RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

The Conference held on export opportunities in Azerbaijan

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanında nəzərdə tutulan ixracın stimullaşdırılmasına dair dəstək mexanizmlərinin reallaşdırılması üçün 1 qayda və 4 meyar olmaqla 5 sənəd artıq təsdiq olunub, ilkin olaraq ixrac missiyalarının təşkil edilməsi, beynəlxalq sərgi və yarmarkalarda “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı meyar və prosedurlar müəyyənləşdirilib.
Bu barədə oktyabrın 19-da Bakı Biznes Mərkəzində 150-ə yaxın ixracatçı şirkətin iştirakı ilə keçirilmiş “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda Konfransda İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib. Vurğulanıb ki, ikin olaraq, ixrac missiyalarının Avropa İttifaqı, MDB, Körfəz və Ərəb ölkələrinə, eləcə də Çin, Yaponiya, Malaziya və s. ölkələrə təşkili nəzərdə tutulur. Noyabr ayında Çinə (Honq Konq və Quançjou) ilk ixrac missiyası təşkil olunacaq və bu missiyanın təşkili əsasən Azərbaycan şərabını bu ölkədə təbliğ edəcək. 2016-cı ilin noyabrında Çində keçiriləcək Beynəlxalq Şərab Sərgisində, gələn il isə Almaniyada təşkil olunacaq “Yaşıl həftə”də, Dubay Ərzaq, Düsseldorf Şərab, Moskva Kənd Təsərrüfatı sərgilərində Azərbaycan stendinin təşkili nəzərdə tutulur. Xarici ölkələrin ictimai yerlərində və KİV-lərində “Made in Azerbaijan” brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğı planlaşdırılır. İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı “Duty Free” mağazalarında, Rusiyanın və Fransanın tanınmış mağazalar şəbəkələrində, SOCAR-ın bir sıra ölkələrdəki yanacaqdoldurma məntəqələrindəki mağazalarında, xaricdə fəaliyyət göstərən Azərbaycan evlərində və mərkəzlərində “Made in Azerbaijan” rəflərinin yaradılması nəzərdə tutulur. Bundan başqa, Azərbaycanın bir sıra kənd təsərrüfatı və sənaye məhsullarının Avropa İttifaqı, Orta Asiya və Ərəb ölkələrinə ixracı üçün bazar araşdırmaları aparılacaq.
Konfransda nazir Şahin Mustafayev həmçinin, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə müstəqilliyimizin bərpa olunmasından ötən 25 il ərzində iqtisadi sahədə əldə olunan uğurları və əsas iqtisadi göstəriciləri diqqətə çatdırıb, qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın diversifikasiyasının və ixracın genişləndirilməsinin prioritet olduğunu qeyd edib. Bu istiqamətdə həyata keçirilən ardıcıl və sistemli iqtisadi islahatlar barədə məlumat verən Şahin Mustafayev görülmüş tədbirlər nəticəsində lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirildiyini, sahibkarlıq subyektlərində aparılan yoxlamaların sayının xeyli dərəcədə azaldığını və 2016-cı ildə cəmi 50 yoxlama keçirildiyini (müqayisə üçün 2015-ci ildə belə yoxlamaların sayı 50 mindən çox olub) qeyd edib. İndiyədək sahibkarlara 62 investisiya təşviqi sənədi verilib, hazırda bu sahədə 9 layihəyə baxılır. Ümumilikdə son 5 ayda verilmiş və baxılmaqda olan bu cür investisiya layihələri üzrə 800 mln. manatdan çox sərmayə qoyuluşu həyata keçiriləcək. Bu günədək sahibkarların 32 min investisiya layihələrinin maliyyələşdirilməsinə 2 mlrd. manat həcmində güzəştli kredit verilib.
Yerli istehsalın dəstəklənməsi və ixracın genişləndirilməsi istiqamətində görülən işlər barədə danışan nazir Şahin Mustafayev bildirib ki, son illərdə özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsullar istehsalını artırıb, ixrac imkanlarını genişləndirib. Bununla belə, sahibkarlığın inkişafı məqsədilə son dövrlərdə atılan addımlar, sənaye zonalarının, aqroparkların yaradılması işlərinin intensivləşdirilməsi, özünütəminetmə səviyyəsi yüksək olan bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının artırılması, dövlət satınalmalarında yerli şirkətlərə üstünlük verilməsi, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanunun qəbulu yerli istehsalın artırılmasına, ixracın genişləndirilməsinə əlavə stimul yaradıb.
