RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Vaşinqtonda Azərbaycanın iqtisadi imkanlarının təqdimatı keçirilib

Mayın 20-də Ronald Reyqan adına Beynəlxalq Ticarət Mərkəzində Amerika-Azərbaycan Ticarət Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Azərbaycan ilə işgüzar münasibətlər və ticarət” mövzusunda tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən yerli və regional layihələr, o cümlədən informasiya və yeni texnologiyalar, kimyəvi məhsulların istehsalı və tullantıların emalı sənayesi, sənaye parkları, bərpa olunan enerji və turizm sahələri kimi Azərbaycanın qeyri-neft sektorunda mövcud olan biznes və investisiya imkanları barədə şirkətlərin, elmi-tədqiqat mərkəzlərinin və işgüzar dairələrin nümayəndələrini məlumatlandırmaqdır.
Tədbirdə Ronald Reyqan Mərkəzində yerləşən Ticarətin Təşviqi Ofisinin direktoru Endrü Gelfuso, ABŞ Ticarət Departamenti nəzdində fəaliyyət göstərən və daxili investisiyalar üzrə ixtisaslaşan SelectUSA təşkilatının direktor müavini Aron Brikman, OPİC - Xaricə Özəl Sərmayələr Şirkətində Biznesin və Maliyyə məhsullarının inkişafı üzrə direktoru Mark Ştukart, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova və AZPROMO-nun ABŞ üzrə nümayəndəsi Elşən Baloğlanov çıxış etmişlər.
Ticarətin Təşviqi Ofisinin direktoru Endrü Gelfuso Azərbaycanın biznes imkanları barədə ABŞ ictimaiyyətini məlumatlandırmaq üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
AZPROMO və ABŞ-Azərbaycan Ticarət Palatasının nümayəndələri Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar barədə məlumat vermiş, iki ölkə arasında ikitərəfli işgüzar əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli biznes və investisiya mühitinin və bu əlaqələrin inkişafı üçün müvafiq ikitərəfli normativ-hüquqi bazanın qüvvədə olduğunu qeyd etmişlər.
Tədbir çərçivəsində həmçinin, AZPROMO-nun fəaliyyəti və məqsədləri, o cümlədən Azərbaycan Dadları (Flavors of Azerbaijan) və Azərbaycan Şərab və İçkiləri (Wine & Spirits of Azerbaijan) başlığı altında ABŞ-da həyata keçirilən layihələr haqqında iştirakçılara ətraflı məlumat verilmiş, ABŞ ərazisində qida və içki idxalı və satışı üzrə fəaliyyət göstərən şirkət və iş adamlarının AZPROMO vasitəsilə Azərbaycanın ixrac qabiliyyəti olan şirkətləri ilə əməkdaşlığının qurulması üçün potensialın olduğu diqqətə çatıdırlmışdır.