Tədbirdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, müxtəlif sahələr üzrə yeni tərəfdaşlıq perspektivləri müzakirə olunub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Sian Bələdiyyəsinin İnvestisiya və Əməkdaşlıq Bürosunun təşkilatçılığı ilə Bakıda keçirilən Sian-Azərbaycan (Bakı) iqtisadi və ticarət əməkdaşlığı konfransında iştirak edib. Bir sıra dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələrinin iştirak etdiyi tədbir Orta Dəhliz və Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu çərçivəsində birgə fəaliyyət imkanlarının dərinləşdirilməsinə həsr olunub.
Konfransda çıxış edən AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan və Çin arasında iqtisadi-ticarət münasibətlərinin son illər ərzində sürətlə inkişaf etdiyini və şaxələndiyini qeyd edib. O, qarşılıqlı investisiya layihələri, qeyri-neft ixracının təşviqi və “Made in Azerbaijan” brendinin Çin bazarında tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirdə həmçinin digər iştirakçılar tərəfindən təqdimatlar nümayiş etdirilib, ticarət, nəqliyyat-logistika, sənaye, enerji və İKT sahələri üzrə tərəfdaşlıq perspektivləri müzakirə olunub.