RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Xalçaçılıqda ənənələr və yeniliklər” mövzusunda forum keçirilib

Tədbirdə yerli və xarici mütəxəssislər, sənət adamları, gənc alimlər və sənətsevərlər iştirak edib, plenar sessiyalar təşkil olunub.

2-4 may 2025-ci il tarixlərində Bakıda keçirilən Beynəlxalq Xalça Festivalı çərçivəsində bu gün Bakı Biznes Mərkəzində “Xalçaçılıqda ənənələr və yeniliklər” mövzusunda Beynəlxalq Xalça Forumu keçirilib. Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə baş tutur. Forumda yerli və xarici mütəxəssislər, sənət adamları, gənc alimlər, təşkilatçı qurumların rəhbərləri və sənətsevərlər iştirak ediblər.

Tədbirin açılışında çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, artıq ənənə halını almış bu görüşlər hər il mayın əvvəlində keçirilir. Bu da Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Sərəncama əsasən, 5 may tarixinin Azərbaycanda Xalçaçı Günü kimi qeyd olunması ilə bağlıdır: “Çox şadıq ki, belə bir bayram ərəfəsində biz artıq ikinci ildir ki festival keçiririk. Keçən il Milli Xalça Festivalını təşkil etdik. O gözəl uğurun davamı olaraq bu il Beynəlxalq Xalça Festivalına start verdik. Festivala müxtəlif ölkələrdən qonaqlar dəvət olunub. Hər birinizi İçərişəhərdə maraqlı və zəngin proqramlı festival gözləyir”.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud isə çıxışında xalçanı sadəcə bir əşya deyil, millətin yaddaşı, duyğusu, kimliyi və tarixi kimi dəyərləndirib: “Azərbaycan xalçaçılıq sənəti əsrlər boyunca dünya mədəniyyətinə öz töhfəsini verib və bu gün də canlı şəkildə yaşamaqda davam edir”.

Forumun açılış mərasimində AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı və Tatarıstan Respublikasının Mədəniyyət sahəsində innovasiyaların tətbiqi və ənənələrin qorunması üzrə Resurs Mərkəzinin direktoru Alsu Miftaxova da çıxış edərək forum iştirakçılarına uğurlar arzulayıblar. Qeyd olunub ki, bu cür tədbirlər xalçaçılıq sənətinin beynəlxalq səviyyədə tanıdılması, təcrübə və bilik mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Forum daha sonra plenar sessiyalarla işini davam etdirib.

Qeyd edək ki, 3-4 may tarixlərində Beynəlxalq Xalça Festivalı İçərişəhərin tarixi küçələrində davam edəcək. Qədim karvansaralar və meydanlar xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqili tədbirlərə ev sahibliyi edəcək. Müxtəlif ölkələrdən gəlmiş nümayəndə heyətləri öz xalçaçılıq ənənələrini təqdim edəcək, iştirakçı ölkələrin milli pavilyonları fəaliyyət göstərəcək.