Fevralın 18-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunur. Dubayın Beynəlxalq Ticarət Mərkəzində təşkil olunan sərgidə 120 ölkədən 5 mindən çox şirkət öz məhsullarını təqdim edir.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərginin Azərbaycana aid pavillionunda 23 Azərbaycan şirkəti meyvə şirələri, təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullarını sərgi ziyarətçilərinə təqdim edir.
Azərbaycan şirkətləri artıq nar şərab, qurudulmuş xurma, mineral sular, meyvə şirələri, makaron məmulatları, sərinləşdirici içkilər və s. məhsulların Malta, Dubay, Qətər, Hindistan, Pakistan, Səudiyyə Ərəbistanı və Polşaya ixracına dair danışıqlara başlayıblar.