Görülmüş tədbirlər nəticəsində 2016-cı ilin 9 ayında xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2 dəfə, tərəfdaş ölkələr 18%, ixrac olunan məhsul çeşidləri isə 12% artıb. Bu dövrdə qeyri-neft məhsulları ixracı 844 mln. ABŞ dolları olub. Qeyri-neft ixracının 54%-i MDB üzvü olan dövlətlər və Gürcüstanın, 36%-i Türkiyə, İsveçrə, İran, Çin, Almaniya, İtaliya, 11%-i isə digər ölkələrin payına düşür. Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, Azərbaycan mənşəli məhsullara veriləcək ixrac təşviqi, İxracatçılar Klubunun və ixtisaslaşmış assosiasiyaların (şərab, nar, meyvə-tərəvəz və s.) yaradılması, bu gün təqdimatı keçiriləcək ixrac portalı ixracın stimullaşdırıımasında əhəmiyyətli rol oynayacaq. Nazir Şahin Mustafayev dəstək tədbirlərindən faydalanmaq və ixracı genişləndirmək məqsədilə yerli şirkətlərə keyfiyyət, qablaşdırma və etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqi, ixrac departamentlərinin yaradılması, ixrac portalında məlumatların yerləşdirilməsi, AZPROMO ilə sıx əməkdaşlıq və İxracatçılar Klubunda fəal iştirakı tövsiyə edib.
Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların, o cümlədən sahibkarlığın inkişafı, daxili bazarın qorunması və ixracın stimullaşdırılması tədbirlərinin iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi və qeyri-neft məhsullarının ixracının artırılmasında əhəmiyyətini vurğulayıb.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyri-neft sektorunun əsas  sahələrindən olan kənd təsərrüfatının ərzaq təhlükəsizliyinin və məşğulluğun təmin olunması, daxili tələbatın ödənilməsi sahəsində əhəmiyyətini qeyd edib, aqrar sektorun geniş ixrac imkanlarına malik olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ölkəmiz hazırda bir sıra kənd təsərrüfatı məhsulları üzrə özünü təmin edir, meyvə-tərəvəz məhsulları, şərablar, şirələr və s. xarici ölkələrə ixrac edilir. Bununla belə, əlverişli torpaq-iqlim şəraiti, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün tətbiq olunan güzəştlər, yaradılmış müasir infrastruktur daha çox kənd təsərrüfatı məhsullarının ixracına geniş imkan yaradır. Qeyd edilib ki, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən diqqət və qayğı həmin məsulların istehsalının və ixracının artırılmasına əlavə stimul yaradır.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov gömrük prosedurlarının sadələşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı daşıma proseslərinin asanlaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib, ixrac üçün lazım olan sənədləri və rəsmiləşdirmə prosedurlarını diqqətə çatdırıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Namiq Tağıyev müvafiq sahədə görülən işlər, qanunvericilik və prosedurlar barədə danışıb, görülən tədbirlərin ixracın genişləndirilməsində əhəmiyyətini qeyd edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov yeni iqtisadi şəraitdə iqtisadi artımın təmin olunmasında ixracın stimullaşdırılmasının önəmini qeyd edib. Təhsil xidmətlərinin ixracı barədə danışan Ədalət Muradov İqtisad Universitetinin UNEC brendi ilə dünya bazarına çıxdığını, universitetin dünyanın nüfuzlu ali təhsill müəssisələri ilə əməkdaşlıq etdiyini bildirib, müasir çağırışlara cavab verən kadrların hazırlanmasına dair təkliflər səsləndirib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyri-neft sektorunun inkişafında və ixracın stimullaşdırılmasında sahibkarların rolunu qeyd edib, son dövrlərdə sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlərin özəl sektor tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ixracın stimullaşdırılmasına dair dəstək mexanizmləri və yeni yaradılan İxrac portalı barədə təqdimatla çıxış edib. Bildirilib ki, www.export.az portalında ixrac məhsulları və şirkətlər, ixraca verilən sertifikatlar, hədəf bazarlar və s. məlumatları əldə etmək mümkün olacaq.  3 dildə fəaliyyət göstərəcək saytda asan axtarış və qeydiyyat sistemi mövcuddur.
Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.