmiş sənədli akkreditiv (Confirmed Letter of Credit). Akkreditivi açan bankın zəmanətinə əlavə olaraq, satıcının bankının və ya digər bir bankın öz təsdiqini verməsi halında akkreditiv təsdiq edilmiş akkreditiv adlanır.
  • Təsdiq edilməmiş sənədli akkreditiv (Unconfirmed Letter of Credit). Bu halda akkreditivin ödənilməsinə görə yalnız akkreditivi açan bank məsuliyyət daşıyır.
  • Revolver (bölünə bilən) sənədli akkreditiv (Revolving Letter of Credit). Bu akkreditiv bərabər hissələrə bölünərək, əlavə düzəliş olmadan bir neçə dəfə təkrarlana bilər.
  • Qarşılıqlı sənədli akkreditiv (Back to back Letter of Credit). Alınmış hər hansı bir akkreditivi təminat kimi qəbul edərək bank tərəfindən açılan ikinci akkreditivə qarşılıqlı akkreditiv deyilir.
  • Transferabel (üçüncü tərəfə ötürülə bilən) (Transferable Letter of Credit). Bu növ akkreditiv, satıcıya qəbul etdiyi akkreditivin bir və ya bir neçə hissəsini digər satıcılara yönəltmək imkanı verir.
  • Qırmızı şərtli akkreditiv (Red Clause Letter of Credit). Satıcıya mal göndərmək üçün qəbul etdiyi akkreditivin bir hissəsindən qabaqcadan istifadə etmək hüququ verir.
  • «Stand by» tipli akkreditiv (Standby Letter of Credit). Bu tipli akkreditiv ya açılmış digər bir akkreditivi sığortalamaq üçün və ya «açıq hesabla» ödənişin sığortalanması üçün istifadə edilir. Bu akkreditivi alan tərəf ödənişi yalnız qarşı tərəfin öhdəliklərini yerinə yetirmədiyi təqdirdə tələb edə bilər.

Bank zəmanətləri. Beynəlxalq bank zəmanəti (International Bank Guarantee) bankın xaricdə olan tərəf qarşısında, onun yazılı tələbinə əsasən və ya zəmanət məktubunda göstərilən sənədlərin təqdim olunması qarşılığında yazılı ödəmə zəmanətidir. Zəmanətlərin əsas növləri bunlardır: təklif zəmanəti (iştirak zəmanəti), kontrakt zəmanəti (yerinə yetirmə), avans ödənişi zəmanəti, keyfiyyət zəmanəti (Malın alınmasından sonra müəyyən müddətə qədər verilir), gömrük zəmanəti və s.

Daşınma.

Malların mənbədən təyinat nöqtəsinə qədər fiziki hərəkəti deməkdir. Daşınma təchizat zəncirində vaxtın və ərazilərin əlverişliliyini düzgün müəyyən etməyə kömək edir.

Əsas nəqliyyat/daşınma üsulları aşağıdakılardır:

Kəmərlər (Pipelines)

  • Maye və qaz şəklində olan məhsulların daşınması üçün istifadə edilir.
  • İlkin kapital xərcləri yüksəkdir, amma etibarlıdır.
  • Orta sürət aşağıdır, amma davamlı olduğuna görə məqbuldur.
  • Kəmərlərin əksəriyyəti şirkətlərə məxsusdur.

Dəmiryolu (Rail)

  • Ağır yüklərin daşınması üçün əlverişlidir.
  • Avtomobil ilə daşınmadan daha ucuz və əlverişlidir.
  • Sabit xərcləri yüksək, dəyişən xərclər isə azdır.

Avtomobil (Truck)

  • İstənilən yerə getmək imkanı yüksəkdir.
  • Daşıma imkanları dəmiryoluna nisbətən daha azdır.
  • İlkin xərcləri çox yüksək deyil, lakin əməliyyat xərcləri yüksəkdir.

Su yolu (Water)

  • Ağır yüklərin daşınması üçün əlverişlidir.
  • Aşağı qiymətli məhsulların uzaq məsafələrə daşınması üçün əlverişlidir.
  • Daşıma imkanları çox yüksəkdir.
  • Əməliyyat xərcləri dəmiryolu və avtomobildən daha ucuzdur.

Hava yolu (Air)

  • Sürətlidir.
  • Bahadır.
  • Etibarlıdır.

Nəqliyyat sənədləri

Nəqliyyat qaiməsi (Waybill). Bu sənəddə malların təsviri, malgöndərən və mal alanın məlumatları, malların göndərilmə və təyinat məntəqələri, malların daşınma şərtləri və digər məlumatlar öz əksini tapır. Nəqliyyat qaiməsi ən vacib nəqliyyat sənədi hesab edilir. Adətən bu sənədin 3 əsli tərtib olunur və malın ölkədən çıxarılması üçün onun əsli tələb olunur.
Konosament (Bill of Lading). Hüquqi sənəddir, həm mal göndərənin, həm də daşıyıcının öhdəliklərini müəyyənləşdirir. Malları aldıqdan sonra daşıyıcı konosamenti imzalayır və malgöndərənə verir. Bu sənəd malların daşınma üçün qəbul edildiyini bildirir. Konosamentin müxtəlif növləri və formaları vardır ki, bunlardan da bəzilərinin xüsusiyyətləri aşağıda əks olunmuşdur:

Şərtli konosament (Claused Bill of Lading). Bu sənəddə malların zədələnməsi və qablaşdırılması haqqında məlumat olur.
Dövlət konosamenti (Government Bill of Lading). Dövlət orqanlarının yüklərinin daşınması zamanı verilir.
Ötürülən konosament (Negotiable Bill of Lading). Bu konosament mal alanın tələbi ilə hazırlanır və adlı və təqdim edənə olmaqla üçüncü tərəflərə ötürülə bilər.

Daşıma üçün hesab (Freight Bill). Əsas sənədlərdən biridir. Malların daşınması üçün hesabdır və daşıyıcı tərəfindən ödənişin edilməsi üçün təqdim olunur. Daşınma ilə bağlı bütün xərclər, şərtlər və tələblər adətən burada əks olunur.

Logistika.

Logistika – malların, xidmətlərin və müvafiq məlumatların hərəkətinin və saxlanmasının müştərilərin tələblərinə uyğunlaşdırılması məqsədi ilə istehsal nöqtəsindən istehlak nöqtəsinə qədər çatdırılmasının planlaşdırılması, yerinə yetirilməsi və effektiv idarə olunması prosesidir. Logistikada əsas axınlar bunlardır: materialların axını, məlumatların axını, maliyyə axını, xidmətlərin axını.

Logistikanın növləri:

  • Çatdırma logistikası (Inbound Logistics): ixracatçıdan alınan malların çatdırılmasını əhatə edir.
  • Materialların idarə olunması (Material Management): şirkət daxilində malların və onun komponentlərinin daşınmasıdır.
  • Malların paylanması (Physical Distribution): malların istehsal sahəsindən istehlakçıya çatdırılmasıdır.
  • Malların göndərilməsinin idarə olunması (Supply Chain Management): geniş mənadadır, materialların daşınmasını və iştirakçılar arasında əlaqələrin istehsal sahəsindən istehlakçıya qədər hərəkətini əhatə edir.

Təchizat (alış), istehsal, paylama, nəqliyyat, ehtiyatların logistikası, anbar, xidmət və məlumat logistikası logistikanın tətbiq olunduğu əsas sahələrdir.

Nəqliyyat logistikasının əsas vəzifələri aşağıdakılardır:

  • Nəqliyyat sistemlərinin, eləcə də nəqliyyat dəhlizlərinin və nəqliyyat zəncirinin yaradılması;
  • Nəqliyyat-anbar prosesinin texnoloji vəhdətini təmin etmək;
  • Nəqliyyat vasitəsinin növünün seçilməsi;
  • Daşınmanın optimal marşrutunun müəyyənləşdirilməsi;
  • Daşınma prosesinin vahid planlaşdırılmasının, daşınmada iştirak edən tərəflərin texniki təchizatının və iqtisadi maraqlarının təmin olunması;

Logistikada əsas iştirakçılar:

  • Daşıyıcı (Carrier) - nəqliyyat xidmətləri göstərir; yüklərin daşınmasını təmin edir; əsasən nəqliyyat vasitələrinin sahibi və ya onları idarə edən olur.
  • 3PL. Logistikada çox istifadə olunan terminlərdən biri də 3PL-dir. 3-cü tərəfin logistikası (Third Party Logistic) – sadəcə öz məhsul və materiallarının tamamının və ya bir hissəsinin daşınmasının və ya idarə olunmasının alıcı və satıcıdan başqa 3-cü tərəfə həvalə edilməsidir. 3PL-in bir sıra üstünlükləri (xərclərin azaldılması, səylərin əsas iş üzrərində cəmlənməsi, effektivlik, çeviklik, sahələr üzrə ixtisaslaşma) və çatışmazlıqları (nəzarətin itirilməsi, şirkətdaxili işçi qüvvəsinə təsiri) var.

Bu bölmədə malların ixracına qərar verilməsindən onların Azərbaycanın gömrük məntəqələrindən keçirilməsinə qədər olan mərhələlər və onlara aid məsələlər haqqında danışılır. İxracdakı payına görə burada yalnız normal ixrac rejimi altında avtomobil nəqliyyatı vasitəsilə ixracı nəzərdə tutulan məhsulların Azərbaycandan ixracı proseduraları haqqında şərh verilir.

Gömrük və gömrük rejimləri

Məlum olduğu kimi gömrük işinin əsas məqsədi malların və nəqliyyat vasitələrinin digər ölkələrə aparılması və gətirilməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarının müəyyənləşdirilib icra edilməsi, eləcədə ölkənin iqtisadi təhlükəsizliyinin, suverenliyinin və maraqlarının müdafiəsidir. Malların və nəqliyyat vasitələrinin gömrük məntəqələrindən keçirilməsinin şərtləri və proseduraları seçilən gömrük rejimindən asılıdır. Odur ki, gömrük rejimi malların idxal-ixrac şərtləri və proseduralarında, eləcədə gömrük orqanlarının fəaliyyətində həlledici rola malikdir.

Qanunvericiliyə əsasən gömrük rejimi gömrük məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusudur. Daha sadə dildə desək, gömrük rejimi sərhəddən malların keçirilməsinin şərtlərini müəyyənləşdirən bir mexanizmdir. Yəni, idxal-ixrac edilən mallara dair gömrük ödənişləri, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti şərtləri həmin malların hansı rejim (prosedur) altında gətirilməsindən və aparılmasında asılıdır. Mövcud Gömrük Məcəlləsinə əsasən aşağıdakı gömrük rejimləri müəyyənləşdirilib:

