Noyabrın 19-da AYİB-in Londondakı Baş Qərargahında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə "Azərbaycan Günü" keçirilmişdir. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Böyük Britaniyanın dövlət qurumlarının, AYİB-in, Londonda fəaliyyət göstərən diplomatik korpusun və biznes strukturlarının nümayəndələri, eləcə də Azərbaycandan olan iş adamları iştirak etmişlər.
"Azərbaycan Günü" ölkəmizə dair video çarxın nümayiş olunması ilə başlanmışdır.
Tədbirdə çıxış edən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev iştirakçıları salamlayaraq, tədbirin məqsədinin Azərbaycanın bu günü, onun sosial-iqtisadi inkişafı, mədəniyyəti, tarixi və musiqisi barədə məlumat vermək olduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, 22 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan qısa müddətdə dinamik iqtisadi inkişafa nail olmuş, bütün sahələrdə köklü islahatlar apararaq bazar iqtisadiyyatına keçidi başa çatdırmış, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olmuş, kosmosa peyk çıxaran dövlətlər sırasına daxil olmuş, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Dünyada nüfuzu davamlı olaraq artan Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının üzvü, Davos İqtisadi Forumunun, Krans Montana, mədəniyyətlərarası, humanitar forumların, Avroviziya müsabiqəsinin və digər əhəmiyyətli tədbirlərin keçirildiyi məkandır. 2015-cü ildə isə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Beynəlxalq təşkilatların, siyasi dairələrin, transmilli şirkətlərin, investorların ölkəmizə marağı artmaqda davam edir.
Nazir Şahin Mustafayev Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğunu, milli, dini və irqi tolerantlığı ilə seçildiyini, ölkəmizdə siyasi kataklizmlərin mövcud olmadığını, milli azlıqlara, əcnəbilərə, müxtəlif konfessiyalara qarşı ayrı-seçkilik göstərilmədiyini, onların hüquqlarının etibarlı qorunduğunu qeyd etmişdir.
Azərbaycanda makroiqtisadi sabitliyin təmin edildiyini diqqətə çatdıran nazir Şahin Mustafayev son 10 ildə ÜDM-in 3,4 dəfə, adambaşına ÜDM-in 3 dəfə, dövlət büdcəsinin gəlirlərinin 19 dəfə, xarici ticarət dövriyyəsinin təqribən 9 dəfə artdığını vurğulamışdır. Yoxsulluğun səviyyəsi son 10 ildə 8 dəfə azalaraq 5,5%-ə enmişdir. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70%-dən çoxunu təşkil edir. İqtisadiyyatın diversifikasiyası siyasəti davam etdirilir və artıq qeyri-neft sektoru neft sektorunu üstələyir.
Xarici dövlət borcu ÜDM-in 8,3%-ni təşkil edir və strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfəyədək çoxdur. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatına əsasən, Azərbaycan 148 ölkə arasında 39-cu yerə yüksəlmiş və ardıcıl 5 ildir ki, MDB ölkələri arasında liderliyini qoruyur. Nüfuzlu beynəlxalq reytinq agentlikləri "Standart & Poor's", "Fitch Ratings" və "Moody's" beynəlxalq iqtisadi və maliyyə böhranı illərində Azərbaycanın suveren reytinqlərini yüksəldərək investisiya səviyyəsində dəyərləndirib.
Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Nazir Şahin Mustafayev qeyd etmişdir ki, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması nəticəsində iqtisadiyyata 156 milyard dollar investisiya qoyulmuşdur ki, bunun da təqribən yarısı xarici investisiyalardır.
