1 sentyabr tarixindən etibarən Azərbaycanın investisiya və xidmətlər ticarəti potensialı Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (CIFTIS) nümayiş olunur. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki Ticarət Nümayəndəsi Aparatının təşkilatçılığı ilə ölkəmiz dördüncü ildir ki, Pekində keçirilən CIFTIS sərgisində iştirak edir.
Sərgidə vahid ölkə stendi ilə çıxış edən Azərbaycanın investisiya potensialı ilə yanaşı, keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları da nümayiş etdirilir. Stenddə Ələt Azad İqtisadi Zonası, sənaye parkları və ölkəmizdən keçən beynəlxalq nəqliyyat marşrutları haqqında geniş məlumat öz əksini tapıb. Bundan başqa, sərgi iştirakçılarına İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin, həmçinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin xarici investorlara göstərə biləcəyi xidmətlər və bu qurumlarla potensial əməkdaşlığa dair geniş məlumat verilir. Stenddə SOCAR-ın “Daha “yaşıl” gələcək üçün innovasiya yarat” mövzusunda guşəsi yaradılıb. Burada SOCAR-ın yeni Korporativ Strategiyası çərçivəsində 2035-ci ilədək olan dövr üçün enerji, rəqəmsallaşma və innovasiya kimi fəaliyyət sahələri üzrə uzunmüddətli strateji hədəflər haqqında məlumat yer alır.
Qeyd edək ki, 5 sentyabr tarixinədək davam edəcək sərgidə 200-ə yaxın tədbirin keçirilməsi planlaşdırılıb. Bunlardan biri də Azərbaycanın Çindəki Ticarət Nümayəndəsi Aparatı və Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək “Azərbaycan - İnvestisiya və Ticarət İmkanları” forumudur. Bununla yanaşı, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu sərgi çərçivəsində keçiriləcək “Xarici Ölkələrə Çıxış” sammitində ölkəmizin investisiya potensialına dair təqdimatla çıxış edəcək.
Məlumat üçün qeyd edək ki, CIFTIS Çində keçirilən ən önəmli beynəlxalq sərgilərdən hesab olunur. Sərginin ümumi sahəsi əvvəlki illə müqayisədə 26 min kv/m artırılaraq 152 min kv/m təşkil edir. Sərgidə dünyanın müxtəlif ölkələrini təmsil edən 446 iri şirkət iştirak edir. CIFTIS-in daimi şüarı “Qlobal xidmətlər, ortaq rifah”dır, builki sərgi isə “Daha yaxşı inkişaf üçün əməkdaşlıq et, daha “yaşıl” gələcək üçün innovasiya yarat” devizi altında keçirilir. Bundan əlavə, sərgidə ekologiya və ətraf mühitin mühafizəsi, “yaşıl” enerjiyə qənaət, maliyyə texnologiyaları və süni intellekt kimi mövzulara da önəm verilir.