İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində dekabrın 27-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclası və Azərbaycan-İran biznes forumu keçirilib.
Səfər çərçivəsində İran nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq, abidəsi önünə əklil qoyublar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər. Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Dövlət Komissiyasının 11-ci iclasında çıxış edən iqtisadiyyat naziri, komissiyanın həmsədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-İran əlaqələri ortaq dinə, tarixə və adət-ənənələrə əsaslanır və xalqlarımızı sıx əlaqələr birləşdirir. Dövlət başçılarının siyasi iradəsi nəticəsində son 3 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Bu gün ölkələrimiz arasındakı əlaqələr tarixində yüksək səviyyədədir. Bildirilib ki, ötən 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb, Azərbaycan və İran nümayəndə heyətlərinin 100-ə yaxın qarşılıqlı səfəri həyata keçirilib, 40-a yaxın sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası təşkil olunub.
Azərbaycan-İran arasında iqtisadi əlaqələrin inkişafında Dövlət Komissiyasının rolunu qeyd edən Şahin Mustafayev Komissiyanın ötən iclasından keçən dövrdə görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, "Xudafərin" və "Qız Qalası" Sazişi imzalanıb və bu yaxınlarda İran tərəfi həmin sənədi ratifikasiya edib. Azərbaycan və İran arasında imzalanmış "Ordubad" və "Marazad" su elektrik stansiyalarının tikintisi və istismarı haqqında" Saziş də artıq ratifikasiya edilib. Bu sazişlərin siyasi və iqtisadi əhəmiyyəti yüksəkdir.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin I mərhələsi yekunlaşır. Artıq nəqliyyat dəhlizinin önəmli həlqələrinən olan Astara çayı üzərində dəmir yolu körpüsü və Astara stansiyasından (Azərbaycan) İran sərhəddinədək olan 8,3 km-lik dəmir yolu xətti hazırdır. İran tərəfi öz ərazisində işləri qısa müddətdə yekunlaşdıracaq. Bu il 330 kV Muğan (İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb.
2016-cı ilin avqust ayında təməli qoyulmuş Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodunun tikintisi davam edir. İranın traktor və avtobus istehsalı zavodlarının da Nefçala Sənaye Zonasında fəaliyyətinin təşkili istiqamətində müzakirələr aparılır. 2017-ci ilin yanvarında isə Pirallahı Sənaye Parkında İranla birgə əczaçılıq zavodunun təməli qoyulacaq.
Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 400-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir və onlar tərəfindən Azərbaycan iqtisadiyyatına 2,5 mlrd. ABŞ dollarından artıq investisiya yatırılıb. İran Azərbaycanın ticarət tərəfdaşlarındandır və 2016-cı ilin yanvar-noyabr aylarında ölkələrimz arasında ticarət dövriyyəsi 60%-ə yaxın artıb. Şahin Mustafayev diqqətə çatdırıb ki, təkcə 2016-cı ildə iş adamlarının iştirakı ilə 12 biznes forum, işgüzar görüş və sərgilər keçirilib. Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu əlaqələrin daha da genişləndirilməsinə imkan verəcək. Bu yolla il ərzində 12 min sərnişin daşınacaq.
Rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti 2017-ci ilin əvvəlində Təbriz və Ərdəbilə səfər edəcək. Viza rejiminin sadələşdirilməsi nəticəsində gələn ilin 10 yanvarından başlayaraq İran vətəndaşları 3 gün ərzində elektron vizalar ala biləcəklər. Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, nazir Şahin Mustafayev qeyd edib ki, kənd təsərrüfatı, sənaye, ticarət, nəqliyyat, turizm, səhiyyə, bankçılıq və s. sahələrdə əməkdaşlıq üçün böyük imkanlar var.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, son ililərdə Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə çatdığını qeyd edib. M.Vaezi ölkələrimiz arasında əlaqələrin inkişafına və Dövlət Komissiyasının işinə göstərdikləri dəstəyə görə hər iki dövlətin başçılarına təşəkkür edib. Bildirilib ki, Azərbaycan-İran Dövlət Komissiyasının fəaliyyəti digər ölkələrlə olan komissiyalarla müqayisədə bütün sahələri əhatə edir. Azərbaycana səfər çərçivəsində Azərbaycan nümayəndə heyətində 130-dan çox iş adamının təmsil olunması əlaqələrin genişləndirilməsinə olan maraqdan xəbər verir. İranlı nazir qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artması müsbət haldır və banklararası əlaqələrin genişləndirilməsi ticarət dövriyyəsini daha da artıra bilər. Bundan başqa, ölkələrimiz arasında kənd təsərrüfatı məhsullarının birgə ixracı və aqrar sahədə avadanlıqların istehsalı üçün potensial genişdir. Turizm, tranzit və yükdaşımlar sahələrində də əlaqələr uğurla davam edir.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-İran iqtisadi əməkdaşlığına, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin II mərhələsi üzrə görüləcək işlərə, ölkələrimiz arasında birgə həyata keçirilən layihələrə, ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.
Sonra İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı, sənaye, kənd təsərrüfatı, tikinti, qida sənayesi, əczaçılıq, avtomobil istehsalı, turizm, idxal-ixrac, sığorta və s. sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamının iştirakı ilə Azərbaycan-İran biznes forumu keçirilib.
Biznes forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və İran arasında siyasi əlaqələr yüksək səviyyədədir və əməkdaşlığımız iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam edir. Azərbaycan-İran iqtisadi əlaqələrinin genişlənməsi baxımından işgüzar dairələr arasında əməkdaşlığın vacibliyini vurğulayan Şahin Mustafayev 2016-cı ilin 11 ayında ölkələrimiz arasında ticarət dövriyyəsinin 60%-ə yaxın artdığını, viza rejimin sadələşdirilməsi istiqamətində işlərin görüldüyünü, bu ilin 11 ayında iş adamlarının iştirakı ilə 12 tədbirin keçirildiyini qeyd edib. Bildirilib ki, iş adamları arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlığın qurulması baxımdan biznes forum, işgüzar görüş və sərgilərin keçirilməsi önəmlidir və bu günkü biznes forum bu sahədə öz töhfəsini verəcəkdir. Qeyd olunub ki, ticarət əlaqələrinin inkişafı üçün yaradılmış birgə İşçi Qrupu faydalı mexanizmdir. Ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün ixrac-idxal məhsulları qarşılıqlı fayda əsasında müəyyənləşdirilə bilər. Toxumçuluq, tərəvəçilik, çəltik və kənd təsərrüfatının müxtəlif istiqamətlərində əməkdaşlıq, Azərbaycanda yaradılan aqroparklarda kənd təsərrüfatı məhsullarının, eləcə də birgə avadanlıq istehsalı üçün geniş potensial mövcuddur. İran şirkətləri Azərbaycanın Aktaudakı logistika mərkəzinin xidmətlərindən istifadə edə, Gəmiqayırma Zavodunda və ölkəmizdəki sənaye parklarında yaradılmış əlverişli imkanlardan yararlana bilər.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, komissiyanın həmsədri Mahmud Vaezi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb, sənaye, kənd təsərrüfatı, ticarət, üç tərəfli formatda (Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya) əməkdaşlığa dair fikirlərini bölüşüb.
Biznes forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası arasında Anlaşma Memorandumu imzalanıb.
Tədbir Azərbaycan və İran iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.