RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Çin onlayn biznes forumu keçirilib

İyulun 29-da Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin və Çin Kommersiya Nazirliyinin İnvestisiya Təşviqi Agentliyinin (CIPA) birgə təşkilatçılığı ilə onlayn formatında Azərbaycan-Çin biznes forumu keçirilib. Forumda Azərbaycan və Çin rəsmiləri ilə yanaşı, turizm, nəqliyyat, ticarət və s. sahələrdə fəaliyyət göstərən 100-dək iş adamı işitirak edib.

İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycan-Çin əlaqələrinin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsinin, keçirilən görüşlər və aparılan danışıqların ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığını vurğulayıb. Nazir müavini qeyd edib ki, Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri inkişaf edir, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir. Diqqətə çatdırılıb ki, iki ölkə arasında ticarət, investisiya, nəqliyyat-tranzit, İKT, kənd təsərrüfatı, maliyyə, turizm və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.

Çin Kommersiya Nazirliyinin Avrasiya İdarəsinin rəisi, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Van Kaixuan iqtisadi əlaqələr barədə məlumat verib, ticarət, logistika-nəqliyyat, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinə təkliflərini bildirib.

Forumda İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu biznes dairələri arasında əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüblər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev Azərbaycanın ixrac, investisiya potensialı, nəqliyyat və turizm imkanlarından bəhs edib, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib.

Forumda iş adamları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb.