RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilib

Mayın 17-də Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Aİ-Azərbaycan əlaqələrindən danışıb, ölkəmizin əlverişli biznes və investisiya mühitindən məmnunluğunu ifadə edib. Bildirilib ki, tərəflər arasında ticarət genişlənir, 2021-ci ildə ticarət dövriyyəsi 15 milyard dollardan çox olub. Yeni layihələrin icrasının tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyini qeyd edən səfir Peter Mixalko Azərbaycanın əlverişli coğrafi mövqeyinin, nəqliyyat-tranzit potensialının Aİ şirkətlərini cəlb etdiyini və onların ölkəmizdə fəaliyyətdə, eləcə də işğaldan azad olunmuş ərazilərimizin bərpası və quruculuq işlərində iştirakda maraqlı olduqlarını bildirib.  

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb, tərəflər arasında münasibətlərin artan dinamikasında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin əhəmiyyətini qeyd edib. Aİ-nin Azərbaycanın ən böyük investisiya tərəfdaşı olduğunu diqqətə çatdıran nazir indiyədək Avropa İttifaqı ölkələrindən Azərbaycan iqtisadiyyatına 20 milyard avrodan çox sərmayə yatırıldığını, Aİ-nin ölkəmizə Tvinninq və digər mexanizmlərlə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulanıb ki, 6-cı nəşr “Aİ Biznes Mühiti Hesabatı 2021” də qarşılıqlı əməkdaşlığın genişlənməsinin, Azərbaycan-Aİ işgüzar əlaqələrinin inkişaf etdirilməsinə böyük marağın göstəricilərindəndir.  

İqtisadiyyat naziri biznes forumda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələr verdiyini vurğulayıb, son illər ölkəmizin fiskal gəlirlərinin, vergiödəyicilərinin sayının, məşğulluğun, ticarət dövriyyəsinin artmasını, sahibkarlığın inkişafını qeyd edib, iqtisadi inkişafın davamlılığının dəstəklənməsini təmin etmək məqsədilə Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərini diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmizdə iqtisadiyyatın davamlı inkişafına, innovativ sahibkarlığın, rəqəmsallaşmanın genişləndirilməsinə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Tədbirdə həmçinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan infrastruktur və tikinti layihələri barədə məlumat verilib, yeni reallıqların investisiya qoyuluşu üçün böyük imkanlar yaratdığı vurğulanaraq, Aİ-yə üzv olan ölkələr bu layihələrdə fəal iştiraka dəvət edilib. Bildirilib ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları işğaldan azad edilmiş ərazilərimizin ölkə iqtisadiyyatına reinteqrasiyasını daha da sürətləndirəcək.

Vurğulanıb ki, sahibkarlıq ölkə iqtisadiyyatı üçün xüsusilə əhəmiyyətlidir, özəl bölmənin inkişafı üçün geniş dövlət dəstəyi mexanizmləri tətbiq edilir. Bütün bunların nəticəsi olaraq, 2026-cı ilədək Azərbaycanda KOB-ların ÜDM-də payı 60%-ə, məşğulluqda 70%-ə və qeyri-neft ixracında 40%-ə çatdırılması qarşıya hədəf kimi qoyulub.  

Tədbirdə “Aİ Biznes Mühiti Hesabatı 2021”-in təqdimatı keçirilib. Hesabata əsasən, ölkəmizdə təmsil olunan Aİ ölkələri şirkətlərinin 80%-i iqtisadi fəaliyyət üçün yenidən Azərbaycanı seçmək, 53%-i isə ölkəmizdə biznes fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildiriblər. Aİ ölkələri şirkətlərinin 54%-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmaqda maraqlıdırlar, 14%-i isə artıq investisiya layihələrində iştirak edirlər.

Biznes forumda hesabat barədə ekspertlərin rəyləri dinlənilib, işgüzar əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbir öz işini panel müzakirələrlə davam etdirir.