“Kreativ iqtisadiyyat” Diskussiya Klubunda AZPROMO-nun prezidenti Rüfət Məmmədov məruzə ilə çıxış edib
Fevralın 18-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun növbəti toplantısı keçirilmişdir. Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədov, habelə institutun alimləri ilə yanaşı Azərbaycan Dövlət İqtisad Universitetinin, Dövlət İdarəçilik Akademiyasının, AMEA İdarəetmə Sistemləri İnstitutunun, Vergilər Nazirliyinin, Bakı Dövlət Universitetinin, Kooperasiya Universitetinin, Azərbaycan Universitetinin, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, Bakı Biznes Universitetinin nümayəndələri də iştirak edirdilər.
İnstitutun direktoru, professor Nazim Müzəffərli tədbirdə əsas məruzəçi barədə məlumat verdikdən sonra AZPROMO-nun prezidenti Rüfət Məmmədov rəhbərlik etdiyi qurum tərəfindən Azərbaycanda ixracın və investisiyaların təşviqi sahəsində görülən işlər barədə geniş məlumat verdi. O, AZPROMO-nun yaradılması zəruriliyindən, özəl sektorla dövlət arasındakı əməkdaşlıqdan, AZPROMO-nun indiyədək həyata keçirdiyi layihələrdən, ölkəmizin ixrac potensialından, xarici investisiyaların cəlb edilməsi imkanlarından, ixraca yardım və sahibkarlara dövlət dəstəyindən, xarici ölkələrdə işgüzar tədbirlərin və biznes forumlarının təşkilinin əhəmiyyətindən və s. danışdı.
Sonra mövzu ətrafında geniş müzakirələr aparıldı. Xüsusən də ixracın və investisiyaların təşviqi sahəsində AZPROMO-nun fəaliyyətinin konkret nəticələri, şirkətlərin xarici bazaralara çıxması üçün onlara kömək göstərilməsi, qeyri-neft sahələrində ixracın artırılması müxanizmləri, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması və ixracının stimullaşdırılması, ixrac sahəsində müqayisəli üstün sahələrin müəyyənləşdirilməsi, ixracatçıların həvəsləndirilməsi, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması, qeyri-neft sektorunun inkişafına xarici sərmayələrin cəlb olunması və s. kimi aktual məsələlər maraqlı diskussiyalara səbəb oldu.
Çıxış edənlər - İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərli, SAM-ın direktoru Fərhad Məmmədov, AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev, prof. Tofiq Hüseynov, prof. Tarbiz Əliyev, SAM-ın şöbə müdiri Vüsal Qasımlı ixracın və investisiyaların təşviqi, ölkədə aparılan islahatlar, regional bazarlara çıxış imkanlarımız, qeyri-neft sektorunun inkişafı problemləri, dövlət qurumları ilə elmi institutlar arasında əməkdaşlıq və s. məsələlərlə bağlı öz fikirlərini bölüşdülər