Azərbaycanda iqtisadi siyasətin prioritet istiqamətlərindən biri də sahibkarlığın inkişafıdır. Biznes mühitinin davamlı inkişafı məqsədilə inzibati prosedurlar sadələşdirilmiş, şəffaf mexanizmlər tətbiq olunmuş, "elektron hökumət"in tətbiqi üçün zəruri tədbirlər görülmüşdür. Bu gün ÜDM-də özəl sektorun payı 80%-i ötmüş, geniş sahibkar təbəqəsi formalaşmışdır. Nəticədə "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, hesabatda davamlı olaraq öz mövqelərini qorumuşdur. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşdır. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Transanadolu və Transadriatik Qaz Kəmərləri isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir.
Azərbaycan regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzidir və bu da ölkənin cəlbediciliyini daha da artırır. Son 10 ildə ölkəmizdə 6 beynəlxalq hava limanı istifadəyə verilmiş, TRASEKA və Şimal-Cənub dəhlizləri çərçivəsində magistral yollar yenidən qurulmuş, Gəmiqayırma Zavodu istismara verilmişdir. Ölkənin tranzit imkanlarının reallaşdırılması istiqamətində həyata keçirilən layihələr hazırda da davam etdirilir. Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycanı Avrasiya nəqliyyat dəhlizlərinin mühüm əhəmiyyətli halqasına çevirəcəkdir.
Bütün bunlarla yanaşı, Azərbaycan yüksək ixtisaslı mütəxəssislərə, zəngin mədəniyyətə, musiqiyə, mətbəxə, yüksək qonaqpərvərlik ənənələrinə, gözəl təbiətə malikdir.
Nazir Şahin Mustafayev Azərbaycanın əldə etdiyi nailiyyətlərlə kifayətlənmədiyini, ölkəmizin inkişafının davamlılığının təmin edilməsi üçün təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıdakı illər üçün hədəflərin müəyyənləşdirildiyini diqqətə çatdırmışdır. Belə ki, 2020-ci il üçün neft amilindən asılılıq minimuma endiriləcək, qeyri-neft sektorunun inkişafı hesabına ÜDM 2 dəfə artacaqdır. Bu hədəflərə nail olunması ölkəmizin qüdrətinin daha da artmasını, beynəlxalq arenada mövqeyinin möhkəmlənməsini və əhalinin rifahının daha da yaxşılaşmasını təmin edəcəkdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkə təqdimatı ilə, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev "Azərbaycanda antikorrupsiya siyasətinin inkişafı" mövzusunda, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf AİŞ tərəfindən həyata keçirilən layihələrə, "Holcim-Azərbaycan" ASC-nin baş direktoru Rossen Papazov şirkətin, "Bakı Gəmiqayırma Zavodu" MMC-in Baş meneceri David Loh "Keppel"in, "CNIM Azərbaycan" MMC-nin İdarə Heyətinin üzvü Stefano Kosta şirkətin, AYİB-in Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeyn isə bankın Azərbaycandakı fəaliyyətinə dair çıxış etmişlər.
AYİB prezidenti Suma Çakrabarti Azərbaycanın qazandığı nailiyyətləri, xüsusilə son 10 ildə əldə etdiyi uğurları, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirmiş, AYİB qərargahında "Azərbaycan Gün"ünün keçirilməsinin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd etmişdir.
Nazir Şahin Mustafayev AYİB-in Baş Qərargahında "Azərbaycan Günü"nün keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinə, Avropa Azərbaycan Cəmiyyətinə, xüsusilə də AYİB-in rəhbərliyinə təşəkkür etmişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Sonra tədbir iştirakçıları AYİB-in Baş Qərargahının foyesində Azərbaycan məhsulları ilə tanış olmuş, onlara Azərbaycanın kulinariya nümunələri və milli musiqimiz təqdim edilmiş, ölkəmizin tarixi, mədəniyyəti və iqtisadi potensialı barədə məlumatları özündə əks etdirən materiallar paylanmışdır.
Tədbir çərçivəsində İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev AYİB prezidenti Suma Çakrabarti və bankın Türkiyə, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə icraçı direktoru Olivye Dekam ilə görüşmüş, bankla ölkəmiz arasında əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilmişdir.