Çikaqo şəhərindəki DeVray Universitetinin Keller adına Menecment ixtisasartırma məktəbində "Mərkəzi Asiyada yeni marketinq imkanlarının araşdırılması" mövzusunda Dəyirmi masa keçirilmişdir.
Mərkəzi Asiyada Məhsuldarlıq üzrə Araşdırma Mərkəzinin və DeVray Universitetinin birgə təşkil etdikləri tədbirdə Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkiyə və Özbəkistandan ekspert və nümayəndələr iştirak etmişlər. Tədbirin əsas məqsədi ixraca və bazara yeni çıxan şirkətlərə dəstək verməkdir.
Tədbirdə Türkiyə, Özbəkistan, Qazaxıstanla yanaşı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ABŞ-dakı nümayəndəsi Elşən Baloğlanov "Azərbaycanda biznes fəaliyyəti: imkanlar və perspektivlər" mövzusunda məruzə ilə çıxış etmiş, Azərbaycan ilə əməkdaşlığa hazır olan ABŞ şirkətləri üçün maraq kəsb edən sənaye sahələrindən söz açmışdır.
Elşən Baloğlanov ərzaq və içki məhsullarının, o cümlədən şərab və konyak içkilərinin Azərbaycandan idxalı üçün mövcud əlverişli şərtlərdən bəhs etmişdir.
Tədbirdə həmçinin, bazarın müxtəlif seqmentlərinin dövlətlərarası maliyyələşdirilməsi, avadanlığın ixracı və ya ona kapital qoyuluşu, kənd təsərrüfatı sahələri üçün sığorta xidmətləri, Azərbaycanın regionlarında aqrar xidmətlərin təşkili, kiçik kənd təsərrüfatı istehsalçılarının və emal müəssisələrinin dəstəklənməsi layihələrinin həyata keçirilməsi kimi sahələrdə Amerika şirkətləri üçün perspektivlər barədə məlumat vermilşdir.