  • İxrac. Malların Azərbaycan Respublikasının gömrük ərazisindən bu əraziyə qaytarılmaq haqqında öhdəlik götürülmədən aparılmasından ibarət gömrük rejimidir. Bu halda malların ixracı, ixrac gömrük rüsumlarının, vergilərin, digər gömrük ödənişlərinə ödənilməsi, eləcədə iqtisadi siyasət tədbirlərinə riayət edilməsi şərtilə həyata keçirilir.
  • Müvəqqəti ixrac (idxal). Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların yenidən işlənmədən Azərbaycan Respublikasına qaytarılması və ya bu ölkədən aparılması şərtilə ixracını (idxalını) nəzərdə tutan rejimdir. Bu zaman mallar gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad olunur. Ancaq gömrük ödənişləri (yığımlar və yığıma görə ƏDV) edilməlidir. Müvəqqəti idxal (ixrac) rejimi üçün Dövlət Gömrük Komitəsindən icazə alınmalıdır. Müvəqqəti ixrac olunan mallar ən geci 2 il ərzində üzərində heç bir dəyişiklik edilmədən geri qaytarılmalıdır. Bu müddət ərzində qaytarılmadıqda mal digər gömrük rejimi altında rəsmiləşdirilməli və gömrük rüsumu və vergiləri ödənilməlidir.
  • Təkrar ixrac. Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan xarici mənşəli malların işlənmədən yenidən digər xarici ölkələrə ixracını nəzərdə tutan rejimdir.Bu halda mal idxal olunarkən gömrük orqanlarına təkrar ixrac olunacağı bəyan olunduqda gömrük rüsumları və vergiləri tutulmur. Bu halda mallar 6 ay müddətində təkrar ixrac edilməlidir. İdxal gömrük rüsumu ödənilərək gətirilən mallar isə 2 il ərzində hər hansı bir dəyişikliyə uğramadan təkrar ixrac edilərsə, həmin mallardan tutulan rüsum və vergilər geri qaytarılır.
  • Tranzit. Malların gömrük nəzarəti altında, Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları, vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirlər tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimidir. Bu halda mallar göndərən gömrük orqanları tərəfindən müəyyən olunmuş müddətə təyinat gömrük orqanına çatdırılmalıdır. Deməli, tranzit rejimində mal bir ölkədən təyin edilmiş qısa müddət ərzində idxalçı ölkəyə çatdırılmalıdır. Malların traniziti Dövlət Gömrük Komitəsinin icazəsi ilə həyata keçirilir. Daşıyıcı malı təyinat gömrük orqanına çatdırmadıqda və ya itirdikdə digər gömrük rejimi ilə gömrük ödənişlərini həyata keçirir.
  • Təkrar idxal. Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış Azərbaycan mallarının qanunla müəyyən edilmiş müddətdə gömrük rüsumları və vergilər alınmadan, həmçinin bu mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən geriyə gətirilməsindən ibarət gömrük rejimidir. Mallar təkrar idxal rejimində ixrac olunarkən ixrac gömrük rüsumu, yığımı və vergiləri ödənilir və mal 3 il müddətində idxalçı ölkədə satılmadıqda və digər səbəblər üzündən geri qaytarılarsa və üzərində heç bir dəyişiklik aparılmazsa, ödənilən gömrük rüsumları və vergiləri geri qaytarılır.
  • Rüsumsuz ticarət mağazası. Mallardan gömrük rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycan Respublikasının və xarici ölkələrin gömrük ərazisində (beynəlxalq hava və dəniz limanlarında) həmin malların gömrük nəzarəti altında satılmasından ibarət gömrük rejimidir. Rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilən mallar bilavasitə xüsusi mağazalarda (rüsumsuz ticarət mağazalarında) satılır.
  • Gömrük anbarı. Gətirilən malların saxlanma dövründə gömrük rüsumları, vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların gömrük nəzarəti altında saxlancından, ixrac gömrük rejiminə uyğun aparılması nəzərdə tutulan malların isə qanunvericilikdə nəzərdə tutulan güzəştlər verilməklə gömrük nəzarəti altında saxlancından ibarət gömrük rejimidir. Mallar ixrac zamanı gömrük anbarında saxlanılarkən gömrük rəsmiləşdirilməsindən keçmir və gömrük ödənişləri edilmir. Yalnız anbarda saxlanca görə xidmət haqqı kimi tutulan gömrük yığımı tutulur. Bu yığım malın həcminə və saxlandığı günlərin sayına görə ödənilir. Mallar bu rejim altında Dövlət Gömrük Komitəsi tərəfindən təsis olunmuş açıq anbarlarda və ya lisenziya əsasında hüquqi şəxslər tərəfindən açılmış açıq və qapalı anbarlarda 3 il müddətində saxlanıla bilər. Ancaq gömrük anbarı rejimində rüsumdan və vergilərdən azad edilən və ödənişləri geri qaytarılan (idxal zamanı) mallar 3 ay ərzində anbardan aparılmalıdır. Malları anbardan çıxarıb ixrac və digər rejimlərlə aparan şəxs malı gömrük rəsmiləşdirməsindən keçirməklə nəzərdə tutulan bütün ödənişlər həyata keçirir.
  • Sərbəst gömrük zonaları. Azərbaycan mallarının qanunvericiliklə müəyyən edilən qaydada, ixrac gömrük rejiminə müvafiq olaraq aparılmasına tətbiq edilən şərtlərlə yerləşdirilməsi və istifadə olunmasından ibarət gömrük rejimidir. Bu rejim altında mallar sadələşdirilmiş gömrük rəsmiləşdirilməsindən keçirilməklə, yığım və ƏDV ödənilməklə satıla və digər əməliyyatlar keçirilə bilər. Mallar sərbəst gömrük zonalarından topdansatış məqsədləri üçün aparılarkən gömrük rüsumları və vergiləri ödənilir. Dövlət Gömrük Komitəsi tərəfindən lisenziya verilərək açılan sərbəst anbarlarda malların saxlanması müddəti limitsizdir.
  • Gömrük ərazisində malların emalı. İxrac gömrük rejiminə uyğun olaraq emal məhsullarının Azərbaycan Respublikası gömrük ərazisinin hüdudlarından kənara aparılması şərtilə, iqtisadi siyasət tədbirləri tətbiq edilmədən və idxal gömrük rüsumları və vergilər qaytarılmaqla, xarici malların Azərbaycan Respublikası gömrük ərazisində müəyyən olunmuş qaydada emalı üçün istifadə edilməsindən ibarət gömrük rejimidir. Gömrük ərzisində malların emalı Dövlət Gömrük Komitəsi tərəfindən icazə verildikdən sonra həyata keçirilə bilər. Mallar gömrük ərazisində Dövlət Gömrük Komitəsinin müəyyənləşdirdiyi müddət ərzində emal edilməlidir və idxal olunduğu andan 2 il ərzində ixrac olunarsa ödənilən idxal gömrük rüsumları geri qaytarılır və ixrac rüsumlarından və vergilərdən azad edilir.
  • Gömrük ərazisindən kənarda malların emalı. Azərbaycan mallarını iqtisadi siyasət tədbirləri tətbiq etmədən ixrac edib, onlardan Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda emal üçün istifadə edilməsindən və sonra emal məhsullarının, tamamilə və ya qismən gömrük rüsumlarından, vergilərdən azad etməklə və onlara iqtisadi siyasət tədbirləri tətbiq etmədən, bu məhsulların Azərbaycan Respublikasının gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılışından ibarət gömrük rejimidir.

İxrac əməliyyatları

Azərbaycan Respublikası Prezidentinin “Xarici ticarətin daha da liberallaşdırılması haqqında” Fərmanına əsasən malların əlavə olaraq aşağıdakı ixrac əməliyyatları müəyyənləşdirilir:

  • Kreditə ixrac. Kreditə ixrac faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra haqqı müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən malların ixrac əməliyyatlarını nəzərdə tutur. Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmət və əqli mülkiyyətin) kreditə ixracı İqtisadiyyat Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır.
  • Konsiqnasiya yolu ilə ixrac. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur. Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. Dövlət müəssisələri tərəfindən malların konsiqnasiya yolu ilə ixracı İqtisadiyyat Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır. Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Bu zaman Respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər.
  • Müvəqqəti ixrac. Müvəqqəti ixrac əməliyyatları xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların yenidən işlənmədən Azərbaycan Respublikasına qaytarılması şərtilə ixracı əməliyyatlarını nəzərdə tutur. Dövlət müəssisələri tərəfindən müvəqqəti ixrac əməliyyatları üzrə bağlanmış müqavilələr İqtisadiyyat Nazirliyində qeydiyyatdan keçirilməklə, digər şəxslər tərəfindən isə gömrük orqanlarında bəyan edilməklə icra olunur. Dövlət müəssisələri tərəfindən müvəqqəti olaraq göndərilmiş mallar bağlanmış müqavilələrlə nəzərdə tutulmuş müddətlər bitdikdən sonra 30 gündən gec olmayaraq Azərbaycan Respublikasına qaytarılmalıdır. Həmin mallar İqtisadiyyat Nazirliyinin icazəsi ilə istifadə olunduqları ölkələrdə satıla bilər. Bu satışdan əldə olunan valyuta ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına 10 gün müddətində daxil olmalıdır. Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən müvəqqəti ixrac olunmuş mallar bu Qaydalara və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq müvafiq gömrük rüsumları ödənməklə istifadə olunduqları ölkələrdə satıla bilər. Digər halda bağlanmış müqavilələrlə nəzərdə tutulmuş müddətlər bitdikdən sonra həmin mallar 30 gündən gec olmayaraq Azərbaycan Respublikasına qaytarılmalıdır.
  • Təkrar ixrac (reexport). Təkrar ixrac əməliyyatları Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan xarici mənşəli malların yenidən işlənmədən digər xarici ölkələrə ixrac əməliyyatlarını nəzərdə tutur. Təkrar ixrac əməliyyatları üzrə bağlanmış müqavilələr, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində tələb olunan hallarda İqtisadiyyat Nazirliyində qeydiyyatdan keçirilməklə, digər hallarda isə gömrük orqanlarında bəyan edilməklə icra olunur.

Gömrük ödənişləri

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən idxal-ixracla bağlı aşağıdakı növ gömrük ödənişləri müəyyənləşdirilib.

  1. Gömrük rüsumları. Azərbaycan Respublikasında gömrük rüsumları əsasən idxal olunan, eləcədə bəzi ixrac olunan məhsullar üçün müəyyənləşdirilib. Gömrük rüsumlarının 3 növü mövcuddur: advalor, spesifik və kombinə edilmiş.
  • Advalor rüsum malların gömrük dəyərinə görə faizlə hesablanan (məs. gömrük dəyəri 1000 manat olan maldan 10 % rüsum tutulduqda, gömrük rüsumu 100 manat olur) rüsum növüdür. Hazırda malların advalor rüsumları 7 dərəcədə müəyyənləşdirilib: 0, 0.5, 1, 3, 5, 10, 15. Ancaq hazırda gömrük rüsum dərəcələrinin 7-dən 3-ə (0, 10, 15) endirilməsi isrtiqamətində iş aparılır. Hazırda malların əksəriyyətinin idxal rüsumları advalor əsasda müəyyənləşdirilib.
  • Spesifik rüsumlar isə malın gömrük dəyərinə görə deyil, malın çəkisinə görə rəqəmlə müəyyənləşdirilir (məs. 1000 kq – 7$).
  • Kompinə edilmiş rüsumlar isə həm advalor, həm də spesifik rüsumların müəyyənləşdirilməsi ilə təyin edilir (məs, 5 %+1000 kq–a görə 15$). Hazırda əmtəə nomenklaturasında kombinə edilmiş rüsumlar mövcud deyil.

Malların gömrük rüsumları beynəlxalq sistemə uyğun olaraq hazırlanmış və 10 mindən artıq malı əhatə edən xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturunda (XİF ƏN) öz əksini tapmışdır. Harmonik sistem (HS) adlandırılan əmtəə nomenklaturasında malların gömrük rüsumu həmin mal üçün verilmiş kod əsasında təyin edilir. XİF ƏN kodu 10 rəqəmli olmaqla özündə aşağıdakıları əks etdirir (konkret malın timsalında):

XİF ƏN kodu Mal mövqeyinin təsviri Ölçü vahidi Gömrük rüsumu
2009 80 710 0 ----- albalı və ya gilas şirəsi - 15

20 – qrup (tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları);
2009 - mal mövqeyi (Meyvə şirələri (üzüm şirəsi daxil olmaqla) və tərəvəz şirələri, qıcqırdılmamış və tərkibində spirt əlavəsi olmayan, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə və ya edilməməklə);
1009 80 – yarım mövqe (digər tərəvəz və ya meyvə şirələri);
1009 80 71 – alt yarım mövqe
1009 80 71 00- malın adı (albalı və ya gilas şirəsi);

Qeyd! Bəzi mallar idxal zamanı gömrük rüsumundan azad edilir ki, bu mallar Nazirlər Kabinetin 1998-ci il 91 saylı qərarı ilə müəyyənləşdirilir.

İxrac olunan malların əksəriyyəti üçün bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da ixrac gömrük rüsumları nəzərdə tutulmayıb. Lakin, ölkədə mövcud olan xammalın ölkə daxilində istifadə olunmasını stimullaşdırmaq məqsədilə qara və əlvan metal qırıntıları və tullantıları üçün ixrac gömrük rüsumları nəzərdə tutulmuşdur. Spesifik növ olmaqla müəyyənləşdirilən bu rüsumlar Nazirlər Kabinetinin 2002-ci il 80 saylı qərarı ilə təsdiqlənmişdir ki, onlarında miqdarı 1000 kq qara və əlvan metal üçün 5-7$. Ancaq Prezidentin 2001-ci il 457 nömrəli Fərmanı ilə qara və əlvan metal qırıntılarının və tullantılarının ixracı qadağa olunduğundan bu rüsumların tətbiqi mümkün olmur.

  • Əlavə Dəyər Vergisi (ƏDV). İdxal və ixrac olunan mallardan ƏDV tutulur. Hazırda ƏDV-nin dərəcəsi 18 %-dir. ƏDV-nin tutulması üçün baza kimi malın gömrük dəyəri, gömrük rüsumu, yığımı və digər ödənişlərin məcmusu götürülür, yəni ƏDV həmin məbləğlərin cəminin 18 %-i olaraq tutulur. Məsələn, 1000 manat gömrük dəyəri olan malın rüsumu 10 % olduqda, eləcədə 10 manat yığım tutulduqda ƏDV aşağıdakı kimi hesablanır:

ƏDV = (1000+100+10)x18/100=199.98AZN

Nazirlər Kabinetinin 2005-ci il 11 saylı Qərarına və Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən bəzi məhsullar idxal olunan zaman ƏDV-dən azad edilib.

