RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞƏT Nümayiş Zonası - Azərbaycanda logistika və ticarətin təşviqi konfransı keçirilib

Tədbir çərçivəsində iki ölkə arasında ticarət, nəqliyyat-logistika və investisiya əlaqələrinin inkişaf imkanları haqqında müzakirələr aparılıb, təqdimatlar keçirilib, ikitərəfli sənədlər imzalanıb.

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Çin-Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Yerli İqtisadi və Ticarət Əməkdaşlığı Nümayiş Zonasının (SCODA) İnzibati Komitəsinin birgə təşkilatçılığı, Çinin Azərbaycandakı Səfirliyi, Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsi Aparatının dəstəyi ilə ŞƏT Nümayiş Zonası-Azərbaycanda logistika və ticarətin təşviqi konfransı keçirilib. Tədbirdə hər iki ölkədən rəsmilərlə yanaşı, ticarət, logistika və turizm sektorlarından şirkətlərin nümayəndələri də iştirak edib.

Konfransda çıxış edən Çinin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao bildirib ki, Azərbaycan-Çin ikitərəfli münasibətləri əhəmiyyətli dərəcədə möhkəmlənib, iqtisadi tərəfdaşlıq isə müxtəlif sahələrdə qarşılıqlı maraqlar nəticəsində genişlənib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığı haqqında danışıb. Bildirilib ki, Azərbaycanın Çində 6 ticarət evi fəaliyyət göstərir, ölkələrimiz qlobal nəqliyyat infrastrukturu təşəbbüslərində birgə iştirak edir, sənaye və avtomobil istehsalı sahələrində isə ortaq layihələr reallaşdırırlar.

Tədbirdə Çin Kommunist Partiyasının İşçi Komitəsinin katibinin müavini və SCODA İnzibati Komitəsinin icraçı direktorunun müavini Li Qanq SCODA-nın Azərbaycan ilə beynəlxalq ticarət sərgilərində birgə fəaliyyətini vurğulayaraq qurumun ölkəmizin bir sıra təşkilatları ilə mühüm razılaşmalar imzaladığını diqqətə çatdırıb.

Konfransda həmçinin Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, o cümlədən Dövlət Turizm Agentliyi, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası və Çindao şəhər bələdiyyəsinin nümayəndələri ölkələrimizin biznes, ticarət və tranzit imkanları, eləcə də Azərbaycan-Çin əlaqələrinin müxtəlif platformalar və formatlarda inkişafı haqqında çıxışlar edib, təqdimatlar keçiriblər.

Konfrans çərçivəsində hər iki ölkənin müvafiq qurumları arasında nəqliyyat-logistika, ticarət və turizm sahələrində əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.

Tədbir B2B formatda görüşlərlə davam edib.