RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

HEPA ilə görüş keçirilib

HEPA ilə ölkələrin investisiya və ticarət sektorlarında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev cari ilin fevral ayında Budapeştdə keçirilən Macarıstan və Azərbaycan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 9-cu iclası çərçivəsində AZPROMO və HEPA-nın birgə təşkilatçılığı ilə Macarıstan-Azərbaycan biznes forumu və agentliklər arasında baş tutan görüşü xüsusilə qeyd edib. Bildirilib ki, qida sənayesi və ictimai nəqliyyat sektorlarında ölkələrin müvafiq qurumları və şirkətləri arasında əməkdaşlıq aparılır və sözügedən sektorlarda icra olunan və reallaşdırılması planlaşdırılan investisiya layihələrinə AZPROMO tərəfindən dəstək göstərilir. İnvestisiya layihələrinin ölkələr arasında ticarət dövriyyəsinin, o cümlədən Azərbaycandan digər ölkələrə ixracın artırılması üçün katalizator rolu oynayacağı vurğulanıb.

HEPA-nın baş icraçı direktoru Qabor Cenei Azərbaycanda keçirilən sərgilərdə Macarıstan şirkətlərinin iştirak etdiyini vurğulayaraq, bu cür tədbirlərin ticarət mübadiləsinin artırılması üçün effektiv platforma olduğunu diqqətə çatdırıb. Sahibkarların hər iki ölkədə təşkil olunan sərgilərdə daha geniş heyətdə iştirakının təmin olunması və ölkələrdəki idxalçılar ilə əlaqələndirilməsi məqsədilə agentliklər arasında məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.