RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO-da növbəti mətbuat konfransı keçirilib

İyunun 12-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.
AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev KİV nümayəndələrinin diqqətinə çatdırıb ki, Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə Azərbaycanda və xaricdə 2018-ci ilin yanvar ayından etibarən 33 tədbir və ikitərəfli görüş təşkil olunub. Bu ilin əvvəlindən 4 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 5 Anlaşma Memorandumu imzalanıb. 2018-ci ilin əvvəlindən İxracatçılar Klubunun 4 iclası keçirilib, 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib, sahibkarlıq subyektlərinə 1,7 mln. manat məbləğində ixrac təşviqi ödənilib. Ümumilikdə isə, indiyədək bu istiqamətdə sahibkarlara 5,3 mln. manat ödənilib.
Mətbuat konfransında bildirilib ki, 2018-ci ilin yanvar-may ayları ərzində "Made in Azerbaijan" brendinin xarici ölkələrdə təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Rusiyanın Həştərxan vilayətinə ixrac missiyası təşkil olunub. İxrac missiyasında tikinti materialları, tekstil, qənnadı məhsulları, meyvə-tərəvəz, təbii mineral sular və limonadlar, meyvə şirələri və s. sahələr üzrə 30-dan çox yerli şirkətin nümayəndəsi iştirak edib.
Bundan əlavə, ilin əvvəlindən Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə 4 sərgidə iştirakı təmin olunub. Belə ki, Azərbaycan şirkətləri Moskvada keçirilən “Prodexpo 2018”, Dubayda “Gulfood 2018”, Çin Xalq Respublikasının Şanxay şəhərində “Sial China 2018” və Berlində “Fruit Logistica 2018” beynəlxalq ərzaq sərgilərində "Made in Azerbaijan" vahid ölkə stendi ilə iştirak ediblər.
2018-ci ilin əvvəlindən vahid ölkə stendi mexanizmi çərçivəsində 5,5 mln. manatlıq müqavilə imzalanıb və artıq 4 mln. manata yaxın məhsul ixrac olunub.
Diqqətə çatdırılıb ki, AZPROMO Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin xarici tərəfdaşları ilə işgüzar əlaqələrinin daha da genişləndirilməsi və Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək. Belə ki, məhsul və xidmətlərin xarici bazarlarda təşviqi məqsədi ilə müvafiq beynəlxalq tədbirlərdə iştirakın təmin edilməsi, sahibkarların xarici bazarlarda fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində uğurla həyata keçirilmiş tədbirlərin davamı olaraq, dövlət başçısının 11 yanvar 2018-ci il tarixli Fərmanına əsasən, 2018-ci ildə təşkil ediləcək ixrac missiyalarının və beynəlxalq sərgilərin sayı artırılıb. Ümumilikdə, bu il 13 ixrac missiyasının təşkili nəzərdə tutulur. İxrac missiyasının maksimum müddəti 4 gündən 6 günədək, iştirakçıların sayı isə 20-dən 30-a qədər artırılıb.
Bütün bunlar isə, Azərbaycanın iqtisadi və ticarət əlaqələrinin, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinin genişlənməsinə, qeyri-neft məhsullarının ixracının artmasına, xarici ölkələrə ixrac missiyalarının və Azərbaycana alıcı missiyalarının səmərəli təşkilinə geniş imkanlar yaradır.
Hazırda Azərbaycana alıcı missiyalarının təşkili üçün hazırlıq tədbirləri görülür.