RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azerbaijan-Iran Business Forum was held in Baku

Noyabrın 16-da İran İslam Respublikasının iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İranın “Pars Pegah Tejarat” şirkətinin birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-İran biznes forumu keçirilmişdir.
Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, neft-qaz, kimya sənayesi, kənd təsərrüfatı və qida sənayesi, tikinti, mühəndislik və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak etmişdir.
Tədbirdə çıxış edən İranın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pakayin İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, ölkələrimiz arasında əməkdaşlığın iqtisadi sahədə də uğurla davam etdiyini vurğulamışdır. Səfir Pakayin bu günkü biznes forumun da iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə, iş adamları arasında yeni əməkdaşlıq istiqamətlərinin inkişafına müsbət töhfə verəcəyini vurğulamışdır.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində AZPROMO tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat vermiş və iranlı sahibkarları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət etmişdir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov konfederasiyanın fəaliyyəti və sahibkarlıq subyektləri ilə əməkdaşlığına dair, "Akkord" tikinti korporasiyasının vitse-prezidenti Samir Qasımov və İranın “Fulad Oksin” polad istehsalı şirkətinin nümayəndəsi Behranq Ehdayi təmsil etdikləri şirkətlərin fəaliyyətinə dair təqdimatlarla çıxış etmişlər.
Biznes forum Azərbaycan və İran iş adamlarının əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam etmişdir.