  • Gömrük rəsmiləşdirilməsinə görə alınan yığımlar. Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən idxal-ixrac olunan mallar gömrük rəsmiləşdirilməsindən (malın müəyyən rejimdə sərhəddən keçirilməsi üçün zəruri sənədlər təqdim edilməsi və gömrük orqanları tərəfindən baxılaraq icazə verilməsi) keçərkən rəsmiləşdirmə xidmətinin müqabilində yığım tutulur. Yığımların miqdarı aşağıdakı kimidir:
Gömrük rəsmiləşdirilməsinə görə yığımlar Məbləğ

Gömrük rəsmiləşdirilməsi yığımları (idxal və ixrac)

Gömrük dəyəri 1000 Manata qədər olduqda 10 Manat
Gömrük dəyəri 1001 Manatdan 10000 Manata qədər olduqda 50 Manat
Gömrük dəyəri 10001 Manatdan to 100000 Manata qədər olduqda 100 Manat
Gömrük dəyəri 100001 Manatdan yuxarı olduqda 275 Manat

Aşağıdakıların gömrük rəsmiləşdirilməsi zamanı hər bir ilk gömrük bəyannaməsi üçün:

Mənfəət karbohidrogenlərinin neft kəmərləri vasitəsilə ilk ixracı

Dövlət zəmanətli kreditlərlə alınmış uçuş aparatlarının idxalı

Pasport və şəxsiyyət vəsiqəsi blankları

Məqsədli neft – qaz fəaliyyəti ilə bağlı avadanlıq və materialların ixracı.

275 Manat
Tranzit gömrük rejimi altında keçirilən malların gömrük rəsmiləşdirilməsi 30 Manat
Gömrük rəsmiləşdirilməsinə görə yığım (iş vaxtından kənar vaxtlarda və iş yerindən kənarda)

İki qat gömrük yığımı

Gömrük bəyannamələrinin hər əlavə vərəqinə görə 10 Manat
Hər əlavə tranzit yük bəyannamələri üçün 10 Manat
Nəqliyyat vasitələrinin qeydə alınmasına üçün vəsiqə verilməsinə görə

20 Manat

Aşağıdakı hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhəddini keçərkən gömrük yığımına cəlb olunmurlar:

  • Qrant haqqında müqaviləyə (qərara) əsasən qrant kimi alınan maddi yardımlar;
  • Humanitar yardımlar;
  • Texniki yardımlar;
  • Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallar və nəqliyyat vasitələri;
  • Elektrik enerjisinin qarşılıqlı ötürülməsi;
  • Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kq-dan artıq olmayan mallar;
  • İstehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, beynəlxalq poçt göndərişlərində ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kq-dan artıq olmayan mallar;
  • Qeyri-rezident fiziki şəxslər (şəxsiyyəti təsdiq edən sənəddə iki təqvim ilindən yuxarı xarici ölkədə yaşadığı barədə müvafiq qeydlər olduqda) daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasından keçib gedərkən 20.000 ABŞ dollarına ekvivalent dəyər həcmində ailə üçün zəruri olan məişət əşyalarını gömrük sərhədindən keçərək, gömrük orqanlarına bəyan etməklə, müşayiət olunan baqajla və ya müşayiət olunmayan baqajla gətirilməsi (aparılması);
  • Zəruri ehtiyacların ödənilməsi üçün şəxsi əşyalar, gömrük qaydalarına əməl etməklə, müvəqqəti olaraq gətirilməsi (aparılması);
  • Açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş malların (gətirilməsi və aparılması qadağan edilmiş mallardan başqa) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi;

Azərbaycanda əksər hallarda ixrac zamanı malın gömrük dəyəri kimi faktura dəyəri götürülür.

Gömrük qiymətləndirilməsi. İdxal və ixrac olunan mallardan gömrük rüsumları tutmaq məqsədilə malın gömrük dəyərini təyin edirlər. Çünki, malın gömrük dəyəri onun idxalçı ilə ixracatçı arasında bağlanmış müqavilədə göstərilən faktura dəyərindən əlavə, malın daşınmasına, sığortasına, saxlanmasına, bir sözlə malın alıcıya gəlib çatmasına qədər ortaya çıxan bütün xərclər də daxil olmaqla müəyyənləşdirilir. Məsələn, malın idxalı zamanı onun faktura dəyəri 10.000 AZN olduğu halda, gömrük dəyəri 11000 AZN ola bilər və rüsum da bu məbləğdən tutulur. Qanunvericiliyə əsasən malın gömrük dəyərini mal gətirən gömrük dəyəri bəyannaməsini doldurmaqla gömrük orqanlarına göstərir. Ancaq bəyannaməçi tərəfindən bəyan edilmiş malın gömrük dəyərinin təyin edilməsinin düzgünlüyünü təsdiq edən məlumat yoxdursa, yaxud deklarantın təqdim etdiyi sənədlərin düzgün olmadığına əsas varsa, bu zaman sərhəd gömrük orqanı onda olan məlumatlar (o cümlədən eyni və eynicinsli malların qiyməti barədə məlumatlar) əsasında gömrük dəyərinin müəyyən edilməsi üsullarını ardıcıl tətbiq edərək, bəyan edilmiş malın gömrük dəyərini təyin etmək üçün gömrük qiymətləndirməsi aparır.

İxrac olunan malların gömrük dəyəri onların alqı-satqı müqaviləsində bağlanmış ödənilmiş və ya ödənilməli olan faktura dəyəri ilə eynidir. Çünki, ixrac zamanı hələ digər xərclər yaranmadığından və ümumiyyətlə, əksər hallarda mallardan ixrac rüsumu tutulmadığından faktura dəyəri gömrük dəyəri kimi götürülür. Ancaq buna baxmayaraq, ixrac zamanı faktiki dəyərdə digər xərclərin (komissiyon, broker, qablaşdırma və s. xərclər) də nəzərə alınması qanunvericilikdə əks olunub.

Gömrük Tarifi haqqında Azərbaycan Respublikasının Qanuna əsasən malların gömrük dəyəri aşağıdakı üsullardan biri ilə təyin edilir:

  • Sövdələşmə qiyməti üsulu. Sövdələşmə qiyməti üsuluna əsasən malın gömrük dəyəri həmin malın ixrac olunması üçün satılarkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsasında müəyyən edilir. Ancaq alıcı ilə satıcı arasında razılaşdırılmış qiymətə aşağıdakılar da əlavə olunur:
  1. Nəqliyyat xərcləri
  2. Yükləmə, boşaltma və saxlama xərcləri
  3. Sığorta xərcləri
  4. Alıcının çəkdiyi xərclər
  5. Təkrar satışdan əldə edilən gəlir
  6. Qablaşdırma xərcləri və s.

Bu üsul dünyada və eləcədə Azərbaycanda ən geniş tətbiq edilən üsuldur. Ancaq bu üsulun tətbiqi mümkün olmadıqda ardıcıl olaraq digər üsullar tətbi olunur.

  • Eyni malların sövdələşmə qiyməti üsulu. Bu üsuldan istifadə olunduqda malın gömrük dəyərinin müəyyən edilməsi üçün eyni malların sövdələşmə qiyməti əsas götürülür. Eyni mallar dedikdə, qiymətləndirilən mallarla hər cəhətdən (fiziki xüsusiyyətləri, keyfiyyəti və bazardakı nüfuzu daxil) eyni olan mallar başa düşülür. Eyni malların sövdələşmə qiyməti gömrük dəyərini müəyyən etmək üçün o vaxt əsas götürülür ki, bu mallar:
  1. Azərbaycan Respublikasına ixrac üçün satılsın;
  2. Qiymətləndirilən malların idxalı ilə eyni və ya təxminən eyni bir vaxtda gətirilsin;
  3. Qiymətləndirilən mallarla eyni kommersiya səviyyəsində və təxminən eyni miqdarda satılsın;

Aşağıdakı hallarda isə bu üsul tətbiq edilə bilməz:

  1. Qiymətləndirilən və müqayisə edilən mallar eyni bir ölkədə istehsal edilməyibsə;
  2. Həmin mallar eyni istehsalçı tərəfindən deyil, digər şəxs tərəfindən hazırlanıbsa;
  3. Malların layihələri, dizaynları, eskizləri, çertyojları Azərbaycan Respublikasında hazırlanıbsa;

  • Eyni cinsli malların sövdələşmə qiyməti üsulu. Eynicinsli mallar dedikdə, bütün xüsusiyyətlərinə görə eyni olmasa da, onlara qiymətləndirilən mallarla eyni funksiyaları yerinə yetirmək imkanı verən oxşar xüsusiyyətlərə və tərkib materiallara malik olan və kommersiya baxımından bir-birini əvəz edə bilən mallar başa düşülür. Malların eynicinsli olması onların keyfiyyətinə, əmtəə nişanının olmasına və bazardakı nüfuzuna görə müəyyən edilir.
  • Dəyərin çıxılması üsulu. Dəyərin çıxılması üsulu ilə gömrük dəyəri müəyyən edilən eyni və ya eynicinsli mallar Azərbaycan Respublikasının ərazisində öz ilkin vəziyyəti dəyişdirilmədən satıldıqda tətbiq olunur. Dəyərin çıxılması üsulu ilə malın gömrük dəyərini müəyyən etmək üçün mal vahidinin o qiyməti əsas götürülür ki, bu qiymətlə qiymətləndirilən mal eyni və ya təxminən eyni tarixdə Azərbaycan Respublikası ərazisində qiymətləndirilən idxal edilmiş mallarla satıcı ilə əlaqəli olmayan sövdələşmə iştirakçısına satılsın.

  • Dəyərin toplanması üsulu. Bu üsul üçün aşağıdakıların toplanması yolu ilə hesablanmış qiyməti əsas götürülür:
  1. idxal edilən malların hazırlanmasında istifadə olunan materiallara, həmin malların istehsalına və ya digər emalına çəkilən xərclər və ya bunların dəyəri;
  2. Nəqliyyat, yüklənmə yerinədək sığorta xərcləri və dəyərləri və sairə
  3. Azərbaycan Respublikasına ixrac etmək məqsədi ilə ixrac ölkəsində istehsalçılar tərəfindən hazırlanan və qiymətləndirilən mallarla eyni sinif və ya növdən olan malların satışı zamanı adətən nəzərə alınan mənfəətə və ümumi xərclərə bərabər mənfəət və ümumi xərclərin həcmi;
  • Ehtiyat üsulu. Yuxarıda qeyd edilən üsulların tətbiq edilməsi mümkün olmadıqda ÜTT-nin QATT Sazişinin prinsiplərinə uyğun olaraq digər vasitələrdən istifadə edərək malın gömrük dəyəri təyin olunur ki, buna da ehtiyat üsulu deyilir.

Malın mənşə ölkəsinin təyin olunması

İdxal-ixrac olunan mallara müxtəlif stimullaşdırıcı və məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi üçün malın hansı ölkəyə məxsus olmasını təyin etmək zəruridir. Bu məqsədlə də malın mənşə ölkəsi təyin edilir. Ümumiyyətlə malların mənşə ölkəsi təyin edilməsi aşağıdakı məqsədlər üçün həyata keçirilir:

  1. Mallara aşağıdakı tarif preferensiyaların tətbiq edilməsi üçün: ikitərəfli və çoxtərəfli sazişlərə əsasən malların idxal rüsumundan azad edilməsi və ya güzəştlərin tətbiqi; GSP və GSP + proqramları çərçivəsində inkişaf etmiş ölkələrə idxal və s.
  2. Mallara aşağıdakı məhdudiyyətlərin tətbiqi üçün: kvotaların tətbiqi; tarif kvotalarının tətbiqi; qadağaların tətbiqi; qoruyucu tədbirlərin, anti-dempinq və mühafizə rüsumlarının tətbiqi və s.

Qanunvericiliyə əsasən malın mənşəyi o ölkə hesab olunur ki, mal ya tamamilə həmin ölkədə istehsal olunsun və ya müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qalsın. Bir ölkədə tam istehsal olunmuş mallara aşağıdakılar aid edilir:

  • Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan;
  • faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa);
  • onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları;
  • orada doğulub və bəslənilmiş heyvanlar;
  • həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar;
  • orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları;
  • dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları;
  • həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar xammal və tullantılar;
  • həmin ölkəyə məxsus olan və ya onun icarəyə götürdüyü kosmik gəmilər vasitəsilə açıq kosmosda alınmış yüksək texnologiya məhsulları;

Azərbaycanda malların mənşə ölkəsinin təyini və mənşə sertifikatının verilməsi fəaliyyətini qeyd edilən prinsiplər əsasında İstehlak Bazarına Dövlət Nəzarəti Xidməti həyata keçirir.

