RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun açılış mərasimi keçirilib

Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda qlobal iqtisadi gündəm və investisiya perspektivləri müzakirə olunacaq, sənədlər imzalanacaq.

Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – “AIIF 2026”) açılış mərasimi keçirilib.

Tədbirin açılışında Prezident İlham Əliyevin İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciəti oxunub. Müraciəti Baş nazirin müavini Samir Şərifov təqdim edib. 

İqtisadiyyat Nazirliyi və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən Forum 2 gün davam edəcək. Tədbir “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub. Forum yeni tərəfdaşlıqların qurulması, investisiyaların cəlb edilməsi və yeni iqtisadi imkanların yaradılması baxımından mühüm platformadır. Məqsəd - konkret layihələr üzrə tərəfdaşlıqlar qurmaq və qarşılıqlı rifaha xidmət edən birgə fəaliyyət mexanizmləri formalaşdırmaqdır.

Forum çərçivəsində təşkil ediləcək sessiyalarda qlobal iqtisadi və geosiyasi proseslərin iqtisadi artıma və investisiyalara təsiri, bu fonda Azərbaycanın strateji mövqeyi, regional bağlantı və investisiya imkanları, müxtəlif sahələrə aid əməkdaşlıq perspektivləri müzakirə olunacaq. 

Beynəlxalq iqtisadi tədbir çərçivəsində Azərbaycana aid qurumların müxtəlif xarici şirkət və tərəfdaşlarla işbirliyinə dair sənədlər imzalaması və mübadiləsi nəzərdə tutulur.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni investisiya istiqamətlərinin və əməkdaşlıq imkanlarının təşviqinə, Azərbaycanın regional iqtisadi bağlantılarda rolunun genişlənməsinə və perspektivli layihələrin reallaşdırılmasına töhfə verəcəyi gözlənilir.