Dekabrın 8-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (İCD) təşkilatçılığı ilə Beynəlxalq İnvestisiya Konfransı keçirilib. Tədbirdə 24 ölkədən kənd təsərrüfatı, ərzaq, sənaye, maliyyə xidmətləri, təhsil və turizm sahələrində fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib. Konfransın keçirilməsində əsas məqsəd iş adamlarını Azərbaycana investisiya qoyuluşu imkanları ilə tanış etmək, konkret layihələr üzrə müzakirə aparmaqdır.
Konfransda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev tədbirin Azərbaycanın İslam İnkişaf Bankı, eləcə də Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə səmərəli əməkdaşlığının növbəti nümunəsi olduğunu və Azərbaycanla islam ölkələri arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti islam ölkələri ilə əməkdaşlığın genişləndirilməsini ölkənin xarici siyasət prioritetlərindən biri kimi müəyyənləşdirib. Məhz buna uyğun olaraq, müxtəlif sahələrdə əlaqələrimizin inkişaf etdirilməsi üçün zəruri tədbirlər görülür. İslam ölkələri Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini müxtəlif səviyyələrdə daim dəstəkləyir, işğalçı Ermənistandan torpaqlarımızı azad etməyi tələb edirlər. Gələn il Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunları da islam ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcək.
Vurğulanıb ki, Azərbaycan İslam İnkişaf Bankı, o cümlədən İCD ilə uğurla davam edən əməkdaşlığı yüksək qiymətləndirir. İndiyədək İslam İnkişaf Bankı tərəfindən ölkəmizə iqtisadiyyatın müxtəlif sahələri üzrə 18 layihə çərçivəsində 1 mlrd. ABŞ dollarına yaxın vəsait ayrılıb. Bu layihələrin 14-ü başa çatıb, 4-ü isə davam edir.
İCD tərəfindən indiyədək ölkəmizə kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı 14 layihə üzrə 130 mln. ABŞ dolları məbləğində investisiya yatırılıb. 2007-ci ildə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” təsis edilib ki, bu da uğurlu əməkdaşlığın göstəricilərindəndir.
Azərbaycana investisiya qoyuluşu üçün geniş imkanların olduğunu diqqətə çatdıran Şahin Mustafayev ölkəmizin siyasi cəhətdən sabit ölkə olduğunu, milli, dini və irqi tolerantlığı ilə seçildiyini qeyd edib. Bildirilib ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial yaradılıb. 2005-2015-ci illərdə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, ötən müddət ərzində ölkədə müasir infrastruktur yaradılıb, yüzlərlə müəssisə fəaliyyətə başlayıb. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzi olması da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Bildirilib ki, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan 150-dən çox ölkə ilə ticarət sahəsində əməkdaşlıq edir.
Azərbaycanın geniş tranzit imkanlarını diqqətə çatdıran Şahin Mustafayev Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi barədə məlumat verib, ölkəmizdə azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması istiqamətində işlərin davam etdirildiyini bildirib.
Ölkəmizdə yaradılan sənaye parkları və zonaları, aqroparklar, “Tik, idarə et, təhvil ver” modeli, ixracın stimullaşdırılması tədbirləri barədə danışan Şahin Mustafayev qeyd edib ki, hazırda kimya və sənaye üzrə Sumqayıt Kimya Sənaye Parkı, təkrar emal üzrə Balaxanı Sənaye Parkı, əczaçılıq sahəsində ixtisaslaşacaq Pirallahı Sənaye Parkı, yüngül sənaye üzrə Mingəçevir Sənaye Parkı yaradılır. Bundan başqa, 26 aqroparkın yaradılması nəzərdə tutulur. İqtisadiyyat naziri sənaye parkları və zonalarında, aqroparklarda investorlar üçün nəzərdə tutulan güzəştləri qeyd edərək, onları bu imkanlardan yararlanmağa dəvət edib. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, turizm, sosial mənzillərin tikintisi sahəsində də əməkdaşlıq və investisiya qoyuluşu üçün geniş imkanlar var.
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (İCD) baş icraçı direktoru Xalid Məhəmməd Əl Əbudi tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib, belə tədbirlərin ölkəyə investisiya qoyuluşunda, iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb. İCD-nin ölkəmizlə əməkdaşlığı barədə məlumat verən Əl Əbudi korporasiyanın Azərbaycanda həyata keçirilən bir sıra layihələrin icrasında iştirak etdiyini, özəl sektorla əməkdaşlığını, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”nin yaradılmasında iştirakını qeyd edib. Bildirilib ki, Azərbaycanda sərmayə qoyuluşu üçün geniş imkanlar var. İCD Azərbaycanda qeyri-neft sektorunun inkişafına gələcəkdə də öz töhfəsini verəcək. Korporasiyanın ölkəmizdə həyata keçirilən iqtisadi islahatları dəstəklədiyini vurğulayan Əl Əbudi İCD-nin ölkəyə investisiya qoyuluşunun artırılması, yerli məhsulların keyfiyyətinin yaxşılaşdırılması və xarici bazarlara çıxışı, birgə müəssisələrin yaradılması, tranzit potensialının artırılması sahələrinə dəstək göstərə biləcəyini qeyd edib.
Sonra “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Konfrans çərçivəsində Azərbaycanda sabit investisiya mühitinin yaradılması, ölkəmizin investisiya imkanları və Azərbaycanda fəaliyyət göstərən xarici investorların təcrübəsinə dair sessiyalar keçirilib. Sessiyalarda Azərbaycanın biznes və investisiya imkanlarına, bu sahədə həyata keçirilən tədbirlərə, ölkəmizin investisiya potensialına dair məlumat verilib, təqdimatlar keçirilib, Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri təcrübələrini bölüşüb, əməkdaşlıq və sərmayə qoyuluşu imkanlarına dair müzakirələr aparılıb, investorları maraqlandıran suallar cavablandırılıb.
Beynəlxalq İnvestisiya Konfransı iş adamları arasında müzakirələrlə başa çatıb.