Əgər malın istehsalında iki və daha çox ölkə iştirak edirsə, malın mənşə ölkəsi kifayət qədər emal meyarına uyğun olaraq müəyyən olunur. Müəyyən bir ölkədə malların kifayət qədər emalının meyarları aşağıdakılardır:

  • emal nəticəsində əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi;
  • malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən və ya etməyən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi;
  • advalor pay qaydası - istifadə olunmuş materialların dəyərinin və ya əlavə dəyərin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar malın dəyərinin dəyişməsi;

Deməli, Azərbaycana gətirilərək burada emal olunan mallar o halda Azərbaycan mənşəli hesab olunacaq ki, ya həmin malın əmtəə nomenklaturasındakı ilk 4 rəqəm səviyyəsində (məsələn, təzə pomidor gətirilərkən mal mövqeyi 07 02 olduğu halda ondan hazırlanan tomatın mal mövqeyi 20 02–dir ki, bu malın mənşəsinin dəyişməsi deməkdir) dəyişiklik olsun, ya da malın gətirilməsi zamanı mövcud olan dəyərinin üzərinə onun emalı nəticəsində 50 %-dən çox dəyər gəlsin (məsələn, 1000 manatlıq gətirilən xammalın emalı nəticəsində onun dəyəri 1550 manata yüksəlsin). Hazırda malın üzərinə gələn dəyər, advalor pay kimi 50% +1 müəyyənləşdirib. Yəni, malın üzərinə bu qədər əlavə dəyər gəldikdə Azərbaycan mənşəli hesab olunur.

Mənşə ölkəsi təyin edilmiş mallara mənşə sertifikatı verilir ki, gömrük orqanları bu sertifikat əsasında mala müvafiq idxal rüsumunu və digər tədbirləri tətbiq edirlər.

Malın ixraca hazırlıq və ixrac mərhələləri

İxraca hazırlıq mərhələsində aşağıdakı işlər yerinə yetirilir: müqavilə əsasında məhsula sifarişin alınması və istehsalı; ixrac üçün tələb olunan sənədlərin və sertifikatların əldə edilməsi; ixracla bağlı digər hazırlıq işlərinin yerinə yetirilməsi.

Malların ixracı zamanı qeyd olunan sənədlər əldə olunmalı və gömrük orqanlarına təqdim olunmalıdır: hüquqi şəxsin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu, xarici şəxslərlə bağlanmış müqavilə, ixrac olunan malların mənşəyi haqqında sənədlər, ixrac olunan malların haqqının qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə müvəkkil bankın sənədi, bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadiyyat Nazirliyinin müsbət rəyi, gömrük yük bəyannaməsi, Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarına keyfiyyət sertifikatı.

Qanunvericiliyə əsasən Azərbaycandan malların ixracı yalnız onların dəyərinin ixracatçıya qabaqcadan ödənilməsi və ödəmə ilə bağlı sənədin təqdim olunması, yaxud geri çağırılmayan akkreditiv açılması və ya birinci dərəcəli bankların zəmanəti olduqda icazə verilir. Buna görə gömrük orqanına 3 haldan (nağd ödəniş, akkreditiv və bankın zəmanəti) biri haqqında müvafiq sənəd təqdim edilməlidir. Birinci dərəcəli bankların zəmanəti beynəlxalq kredit reytinqi agentliklərinin məlumatına əsasən Milli Bank tərəfindən birinci dərəcəli təyin edilmiş bank tərəfindən verilir.

Sertifikatların sayı ixrac edilən ölkədən və məhsulun növündən asılı olaraq dəyişir. Ümumilikdə, ixracla bağlı aşağıdakı sertifikatların əldə edilməsi lazımdır:

  • Mənşə sertifikatı
  • Keyfiyyət sertifikatı
  • Baytarlıq şəhadətnaməsi
  • Gigiyenik sertifikat
  • Fitosanitar sertifikat
  • Uyğunluq sertifikatı

Yuxarıdakı cədvəldən göründüyü kimi, ixrac üçün mənşə və keyfiyyət sertifikatına qədər digər sertifikatlar (məhsulun növündən asılı olaraq baytarlıq, fitosanitar, gigiyenik və uyğunluq) da alınmalıdır. Sertifikatların alınması üçün tələb olunan sənədlər və sertifikatlaşdırma prosesləri haqqında "Sertifikatlaşdırma və Qablaşdırma" bölməsində geniş məlumat verilmişdir.

Yuxarıda qeyd olunan sənədlərlə yanaşı malların avtomobil nəqliyyatı ilə ixracı zamanı aşağıdakı sənədlərin də gömrük orqanlarına təqdim olunması lazımdır:

  1. TIR karnet - bu malların avtomobil nəqliyyatı ilə daşınması zamanı nəqliyyatın təhlükəsizliyini və hər hansı risklərə qarşı sığortalandığını sübut edən sənəddir. Daha doğrusu bu sənəd Azərbaycan Respublikasında malların yol nəqliyyat vasitələrində, nəqliyyat vasitələri qatarında və konteynerlərdə aralıq yüklənməsi həyata keçirilmədən, gömrük orqanlarından bir və ya bir neçə sərhəd keçməklə təyinat gömrük orqanına daşınmasına aiddir. Bu zaman Beynəlxalq Yük Daşımalarının (BYD) başlanğıcı və sonu arasındakı müəyyən bir hissəsi avtomobil nəqliyyatı ilə həyata keçirilir. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının gömrük ərazisində BYD əməliyyatı zamanı mallar aralıq gömrük orqanında (idxal zamanı giriş, tranzit zamanı giriş) gömrük ödənişlərinin ödənilməsindən və ya depozitə qoyulmasından azad edilir. Eləcədə, Azərbaycan Respublikasının gömrük ərazisində BYD əməliyyatı zamanı plomblanmış yol nəqliyyat vasitələrində, plomblanmış nəqliyyat vasitələri qatarında və ya plomblanmış konteynerlərdə daşınan mallar bir qayda olaraq aralıq gömrük orqanlarında gömrük yoxlamasından azad olunurlar. Müstəsna hallarda, pozuntuya şübhə olduğu təqdirdə gömrük orqanları tərəfindən yüklər üzərində gömrük yoxlaması keçirilə bilər. TIR karnet yük daşıyıcısına 1975-ci il BYD Konvensiyasının iştirakçı dövlətlərinin zəmanət birlikləri tərəfindən verilir. TIR karnet hər nəqliyyat vasitəsi üçün ayrılıqda doldurulur. TIR karnetin doldurulması qaydaları, gömrük rəsmiləşdirilməsi və digər proseduraları haqqında Dövlət Gömrük Komitəsinin "BYD daşınmalarında (BYD Konvensiyası 1975) yüklərə gömrük nəzarəti və BYD kitabçasının rəsmiləşdirilməsi qaydaları"na dair 2005-ci il 45 saylı əmrində geniş məlumat verilmişdir. TIR karnet yalnız malların yol nəqliyyat vasitələrində, nəqliyyat vasitələri qatarında və konteynerlərdə daşındığı halda tələb olunur.
  2. Beynəlxalq qayimə (CMR) - bu avtomabil nəqliyyatı yolu ilə malların beynəlxal daşınması detallarını əks etdirən və Avtomobil yolu ilə Malların daşınmasına dair 1956-cı il konvensiyasının (CMR Konvensiyası) tələbindən irəli gələn sənəddir. Bu sənəd ixracatçı və malı daşıyan tərəfindən 4 nüsxə olmaqla imzalanır, birinci nüsxəsi ixracatçıda, ikinci nüsxəsi daşıyanda qalır, üçüncü nüsxəsi malı müşaiət edən sənədlərin içərisinə qoyulur, dördüncü nüsxəsi isə idxalçı tərəfindən imzalanıb möhürləndikdən sonra ixracatçıya qaytarılır. CMR TIR karnetdən fərqli olaraq Azərbaycan və digər dillərdə ola bilər. CMR hər nəqliyyat vasitəsi üçün verilir.
  3. Malın alqı–satqı dəyərini təsdiq edən hesab faktura. Bu faktura satıcı tərəfindən malın alqı-satqı müqaviləsində göstərilmiş məbləği, malın miqdarı, çəkisi və s. haqqında məlumat əks etdirən sənəddir.
  4. Gömrük yük bəyənnaməsi.

Yuxarıda qeyd olunan sənədlərin əldə edilməsi ilə yanaşı, ixraca hazırlıq mərhələsində ixracatçı malları birbaşa özü və ya gömrük brokeri vasitəsilə ixrac edəcəyini dəqiqləşdirməlidir. Gömrük brokerinin fəaliyyəti, onun təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi əməliyyatlarının həyata keçirilməsindən və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarətdir. Gömrük brokerləri aşağıdakı fəaliyyətlərlə məşğul olurlar:

  • mal və nəqliyyat vasitələrinin bəyan edilməsi;
  • Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük rəsmiləşdirilməsi üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi;
  • bəyan edilən malların və nəqliyyat vasitələrinin təqdim edilməsi;
  • gömrük ödənişlərinin və bəyan edilən mallar və nəqliyyat vasitələrinə aid digər ödənişlərin ödənilməsinin təmin edilməsi;
  • Malın gömrük sərhəddindən keçirilməsi, daşınması və çatıdırlması;
  • bəyan edilən mallar və nəqliyyat vasitələri barəsində səlahiyyətlərə malik olan şəxs qismində gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün zəruri olan digər işlərin yerinə yetirilməsi;

Gömrük brokerlərinin fəaliyyəti ilə bağlı müddəalar Gömrük Məcəlləsinin 155-161-ci maddələrində, eləcədə Nazirlər Kabinetinin 1998-ci il 101 saylı "Gömrük brokeri haqqında Əsasnamə" adlı Qərarında öz əksini tapmışdır.

Gömrük nəzarəti. Malların gömrük sərhəddindən keçirilməsi zamanı onların tələb olunan sənədlərə məxsus olması, sənədlərdə göstərilən formada malların yerləşdirildiyini və tələblərə uyğun olduğunu müəyyənləşdirmək məqsədilə mallar gömrük rəsmiləşdirilməsindən sonra gömrük nəzarətindən keçirilir.

Gömrük nəzarəti zamanı əsas fəaliyyətlərə malların yük bəyannaməsində göstərildiyi kimi yüklənməsi, yüklənmiş mallara baxışın keçirilməsi, nəqliyyat vasitələrinin xüsusi nəzarət aparatlarından keçirilməsi, onlardan hər hansı şübhələr ortaya çıxdıqda malların boşaldılması, aktlaşdırılması, malın gömrük məntəqələrindən keçirilməsi və s. daxildir.

Malın çatdırılma şərtləri – INCOTERMS

INCOTERMS - məhsulların satışı və çatdırılması üzrə imzalanan xarici və yerli müqavilələr çərçivəsində tərəflərin müvafiq öhdəlikləri, o cümlədən xərc və risklərin müəyyənləşdirilməsi ilə əlaqədar qəbul olunmuş beynəlxalq satandartlardan ibarətdir. Bu qaydalar məhsulun satıcıdan alıcıya çatdırılması zamanı qeyd olunan məsələlər üzrə tərəflər arasındakı münasibətləri tənzimləyir. BMT-nin Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyası (UNCITRAL) INCOTERMS-in qaydalarını qlobal standart kimi tanımışdır. INCOTERMS-in imkanları alqı-satqı müqaviləsi bağlamış tərəflərin malın göndərilməsinə dair hüquq və vəzifələri ilə məhdudlaşır. Beynəlxalq Ticarət Palatası INCOTERMS kommersiya şərtlərinə 2011-ci il 1 yanvar tarixindən etibarən tətbiq olunan bəzi dəyişikliklər etmişdir. INCOTERMS 2010-də nəzərəçarpan dəyişiklik yüklərin çatdırılma şərtlərinin sayının 13-dən 11-qədər azladılması ilə bağlıdır. Belə ki, INCOTERMS 2010 əsasında beynəlxalq daşımalarda istifadə olunan DAF, DES, DEQ və DDU ləğv edilmiş, əvəzində iki yeni çatdırılma şərti - DAT və DAP əlavə edilmişdir. Yeni qaydalar, hal-hazırda beynəlxalq ticarətdə mühüm rol oynayan yüklərin təhlükəsizliyi və məlumatların kompyuter vasitəsilə mübadiləsinin əhəmiyyətini ön plana çəkir.

Qeyd: INCOTERMS qaydaları müqavilə demək deyil. Bu qaydalar hüquqi baxımdan ölkədaxili müvafiq qanunlardan üstün deyil və mülkiyyət hüququnun ötürülməsi, ödəniləcək məbləğ, valyuta və ya kredit şərtlərini tənzimləmir.

Qablaşdırmanın mahiyyəti və növləri.

