Azərbaycanın ixrac missiyasının Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə səfəri başa çatıb. 27-30 noyabr tarixlərini əhatə edən səfər İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunub və ixrac missiyasının xərcləri dövlət tərəfindən qarşılanıb.
İxrac missiyasında meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi iştirak edib.
Səfər zamanı Azərbaycan iş adamları “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri marketlər şəbəkələrində və “Al Aweer” meyvə-tərəvəz mərkəzində olub, BƏƏ şirkətləri ilə ikitərəfli görüşlər keçiriblər. Görüşlərdə Azərbaycan məhsullarının Dubayın iri marketlər şəbəkələrində satışı, distribütorluq, yerli məhsulların BƏƏ-yə ixracı və s. məsələlər barədə müzakirələr aparılıb. Dubay tərəfi Azərbaycanın kənd təsərrüfatı məhsullarına maraq göstərib, nümunələrin göndərilməsi barədə sifariş veriblər. Bundan başqa, BƏƏ-də akreditə olunmuş və məhsulların BƏƏ tələblərinə uyğun olaraq halal məhsul qismində tanınmasını təmin edən sertifikasiya təşkilatının nümayəndələri əməkdaşlıq üçün ölkəmizə dəvət edilib.
Məlumat üçün bildirək ki, 2017-ci ildə Dubayda keçiriləcək “GULFOOD” Ərzaq Sərgisində Azərbaycan vahid stendlə təmsil olunacaqdır.
Qeyd: Azərbaycanın ixrac missiyalarının müxtəlif ölkələrə səfəri “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə həyata keçirilir. İndiyədək Çin və BƏƏ olmaqla iki ölkəyə Azərbaycanın ixrac missiyası göndərilib və bu, davam etdiriləcək.