RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Türkiyə ilə iqtisadi tərəfdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.

İqtisadiyyat naziri ölkələrimiz arasında yüksək səviyyəli strateji əməkdaşlığı, qardaş Türkiyə ilə möhkəm dostluq və tərəfdaşlıq əlaqələrini, Türkiyənin ölkəmizə daimi siyasi və mənəvi dəstəyini vurğulayıb. Bildirilib ki, 15 iyun 2021-ci il tarixində dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması əməkdaşlığımızın genişləndirilməsi üçün yeni imkanlar açır.

Səfir Cahit Bağcı ölkəsinin Azərbaycanla strateji müttəfiqliyini, Türkiyə şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin dirçəldilməsində fəal iştirakını qeyd edib, qardaş Türkiyənin daim Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.

Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının inkişafı istiqamətləri, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərində əməkdaşlıq, Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.