Qablaşdırma həyata keçirilərkən nəzərə alınan əsas məsələlər onun təmasda olduğu məhsula, ondan istifadə edən insana və ətraf mühitə təsiri və qablaşdırmanın istehlakçılara daşıdığı məlumatlardır. Qeyd edilən məsələlər üzrə tələbləri yerinə yetirmək üçün məhsul istehsalçıları və ixracatçılar qablaşdırma zamanı istifadə etdikləri materiallara və onlardan istifadə miqdarına, qablaşdırma üsuluna və qablaşdırmanın keyfiyyətinə və daşıdığı məlumatlara xüsusi önəm verməlidirlər.

Qablaşdırmanın növlərini onların məhsulla təmasda olmasına görə əsasən 3 cür təsnifləşdirmək olar:

  • Məhsulun qablaşdırılması – məhsulun son istehlakçıya çatdırılması üçün qablaşdırılması. Buna birinci dərəcəli qablaşdırma da deyilir və məhsulla birbaşa təmasda olur (məsələn, çay paketi).
  • Məhsullar qrupunun qablaşdırılması – məhsullar qrupunun topdansatış məntəqələrində satışı və daşınması üçün qablaşdırma. Buna ikinci dərəcəli qablaşdırma deyilir və məhsulla birbaşa təmas olmur (məsələn, çay paketlərinin yerləşdirildiyi tara).
  • Daşınma üçün qablaşdırma – malların daşınmasını asanlaşdırmaq və onlara daşınma zamanı dəyə bilən zərərləri azaltmaq, eləcə də daşınan mallar haqqında asan məlumat əldə etmək üçün mal qrupunun qablaşdırılmasıdır (məsələn, çay paketlərinin taralarının qrup şəklində yerləşdirildiyi konteynerə yüklənmək üçün daha böyük paketlər).

Malın qablaşdırılmasına, xüsusilə istifadə olunan materiallara dair tələblər onun hansı növə aid olmasına əsasən təyin edilir. Məsələn, birinci dərəcəli qablaşdırma məhsulla birbaşa təmasda olduğundan ona əsas tələb qabın daşıdığı məhsulla hər hansı bir kimyəvi reaksiyaya girməməsi, eləcə də məhsulun xüsusiyyətindən asılı olaraq qabın içərisinə hava buraxmaması və məhsulun göstərilən müddətə qədər istifadəyə yararlığını təmin etməsidir. İkinci dərəcəli qablaşdırmada isə əsasən onun daxilində yerləşdiriləcək qabların asan düzülə bilməsi, birinci dərəcəli qabların zədələnməməsi üçün onun möhkəmliyi və s. məsələlər üzrə tələblər yerinə yetirilir.

Qablaşdırmanın xüsusiyyətləri.

Qablaşdırma zamanı onun ətraf mühitə, təmasda olduğu məhsula və istehlakçılara təsirləri üzrə balanslaşdırılmış müsbət nəticələrə nail olmaq üçün qablaşdırmanı onun xüsusiyyətlərinə uyğun həyata keçirmək lazımdır. Azərbaycanda və inkişaf etmiş ölkələrdə, xüsusilə Avropa Birliyində qablaşdırma üçün aşağıdakı xüsusiyyətlər əsas götürülür:

  • Fiziki güc. Qablaşdırma elə fiziki gücə malik olmalıdır ki, daşınma və saxlanma, temperatur dəyişikliyi, titrəyişə məruz qalma zamanı malın ilkin tərkibinin mühafizəsinə imkan versin.
  • Maneələrdən mühafizə. Qablaşdırma elə olmalıdır ki, malın tərkibini xarici mühitin təsirindən (oksigen, günəş, radiasiya, rütubət, hava axını) qoruya bilsin və məhsulun ətraf mühitə əks təsirinin qarşısını alsın. Nəticədə malın nəzərdə tutulmuş müddətdə istehlaka yararlı vəziyyətdə qalmasını təmin etsin.
  • Ətraf mühitə mənfi təsir etməməsi. Qablaşdırma, xüsusilə malla birbaşa təmasda olan qablaşdırma gigiyenik cəhətdən elə olmalıdır ki, onunla məhsul arasında hər hansı zərərli kimyəvi proses getməsin və ətraf mühitlə də eyni tip reaksiya baş verməsin. Məhsulun qablaşdırmasında istifadə edilən qablaşdırma materialının məhsullun tərkibindən asılı olaraq hər hansı bir reaksiyaya girmə ehtimalı varsa, onda onun məhsulla təmasda olan daxili səthinə əlavə izolyasiya vasitəsi çəkilməlidir.
  • Açılma və təkrar açılma. Qablaşdırma nəzərdə tutulan sayda onun açılmasına və təkrar açılmasına imkan verməlidir.
  • İnformasiyanın ötürülməsi. Qablaşdırma məhsul, ondan istifadə və təhlükəsizliyi haqqında zəruri məlumatları istehlakçılara ötürməlidir.
  • Qablaşdırma ömrünün yetərliliyi. Qablaşdırmanın ömrü məhsulun istismar müddəti bitənədək olmalıdır və bu müddətdə məhsulu ətraf mühitin təsirindən qorumaqla bağlı öz funksiyasını yerinə yetirmək qabiliyyətini itirməməlidir.
  • Asan istifadəyə yararlığı. Qablaşdırma malın götürülməsi, əldə saxlanması, daşınması, yerləşdirilməsi və qabdan asan çıxarılmasına imkan verməlidir.
  • İstehlakçıların təəssüratı. Qablaşdırma elə olmamalıdır ki, istehlakçılarda məhsulun mahiyyəti, kəmiyyəti və keyfiyyəti haqqında düzgün təəssürat yaratsın. Ona görə qablaşdırma malın çəkisinə uyğun olmalı, öz funksiyalarını (təhlükəsizlik, kənar təsirlərdən mühafizə və s.) yerinə yetirmək qabiliyyətli olması şərtilə istifadə olunan materiallar minumum miqdarda olmalıdır.
  • İnsan sağlamlığı və təhlükəsizliyinə təsiri. Qablaşdırmada istifadə olunan materiallar onunla təmasda olan insanların sağlamlığına, təhlükəsizliyinə zərərli olmamalıdır.
  • Ətraf mühitə təsiri. Qablaşdırmada istifadə olunan materialların ətraf mühitə də zərərli təsiri olmamalı və onlar maksimum təkrar istifadəyə, bərpa edilməyə və təkrar emal edilərək istifadə edilməyə yararlı olmalıdır. Eləcə də məhsul istehlak edildikdən sonra onun qablaşdırmasından ətraf mühitə minimum tullantı çıxmalı və tullantı enerji məqsədləri üçün istifadə edilə bilməlidir.
  • İstifadə qaydaları. Qablaşdırma ondan istifadə qaydaları, hər hansı təhlükələr, açılması, bağlanması və saxlanması qaydalarını özündə əks etdirməlidir.

Qablaşdırma üsulları. Məhsulun qablaşdırma üsulu onun növündən, xüsusiyyətindən, kənar təsirlərə reaksiyasından və tərkibindən asılı olaraq təyin edilir. Hazırda bir çox qablaşdırma üsulları mövcuddur ki, onlarda əsas istifadə olunanları bunlardır: mexaniki qablaşdırma, vakuum qablaşdırması, qab konfiqurasiyası, doldurma, presləmə və s.

Qablaşdırmanın mərhələləri. Hazırkı dövrdə qablaşdırma əsasən avtomatlaşdırılmış aparıldığından mərhələlər də istifadə olunan avadanlıq tərəfindən tənzimlənir. Ancaq ümumilikdə, qablaşdırmanın mərhələlərini aşağıdakı kimi təsnifləşdirmək olar:

  1. Müvafiq məhsulun qablaşdırılmasına dair milli və məhsul ixrac ediləcək ölkələrin tələblərinin müəyyənləşdirilməsi;
  2. Həmin tələblərə uyğun qablaşdırma materiallının seçilməsi və ya istehsal edilməsi;
  3. Tələblərin yerinə yetirilməsinə imkan verən qablaşdırma avadanlıqlarının əldə edilməsi;
  4. Qablaşdırmanın məhsulla təmasda olmasına və təyinatına görə onun növünün seçilməsi;
  5. Məhsulun növündən və tərkibindən asılı olaraq qablaşdırma üsulunun seçilməsi;
  6. Qablaşdırmanın tələblərə uyğun aparılması;
  7. Qablaşdırmanın tələblərə uyğunluğunun yoxlanması və keyfiyyətinə nəzarət;
  8. Qablaşdırmanın markalanması;

Qablaşdırmaya dair AB-də mövcud olan tələblər.

AB-də qablaşdırmanın təkrar istifadə, emal edilərək təkrar istifadə və enerji məqsədləri üçün bərpa edilməyə yararlılığı əsas götürülür. Bununla bağlı aşağıdakı hədəflər müəyyənləşdirilib: 60% qablaşdırma tullantılarının enerji məqsədləri üçün bərpası; 55% qablaşdırma materialının təkrar emala yararlı olması; 60% şüşə, 60% kağız, 50% metal, 22, 5% plastik və 15% taxta qablaşdırma materialının emal edilməsi;

Markalama.

Markalanma. Markalanma dedikdə məhsulun qabının üzərinə yerləşdirilən yazılar, işarələr və digər kombinasiyalı elementlərin müxtəlif üsullarla yerləşdirilməsi nəzərdə tutulur. Markalanmanın əhəmiyyəti ondan ibarətdir ki, məhsul, onun tərkibi, istifadə qaydaları, təhlükəsizlik göstəriciləri və digər zəruri məsələlər haqqında informasiyalar istehlakçılara və digər tərəflərə məhz markalanma vasitəsilə daşınır. Markalanmaya dair tələblər əsasən markalanmanın məzmunu, dili, markalanma yeri və üsulu ilə bağlıdır. Azərbaycanda markalanma ilə bağlı tələblər qablaşdırmadan fərqli olaraq müfaviq qanunvericilik aktlarında açıq şəkildə göstərilib. Bura aşağıdakılar daxildir:

  • Markalanmada məhsulun adı, növü və tərkibi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və normativ sənədlərdə tələb olunan digər məlumatlar əks olunur.
  • Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcümə ilə müşaiət olunmalıdır.
  • Kimyəvi və bioloji preparatlarla işlənmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazıları və nişanları olmalıdır.
  • Müvafiq qaydada qablaşdırılmış və etiketlənmiş yeyinti məhsullarına əmtəə nişanları və ştrixli kodlar vurulmalıdır.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri hallarda onun sertifikatlaşdırılması (AZS), xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir.
  • Ekoloji təmiz məhsullar sertifikatlaşdırıldıqdan sonra “ekoloji təmiz” markası vurulmalıdır.
  • Yeyinti məhsuluna "müalicəvi", "pəhriz” və onlarla bərabər tutulan adların verilməsinə və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə yol verilmir.

Məhsulların sertifikatlaşdırılmasında məqsəd onların qoyulmuş tələblərə, eləcə də insan, heyvan və bitkilərin sağlamlığına və təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə dair tələblərə uyğun olduğunu təsdiq etməkdir. Məhsulların sertifikatlaşdırılması onların sərbəst dövriyyəsinə, məhsulların təkrar sertifikatlaşdırma aparmadan idxal-ixracına şərait yaradır.

Azərbaycanda məhsulların sertifikatlaşdırılması onların istehsalı, emalı, idxalı və ixracı səviyyəsində aparılır. Bəzi sertifikatlar hər mal partiyasına, bəzi sertifikatlar isə istehsalata verilir. Ona görə hər mal partiyasına satış, idxal və ixrac edilmək üçün ayrıca, istehsalata isə müəyyən müddət üçün verilir ki, bu müddət ərzində istehsal olunan mallar həmin sertifikat əsasında satıla bilər.

Azərbaycanda malların ixrac olunması üçün və ümumiyyətlə, daxili bazarda satılması üçün aşağıdakı sertifikatların alınması tələb olunur:

  1. “Fitosanitar sertifikat” - bitki və bitki mənşəli məhsullar üçün;
  2. “Gigiyenik sertifikat” - bütün məhsullar üçün;
  3. “Baytarlıq şəhadətnaməsi” - diri heyvan və kəsilmiş ət üçün;
  4. “Keyfiyyət sertifikatı” – AB-ə ixrac olunan yeyinti məhsulları üçün;
  5. “Mənşə sertifikatı” - bütün məhsullar üçün;
  6. “Uyğunluq sertifikatı” - əksər məhsullar üçün;

Fitosanitar sertifikat. Fitosanitar sertifikat bitki, meyvə, tərəvəz və onlardan hazırlanan mal partiyasına və ya yükə verilir. İxracatçı sertifikat almaq üçün Fitosanitar Nəzarət üzrə Dövlət Xidmətinə müraciət etməli və aşağıdakı tələb olunan sənədləri təqdim etməlidir: dövlət qeydiyyatı haqqında sənəd; “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 1 nəqliyyat vasitəsinə görə nəzərdə tutulan 1 manat rüsumunun ödənilməsinə dair qəbz; bitki və bitkiçilik məhsullarının təsviri sənədi.

Sənədlər təqdim edildikdən sonra məhsula fitosanitar karantin baxışı aparılır. İxrac olunan yüklərə ətraflı fitosanitar karantin baxışı ilk yüklənmə yerində, hava, dəniz və çay limanlarında, dəmiryol stansiyalarında və digər təkrar yüklənmə məntəqələrində (ixrac partiyasının formalaşması zamanı) həyata keçirilir. Mallarda hər hansı uyğunsuzluq aşkarlanmadıqda daxili karantin sertifikatı verilir. Daxili karantin sertifikatı 2 nüsxədə hazırlanır, biri mal sahibinə verilir, digəri yerli Karantin Xidmətində qalır. Daxili karantin sertifikatının verilməsi barədə Dövlət Xidmətinin yerli qurumu tərəfindən məhsulun Respublikadan ixrac olunduğu sərhəd fitosanitar nəzarəti məntəqəsinə bildiriş göndərilir. Mal sərhəd karantin xidmətinə gətirilərkən xidmət tərəfindən mala vizual karantin baxışı keçirilir və uyğunsuzluq olmadıqda xidmət tərəfindən 2 nüsxədə hər nəqliyyat vahidinə sertifikat verilir. Onun bir nüsxəsi ərizəçiyə (yük sahibinə) verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin sərhəd fitosanitar nəzarəti məntəqəsində saxlanılır.

İxrac olunan yüklər sərhəddə fitosanitar nəzarəti məntəqəsində boşaldılmadan birbaşa xarici dövlətlərə göndərilərkən bitki və bitkiçilik məhsulları mal partiyası formalaşdığı və göndərildiyi yerlərdə qablaşdırılır, plomblanır və nəqliyyat vasitələrinə yüklənir. Həmin yükə Dövlət Xidmətinin yerli qurumları tərəfindən 3 nüsxədə fitosanitar sertifikatı hazırlanır və onun bir nüsxəsi həmin qurumda saxlanılır, iki nüsxəsi isə ərizəçiyə verilir. Ərizəçi yükü sərhədə çatdırdıqda, fitosanitar sertifikatının bir nüsxəsini Dövlət Xidmətinin fitosanitar nəzarəti məntəqəsinə verməlidir və yük açılmadan, bölünmədən, digər yüklərə qarışdırılmadan və yenidən qablaşdırılmadan müəyyən olunmuş qaydada üzərində vizual fitosanitar karantin baxışı həyata keçirilərək yola salınmalıdır. Tranzit olunan bitki və bitkiçilik məhsulları Azərbaycan Respublikasının ərazisində dövriyyədə olduqda, hissələrə bölündükdə, digər yüklərə birləşdirildikdə və ya yenidən qablaşdırıldıqda Dövlət Xidməti tərəfindən gömrük tələblərinə riayət edilməklə müəyyən olunmuş qaydada fitosanitar karantin baxışı aparılır, lazım gəldikdə müvafiq fitosanitar tədbirləri həyata keçirilir və təkrar ixracat fitosanitar sertifikatı verilir. Təkrar ixracat fitosanitar sertifikatı 2 nüsxədən ibarət hazırlanır, bir nüsxəsi yük sahibinə verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin müvafiq qurumunda saxlanılır.

Baytarlıq sertifikatı. Baytarlıq şəhadətnaməsi heyvanlara, kəsilmiş ətlərə və heyvan mənşəli məhsullara verilir. Şəhadətnaməni əldə etmək üçün Dövlət Baytarlıq Xidmətinə aşağıdakı sənədlər təqdim olunmalıdır: ərizə, məhsul barədə məlumat, məhsulun adı və miqdarı (hər növ üzrə), məhsulun mənşəyi barədə məlumat, məhsulun yekun təyinatı və istifadə yeri.

Tələb olunan sənədlər verildikdən və “Dövlət Rüsumu haqqında” Qanunda nəzərdə tutulan 5 manat dövlət rüsumu ödədikdən sonra məhsul baytarlıq müayinəsindən keçirilir. Uyğunsuzluq aşkar edilmədikdə həmin gün şəhadətnamə verilir. İdxal olunan məhsullara verilən baytarlıq sertifikatı məhsul müayinədən keçirilərək baytarlıq şəhadətnaməsi ilə əvəz edilir. Su, hava və dəmiryol nəqliyyatı ilə daşınan məhsullara şəhadətnamə 2 nüsxədə verilir: biri yükü müşaiət edənə, biri isə yük sahibinə. Baytarlıq şəhadətnaməsi hər yükə və ya mal partiyasına verilir. Baytarlıq şəhadətnaməsi məhsulu müşaiət edən sənədlərə daxil edilir və məhsulun üzərində qeyd edilmir.

Gigiyenik sertifikat. Gigiyenik sertifikat bütün məhsullara onların sanitar tələblərə uyğunluğunu təmin etmək üçün verilir. Bunun üçün Sanitariya və Epidemioloji Nəzarət Mərkəzinə müraciət edilməli və aşağıdakılar təqdim olunmalıdır: sanitar-epidemioloji xidmətin mütəxəssisləri tərəfindən məhsulun götürülmüş nümunəsi; istehsal olunan yeyinti məhsulları üçün əlavə olaraq istehsalçı müəssisənin sanitariya norma və qaydalarının tələblərinə uyğunluğu haqqında ərazi dövlət sanitariya nəzarəti orqanının müayinə aktı.

Sonra məhsul labaratoriyada gigiyenik qiymətləndirmədən (bioloji, kimyəvi, toksikoloji və digər göstəricilər üzrə) keçirilir. Məhsul ekspertizadan keçirildikdən sonra müsbət rəy verilir və gigiyenik qeydiyyata alınaraq reyestrdən keçirilir. Bundan sonra məhsula 10 iş günü ərzində gigiyenik sertifikat verilir. Gigiyenik sertifikat yerli məhsullara 1 il müddətinə, idxal olunan məhsullara isə 6 ay müddətinə verilir.

Mənşə sertifikatı. Malın mənşə ölkəsi dedikdə, malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya müəyyən meyarlar əsasında kifayət qədər emal/təkrar emala məruz qaldığı ölkə başa düşülür. Malın mənşə sertifikatı Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar üzərində tarif və qeyri-tarif tədbirlərinin, o cümlədən qanunvericiliklə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə müəyyən olunur. Mənşə sertifikatının alınması malların ixracı zamanı idxalçı ölkədə güzəştli şərtlərlə idxal gömrük rüsumlarını ödəməyə imkan verir. Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərə malların ixracı zamanı “CT-1” formalı, Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə (GSP+) daxil olan inkişaf etmiş ölkələrə malların ixracı zamanı “A” formalı, MDB və Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə (GSP+) daxil olmayan ölkələrə malların ixracı zamanı “Ümumi” formalı mənşə sertifikatları verilir.

Mənşə sertifikatı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən hüquqi və fiziki şəxslərin müraciəti əsasında verilir. Sifarişçinin mənşə sertifikatının verilməsinə dair ərizəsinə Dövlət Xidməti tərəfindən ərizənin təqdim olunduğu tarixdən 3 gündən gec olmayaraq baxılır və müvafiq qərar qəbul olunur. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar Dövlət Xidmətinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən aparılır. Ərizəyə baxılıb müsbət cavab verildikdə müqavilə bağlanılır, tələb olunan digər sənədlər təqdim olunur və “Dövlət Rüsumu haqqında” Qanunda nəzərdə tutulan 20 manat ödəniş edilir. Eyni zamanda ixrac məqsədli məhsullar üçün mənşə sertifikatı alarkən onların ekspertizası aparılmalı və bunun üçün Tarif Şurasının 2011-ci il 9 saylı Qərarında müəyyən edilən müvafiq xidmətə görə nəzərdə tutulan tarif ödənilməlidir. Mərkəzin eksperti tərəfindən təqdim olunmuş sənədlərin tamlığı və düzgünlüyü müəyyən olunduqdan sonra malın mənşə ölkəsi müəyyən edilir. Ekspertizanın keçirilməsi zamanı həmçinin ixrac edilən mal partiyasının mövcudluğu, malın texnoloji prosesinin mərhələlər üzrə istehsal olunub-olunmadığı, istehsal üçün zəruri olan avadanlıqların və şəraitin olub-olmadığı araşdırılır, daha sonra ekspertiza aktı tərtib edilir və aktda ekspertizanın nəticələri göstərilir. Ekspertizanın nəticələrinə əsasən Dövlət Xidməti tərəfindən sifarişçinin ərizəsinə dair müvafiq qərar qəbul edilir.

Uyğunluq sertifikatı. Uyğunluq sertifikatı məhsulun müvafiq standartın tələblərinə uyğunluğunu təsdiq etmək üçün Nazirlər Kabinetinin 343 saylı Qərarında əks olunmuş məcburi sertifikatlaşdırılmalı məhsulların siyahısında göstərilmiş məhsullara verilir. Sertifikatın verilməsi üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ərazi sertifikatlaşdırma idarələrinə müraciət etmək lazımdır. Müraciət zamanı aşağıdakılar təqdim olunur:

Seriya şəklində istehsal olunan məhsullar üçün

  • normativ sənədlər (zərurət olduqda);
  • keyfiyyəti idarəetmə sisteminin sertifikatının surəti (olduqda);
  • istehsalçının apardığı sınaqların protokolları;
  • gigiyenik sertifikatın surəti;
  • heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsinin surəti;
  • emal olunmamış bitki mənşəli məhsullar üçün fitosanitar sertifikatının surəti;
  • qanunvericilikdə nəzərdə tutulduğu halda xüsusi razılığın surəti;

Partiya şəklində istehsal olunan məhsullar üçün

  • müqavilənin surəti;
  • sınaq protokolları (olduqda);
  • gigiyenik sertifikatın surəti;
  • istehsalçının məhsula verdiyi keyfiyyət sertifikatının surəti (olduqda);
  • heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsinin surəti;
  • emal olunmamış bitki mənşəli məhsullar üçün fitosanitar sertifikatının surəti;

Sənədlər qəbul edildikdən və Tarif Şurası tərəfindən təsdiq edilmiş xidmət haqqı ödəndikdən sonra seçilmiş sertifikatlaşdırma sxeminə uyğun olaraq sertifikatlaşdırma prosesinə başlanılır. Sertifikatlaşdırma prosesi aşağıdakı kimi olur: təqdim edilmiş sənədlərin təhlili; sertifikatlaşdırma sxeminin seçilməsi, məhsulun sınaqlarının aparılacağı akkreditə edilmiş laboratoriyanın (mərkəzin) seçilməsi; sifariş üzrə qərarın qəbul edilməsi; məhsuldan nümunə seçilməsi və məhsulun eyniləşdirilməsi; məhsul nümunələrinin sınaqları; sınaqların nəticələrinə görə uyğunluq sertifikatının verilməsi və ya onun verilməsindən imtina barədə qərarın qəbul edilməsi.

İstehsalçı məhsulu özü sınaqdan keçirmədikdə sertifikatlaşdırma orqanı məhsulun akkreditləşdirilmiş sınaq laboratoriyasında sınaqdan keçirir. Sınağın nəticələri haqqında protokol hazırlanır. Sonra seçilmiş sertifikatlaşdırma sxemində göstərildiyi halda istehsalatın nəzərdən keçirilməsi və vəziyyətinin qiymətləndirilməsi aparılır. Təqdim olunmuş sənədlər, məhsulun sınağının nəticələri, istehsalatın təhlilinin nəticələri əsasında sertifikatlaşdırma üzrə orqan qərar qəbul edir. Qərar qəbul edildikdə məhsulun uyğunluq sertifikatı və AZS uyğunluq nişanı haqqında lisenziya verilir. Sertifikatın qüvvədə qalma müddəti seçilmiş sertifikatlaşdırma sxemindən asılı olaraq 1 və ya 2 il müəyyən edilir. Bundan sonra məhsulun üzərinə AZS uyğunluq nişanı və müvafiq standart vurula bilər.

Keyfiyyət sertifikatı. Keyfiyyət sertifikatı AB ilə əldə edilmiş razılığa əsasən Birliyə ixrac olunan yeyinti məhsullarına verilir. Sertifikatın alınması üçün İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət olunmalıdır. Ərizədə məhsulun ixrac tarixi, təyinat ölkəsi, mənşə ölkəsi, ixrac edilən məhsulların istehsal və emal edildiyi müəssisənin təsdiqedici kod nömrəsi, gömrük çıxış məntəqəsi, məhsulun adı, miqdarı və s. məlumatlar göstərilməldir. Keyfiyyət sertifikatı ixrac olunan hər mal partiyasına verilir. Sertifikat əldə etmək üçün təqdim edilmiş ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır: mənşə sənədinin əsli; uyğunluq sertifikatı; gigiyenik sertifikat; alqı-satqı müqaviləsi; ixrac olunan məhsulun növündən asılı olaraq mövcud qanunvericiliyə uyğun fitosanitar sertifikatı, baytarlıq şəhadətnaməsi, ovlanmış heyvanlara üçün müvafiq orqanın icazəsi və ovun qadağan olunmamış müddətdə ovlanması və müəssisəyə daxil olduğu haqda sənəd, Avropa Komissiyasının müvafiq direktivləri və şura reqlamentləri ilə müəyyən edilmiş digər sənədlər; ixrac ediləcək məhsula dair hesab-faktura (invoys).

Sənədlər təqdim olunduqdan sonra Xidmət əməkdaşları tərəfindən istehsal edilmiş və qablaşdırılmış məhsullardan nümunə götürülür və laboratoriyada ekspertizadan keçirilir. Ekspertizanın nəticəsi haqqında isə rəy tərtib olunur. Bundan sonra AB-nin tələbinə əsasən ixracatçı müəssisənin istehsal prosesinin HACCP planına uyğun olması üzrə müşahidələr aparılır. Nəticələr müsbət olduqda verilən rəylər və təqdim olunan sənədlər əsasında dəyərləndirmə aparılır və keyfiyyət sertifikat verilir. Sertifikat 3 nüsxədə hazırlanır, biri səlahiyyətli orqanda qalır, 1-i malı müşaiət edən sənədərə daxil edilir, bir isə müəssisəyə verilir. Məhsul ixrac olunduqdan sonra 3 gün ərzində doldurulmuş yük gömrük bəyannaməsinin surəti ərizəçi tərəfindən Xidmətə təqdim olunmalıdır.

Xarici bazarlara çıxış formaları

İxracatçılar öz məhsullarının xarici bazalara çatdırılmasını bir neçə variantlar üzrə həyata keçirə bilər ki, buna xarici bazarlara giriş formaları deyilir (modes of foreign market entry). Xarici bazarlara giriş formaları (malların satışı) birbaşa, dolayı və partnyorluq kimi təsnifləşdirilir. Giriş formasının seçilməsi məhsuldan, onun satış xüsusiyyətindən, nəqliyyat, daşıma və gömrük xərclərindən və digər amillərdən asılıdır.

Birbaşa ixrac. Bu mal ixracatçının özü tərəfindən hədəf bazarda malın müxtəlif vasitələrlə satılmasıdır. Bu variantın üstünlüyü ixracatçının hədəf bazardakı ticarətinə və mallarının marketinqinə birbaşa nəzarət etmək imkanının olmasıdır. Lakin, bu variantın xərcləri çox olur və kiçik müəssisələr üçün o qədər də əlverişli deyil. Birbaşa ixrac təsnifatına aşağıdakı giriş formaları daxildir:

  • Malın birbaşa son istifadəçilərə satılması;
  • Kataloqları paylamaqla sifarişlərin alınması və çatdırılması;
  • Potensial müştərilərlə e-mail vasitəsilə əlaqə nəticəsində satışın həyata keçirilməsi;
  • E-satış (online market və s.);
  • Nümayəndəni potensial bazarlara göndərməklə müştəri yığılması və malın çatdırılması;
  • Nümayəndəlik açmaqla satış - potensial bazarlarda filial və nümayəndəlik açmaqla müştərinin cəlb olunması və malın ixrac edilərək nümayəndəlik tərəfindən paylanması;
  • Ticarət sərgilərində iştirak etməklə satış;

Partnyorluq və ya alyans əsaslı ixrac formaları. Bu variantda ixracatçı idxalçı ölkədə özünə ticarət tərəfdaşı tapmaqla ortaq müəssisə açır və idxalçı ölkə bazarına həmin tərəfdaş vasitəsilə girir. Bu variantın üstünlüyü ondan ibarətdir ki, xərcləri nisbətən aşağıdır və ixracatçı tərəfindən marketinq araşdırmalarının aparılmasına ehtiyac olmur. Mənfi cəhəti ondan ibarətdir ki, ixracatçının xarici bazarlara və məhsulların marketinqinə, xüusilə də əqli mülkiyyət hüquqlarının müdafiəsinə nəzarət imkanları azalır. Bu təsnifata aşağıdakı variantlar daxildir:

  • Lisenziya əsasında istehsal və satış – bu halda məhsul istehsalçısı hədəf bazarın müəssisəsinə onun əmtəə nişanından istifadə edərək onun istehsal texnologiyasına uyğun məhsul istehsal edib satışını təşkil edir.
  • Françayzinq əsasında istehsal və satış - Bu da lisenziyanın bir növüdür, yəni, mal digər ölkədə eyni adda istehsal edilir.
  • Birgə müəssisə (joint venture) - ortaq kapital və idarəetmədə hər iki tərəfin iştirakı ilə açılan müəssisədir ki, müasir dövrdə bu biznes növü geniş yayılıb. Çünki, bu variantda digərlərindən fərqli olaraq xərclər nisbətən aşağı olur və ixracatçı birgə müəssisədə tərəfdaş olduğuna görə əqli mülkiyyət hüquqlarına nəzarət edə bilir.
  • Tam kapital əsasında açılan müəssisə - digər ölkənin ərazisində 100% kapital qoymaqla açılan müəssisədir.

Dolayı ixrac formaları. Bu variantda ixracatçı xarici bazarlara yalnız vasitəçilərdən istifadə etməklə girir. Belə olduqda ixracatçı xarici bazara birbaşa girmir və məhsullarını özü təqdim etmir. Bu təsnifata daxil olan variantların üstünlüyü ondan ibarətdir ki, ixracatçı müştəri cəlbi və marketinq araşdırmaları üçün xərc çəkmir və beləliklə, aşağı xərclərlə ixrac edə bilir. Mənfi cəhəti isə ixracatçının mallarının marketinqinə nəzarət edə bilməməsi və xarici bazarlarla tanış olmamasıdır. Bu təsnifata aşağıdakılar daxildir:

  • Satış nümayəndəlikləri və ya agentlər mala müştəri tapır və onu mal sahibi ilə əlaqələndirməklə komissiyon əsasda gəlir əldə edir;
  • Distribyutorlar distribyutorluq müqaviləsi bağlamaqla malı mal sahibindən daha ucuz qiymətə alır və sərbəst satışını həyata keçirir;
  • Topdansatış şirkətləri malı birbaşa istehsalçıdan alaraq idxal edir və satır;
  • İxracın idarəolunması şirkətləri ixracatçı ölkədə yerləşməklə malın ixracını və idxalçıya çatdırılmasına dair bütün işləri həyata keçirir. Bu gömrük brokeri də ola bilər;
  • İxrac ticarət şirkətləri daha çox agent kimi fəaliyyət göstərir, yəni satıcı ilə alıcı arasında vasitəçilik funskiyasını həyata keçirir;
  • Ticarət evləri və s.

Tarif və qeyri-tarif tədbirləri

Xarici bazarlara girişi zamanı ixracatçının ticarətinə ciddi təsir edən amillərdən biri də idxalçı ölkənin daxili bazarın qorunması və milli maraqlarının təmin olunması üçün idxala tətbiq etdiyi tarif və qeyri-tarif tədbirləridir (ticarət rejimi). Deməli, tarif və qeyri-tarif tədbirləri (xarici ticarət rejimi) dedikdə, mallara tətbiq olunan tarif məhdudiyyətləri və güzəştləri, eləcə də malların idxalına və ixracına tətbiq olunan kvotalar, qadağalar, lisenziyalar, icazələr və digər tədbirlər (qeyri-tarif tədbirləri) nəzərdə tutulur.

  • Tarif tədbirləri
  1. Gömrük rüsumunun aradan qaldırılması;
  2. Gömrük rüsumu güzəştlərinin verilməsi;
  3. Tarif kvotalarının tətbiqi. Tarif kvotası dedikdə idxal olunan malın idxal rüsumunun müəyyən miqdarda idxalına qədər (məsələn, illik 10 ton idxal olunana qədər) aşağı olması,həmin miqdarda idxaldan sonra rüsumun yuxarı qaldırılması nəzərdə tutulur;
  4. Qoruyucu tədbirlər, anti-dempinq və kompensasiya rüsumlarının tətbiqi məqsədilə idxal rüsum dərəcələrinin qaldırılması;
  • Qeyri-tarif tədbirləri: kvotalar; idxal lisenziyası; mənşə ölkəsi; təhlükəsizlik, keyfiyyət, sanitariya, ətraf mühit, fitosanitar, baytarlıq tədbirləri; idxal qadağaları; dövlət müəssisələri, subsidiyalar və satınalmalar; xüsusi məhsulların idxal rejimi; gömrük qiymətləndirilməsi və görmük yığımları; valyuta nəzarəti və mübadilə məhdudiyyətləri; ixrac məhdudiyyətləri; qiymətə nəzarət və s.

Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (Generalized System of Preferences - GSP). GSP müəyyən qrup mallar üçün idxal gömrük tariflərinin tutulmaması və ya güzəştli tutulmasını nəzərdə tutuan bir sistemdir. GSP sistemində ümumi və xüsusi tədbirlər nəzərdə tutulur. Ümumi tədbirlər ümumi ticarət güzəştləri əsasında bütün inkişaf etməkdə olan ölkələrə tətbiq edilir.

GSP+ proqramına qoşulma şərtləri. Ölkələrin GSP+ proqramına qoşulması üçün aşağıdakı şərtlərə uyğun gəlməsi lazımdır:

  • GSP+ proqramına qoşulmaq üçün ölkə “ən az inkişaf etmiş ölkə statusu” daşımalı və ya insan hüquqlarına, əmək hüquqlarına, ətraf mühitin mühafizəsinə, keyfiyyətin idarəedilməysinə dair BMT-nin 27 əsas Konvensiyasına qoşulmalı və ölkədə bu Konvensiyaların müddəalarını tam təmin edən qanunvericilik bazası mövcud olmalıdır.
  • Benefisiar ölkə Dünya Bankının təsnifatında yüksək gəlirli ölkə kimi əks olunmamalıdır.

Məhsulları GSP çərçivəsində ixrac etmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən “Forma A” mənşə sertifikatı əldə edilməlidir.

Hal-hazırda ABŞ, İsveçrə, Norveç və Yaponiya Azərbaycan mənşəli məhsulların GSP çərçivəsində bu ölkələrə ixrac edilməsinə imkan yaradır. Sözügedən ölkələrin tətbiq etdiyi GSP şərtləri haqqında ətraflı məlumatı aşağıda göstərilən linklərdən əldə etmək mümkündür:

ABŞ - http://unctad.org/en/Docs/itcdtsbmisc58rev2_en.pdf

İsveçrə - http://unctad.org/en/PublicationsLibrary/itcdtsbm28rev3_en.pdf

Yaponiya - http://unctad.org/en/Docs/itcdtsbmisc42rev4_en.pdf

Norveç - http://www.doc.gov.lk/web/images/stories/pdf/norway_gsp.pdf

Qoruyucu tədbirlər, anti-dempinq və kompensasiya rüsumları. Malların ixracı zamanı onların idxalçı ölkədə ticarətinə təsir edən tarif tədbirlərindən, eləcədə GSP+ rejimi zamanı verilən güzəştlərin aradan qaldırılmasına təsir edən amillərdən biri də idxal olunan mallara qoruyucu, anti-dempinq və kompensasiya rüsumunun tətbiq edilməsidir. Belə ki, idxal olunan malların həcmi və qiyməti daxili bazara və yerli istehsalçılara zərər verdikdə, eləcə də yerli istehsalçılara dəyən ziyanlarla idxal arasında səbəb-nəticə əlaqəsi olduqda, yəni yerli istehsalçılara dəyən ziyanın məhz idxal səbəbindən olduğu sübut edildikdə mallara tətbiq olunan güzəştlər aradan qaldırılır və ya idxal rüsumu artırılır.

  • Qoruyucu tədbirlər. Ölkəyə idxal olunan hər hansı məhsulun həcmində kəskin artım olduqda və bu artım daxili bazarda eyni məhsul üzrə yerli istehsala ciddi zərər vurduqda idxal olunan məhsullara qoruyucu tədbirlər tətbiq olunur. Qoruyucu tədbirlərə verilmiş güzəştlərin aradan qaldırılması, kvotanın tətbiqi və ya idxal gömrük rüsumların dərəcələrinin yüksəldilməsi daxildir. Qoruyucu tədbirlər 4 il müddətinə bütün idxalçı ölkələrə tətbiq olunur, ancaq bu 8 ilə qədər uzadıla da bilər. Qoruyucu tədbirlər yalnız idxalçı ölkənin özəl sektorunun vəsadəti əsasında araşdırılma aparıldıqdan və sübuta yetirildikdən sonra, eləcədə ÜTT üzvləri məlumatlandırıldıqdan sonra tətbiq oluna bilər. Kəmiyyət məhdudiyyətinin (kvotalar) səviyyəsi son 3 ildəki faktiki idxalın orta dərəcəsindən aşağı olmamalıdır. Qoruyucu tədbirlər müvəqqəti tədbir kimi də tətbiq edilə bilər və maksimum müddəti 200 gün olmalıdır.
  • Anti-dempinq rüsumu. İdxal yerli məhsul istehsalına zərər vurarsa, onda idxal rüsum dərəcəsinin yüksəldilməsi ilə anti-dempinq tədbiri tətbiq edilə bilər. Anti dempinq tədbiri yalnız müvafiq məhsulu dempinqə məruz qalan ölkəyə tətbiq edilir. Ancaq qoruyucu tədbirlərdə olduğu kimi anti-dempinq rüsumunun tətbiqi üçün idxal olunan məhsulların qiymətinin aşağı olması ilə yerli istehsala dəyən zərər arasında səbəb–nəticə əlaqəsi sübut olunmalıdır. Bunun üçün məhsulun normal dəyəri təyin edilməli və qiymətin ucuzlaşdırılması haqqında sübutlar olmalıdır.
  • Kompensasiya rüsumu. İdxal olunan məhsul istehsal ölkəsində dövlət tərəfindən subsidiyalara məruz qalarsa və malın dəyəri beləcə normal qiymətindən aşağı düşərsə və ucuz qiymət yerli istehsala zərər vurarsa, idxalçı ölkə bir o qədər idxal rüsumunu qaldıra bilər. Kompensasiya rüsumu dövlət tərəfindən müvafiq məhsulu subsidiyalaşdırılan ölkələrə tətbiq edilir. Bunun üçün ixracatçı ölkədə araşdırma aparıb həmin ölkənin subsidiyalaşdırma siyasəti öyrənilməli və sübut edilməlidir. Araşdırma 1 il müddətində aparılmalı və qərar haqqında idxalçı ölkə məlumatlandırılmalıdır.

Avropa Birliyinin idxalla bağlı tələbləri

Avropa Birliyində idxalla bağlı tələbləri bunlardır: gömrük rejimləri, idxal ticarət rejimi, qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığı, ətraf mühitin mühafizəsi, texniki tələblər, markalanmaya tələblər.

AB-də gömrük rejimləri. Avropa Birliyində gömrük məsələləri Komissiya tərəfindən qəbul edilmiş Gömrük Məcəlləsi ilə tənzimlənir. 27 üzv ölkədə tətbiq edilən bu məcəllə AB-yə vahid idxal prosedurlarını müəyyənləşdirir. AB-də bu idxal gömrük rejimləri mövcuddur: sərbəst dövriyyə üçün buraxılış, tranzit, gömrük anbarı, gömrük nəzarəti altında emal, müvəqqəti idxal, azad zonalar və anbarlara giriş. Bu rejimlər üzrə idxal şərtləri və gömrük ödənişləri təxminən bizdə olduğu kimidir. Belə ki, mallar Avropa Birliyində alqı-satqı obyekti olduqda və Birlik daxilində istehlak olunduqda malın idxalından gömrük rüsumu tutulur.

AB-də tarif və qeyri-tarif tədbirləri. Avropa Birliyində idxala tətbiq olunan tarif və qeyri-tarif tədbirləri aşağıdakılardan ibarətdir:

  • Tarif tədbirləri: idxal tarif kvotaları - bəzi kənd təsərrüfatı malları üçün; oruyucu tədbirlər – bəzi xüsusi məhsullar üçün; anti-dempinq və kompensasiya rüsumları – məhsulu dempinqə və subsidiyalaşdırmaya məruz qalmış bəzi ölkələrin məhsulları üçün.
  • Qeyri-tarif tədbirləri: bəzi məhsullar üçün kvotalar; idxal lisenziyası – bəzi kənd təsərrüfatı, tekstil və metal tərkibli məhsullar üçün; sanitar və fitosanitar tədbirlər, texniki tələblər, keyfiyyət tələbləri; bəzi kənd təsərrüfatı məhsulları üçün idxal sertifikatının tətbiqi; konkret məhsullarla bağlı digər tədbirlər.

Avropa Birliyində qida təhlükəsizliyi. AB-də insan və heyvan qidasına dair tələblər direktivlər əsasında müəyyənləşdirilib. AB-də qida məhsullarının idxalına dair tələblər aşağıdakı məhsul kataqoriyaları üçün fərqli müəyyənləşdirilib:

  • Heyvan mənşəli məhsullara dair tələblər. Heyvan mənşəli məhsullar üçün Avropa Birliyində aşağıdakı tələblər mövcuddur:
  1. AB-ə siyahıya daxil edilmiş ölkələrin səlahiyyətli orqanı tərəfindən verilmiş icazə əsasında idxal oluna bilər;
  2. Mallar sərhəddə baytarlıq nəzarət məntəqələrinə yoxlama üçün təqdim olunmalıdır;
  3. Mallar baytarlıq yoxlaması üçün zəruri sertifikatlarla (baytarlıq sertifikatı) müşaiyət olunmalıdır;
  4. 2002/99/EC Direktivinin heyvan sağlamlığına dair tələblərinə uyğun olmalıdır;
  5. Mümkün olduğu təqdirdə sağlamlıq və identifikasiya markasına malik olmalıdır;
  • Bitki mənşəli məhsulların idxalına tələblər. Bitki mənşəli məhsullar aşağıdakı tələblərə cavab verdikdə idxal oluna bilər:
  1. Bitki və bitki məhsulları istehsaldan əvvəl, istehsal zamanı və digər mərhələlərdə qoyulmuş gigiyenik və fitosanitar tələblərə uyğun olmalıdır;
  2. Məhsullar fitosanitar sertifikata malik olmalıdır;
  3. Sərhəd İnspeksiya Postunda yoxlamadan keçməlidir;
  4. Mallar sərhədə çatmamışdan qabaq məlumatlandırılmalıdır;
  5. Bitki məhsulları ilə yanaşı bitki əlavələri, bitki məhsulları ilə əlaqədə olan materiallar da tələblərə uyğun olmalıdır;
  • Qarşısıq malların (bitki və heyvan məhsulu) idxalına dair tələblər. Qarışıq mallar aşağıdakı tələblərə cavab verməlidir:
  1. Qarışıq məhsullar gigiyenik, sanitar, fitosanitar və baytarlıq tələblərinə uyğun olmalıdır;
  2. İstehsalı HACCP prinsiplərinə uyğun olmalıdır;
  3. Heyvan mənşəli məhsul olduqda, AB-nin təsdiq etdiyi siyahıya daxil edilmiş ölkədən idxal olunmalıdır və s.
  • Ətraf mühitlə bağlı tələblər. İdxal olunan malların ətraf mühitə zərərli təsirlərinin qarşısını almaq məqsədilə AB-də aşağıdakı tələblər müəyyənləşdirilib:
  1. İdxal olunan təhlükəli kimyəvi məhsullar nəzarətdən keçirilməlidir;
  2. Təhlükəli dərmanlar və preparatların istehsalı, qablaşdırılması və markalanması AB-nin tələblərinə uyğun olmalıdır;
  3. Məhsulların və onların qablaşdırılması və tullantıları AB Direktivlərinə uyğun olmalıdır;.
  4. Gübrələrə, deterqantlara, azon tərkibli maddələrə dair xüsusi tələblər yerinə yetirilməlidir;
  5. Tullantılar idxal zamanı xüsusi nəzarətdən keçirilməlidir;
  • Məhsula dair texniki tələblər. Məhsula dair təhlükəsizlik tələbləri AB-də Direktivlər və standartlarda öz əksini tapır. Bu direktivlərə əsasən uyğunluq sertifikatlaşdırılması aparılmalı və müvafiq məhsullar CE uyğunluq nişanı ilə markalanmalıdır. İlkin tələblər yerinə yetirilməyən və CE nişanı ilə markalanmayan məhsullar AB bazarına buraxılmır. Məhsulun texniki xüsusiyyətlərinə dair əlavə tələblər isə harmonikləşdirilmiş standartlarda öz əksini tapmışdır ki, onlar üzrə CE markalanması könüllü xarakter daşıyır. Bu halda uyğunluq sertifikatlaşması olmadan da mallar AB-ə idxal oluna bilər.
  • AB-nin markalanmaya dair tələbləri. Yeyinti məhsulları üçün markalanmaya dair AB-nin tələbləri (məhsulun üzərində qeyd olunmalı məlumatlar) bunlardır: yeyinti məhsulunun satılarkən adı; məhsulun tərkibi; məhsulun tərkibinin miqdarı; məhsulun qablaşdırmadan qabaq çəkisi; məhsulun istismar müddəti; saxlanma və istifadə şəraiti; istehsalçının adı, ünvanı və əlaqə vasitələri; məhsulun mənşə ölkəsi; məhsulun istifadə qaydaları; məhsulun xüsusi tərkibi – GMO, təhlükəli maddələr və s.; məhsullara dair spesifik tələblər - ət və süd məhsulları, içkilər və s.

Malların AB-yə idxalı zamanı tələb olunan sənədlər:

  • Kommersiya invoysu - idxalçı ilə ixracatçı arasında sövdələşməni sübut edən və malın faktura dəyərini əks etdirən sənəddir. İstənilən dildə ola bilər.
  • Ata karnet - sərgilərdə, yarmarkalarda istifadə və elmi analizlər məqsədilə AB-ə avtomobil nəqliyyatı ilə müvəqqəti idxal olunan mallar üçün tələb olunur.
  • Gömrük dəyəri deklarasiyası - AB-də idxal zamanı malın gömrük dəyərini əks etdirən və onun əsasında gömrük ödənişləri tutulan sənəd olaraq gömrük dəyər deklarasiyası (malın dəyəri 10.000 avrodan yuxarı olduqda) təqdim olunmalıdır. Bu SAD-la birlikdə (AB-də gömrük deklarasiyası üzv ölkələr arasında razılaşdırılmış Vahid Adminstativ Sənəd (Single Adminstrative Document - SAD əsasında aparılır) təqdim olunur.
  • İdxal lisenziyası – AB-də bəzi mallar üçün ÜTT-nin İdxal Lisenziyalaşdırılması Sazişinin müddəalarına uyğun olaraq hər gətirilən mal partiyası üçün idxal lisenziyası tələb olunur.
  • İdxal sertifikatı – İdxalçının tələbi əsasında AB-nin səlahiyyətli orqanı tərəfindən idxalın axınına nəzarət, eləcə də tarif kvotalarının və qoruyucu tədbirlərin tətbiqi məqsədilə bəzi kənd təsərrüfatı məhsullarına verilən sənəddir.
  • Qablaşdırma sənədi – kommersiya invoysu ilə birlikdə təqdim olunan və hər 3-cü dərəcəli qabın içərisində olan qabların sayı, çəkisi, qablaşdırmanın növü, hər qabdakı malların miqdarı haqqında məlumat verən sənəddir.
  • Konsament – gəmi ilə daşıma zamanı malın limanda alınmasını təsdiq edən sənəddir. Bu limanda malın gəmi sahibi tərəfindən alınmasını sübut edir və idxalçıya çatdırılır.
  • Gömrük ödənişlərinin hesablanması. AB-də bu gömrük ödənişləri mövcuddur: idxal gömrük rüsumları, ƏDV, aksiz vergi, gömrük rəsmiləşdirməsinə görə yığım, anbar xidməti üçün yığım, digər spesifik yığımlar.
  • Gömrük idxal rüsumları. Malın gömrük rüsumu kombinə edilmiş nomenklaturada hər mal mövqeyi üçün təyin edilmiş rüsumlardır. AB-də gömrük rüsumu advalor, spesifik və qarışıq (fixed) olaraq təyin edilmişdir. Gömrük rüsum dərəcələri AB-nin saytındakı online database (http://exporthelp.europa.eu/thdapp/index.htm) vasitəsilə təyin edilə bilər.
  • Əlavə dəyər Vergisi (ƏDV). AB-də normal ƏDV dərəcəsi minimum 15 %-dir. Ancaq üzv ölkədən ölkəyə dərəcələr dəyişir (15-25% arası). ƏDV malın gömrük dəyərinin, gömrük rüsumunun və digər gömrük ödənişlərinin cəmindən tutulur. Bəzi hallarda endirilmiş ƏDV tətbiq oluna bilər. Endirilmiş ƏDV 5-15% arası ola bilər. Bu mallar üçün endirilmiş rüsum tətbiq edilir: qida məhsulları, su məhsulları, dərman vasitələri, tibbi avadanlıqlar, kitablar və digər nəşr materialları, sərgilərdə, muzeylərdə, yarışlarda istifadə məqsədilə gətirilən mallar və s.
İnteraktiv Xəritə