Martın 15-də Xaçmazda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə ixrac təşviqinin geri ödənilməsinə dair seminar keçirilib.
Tədbirdə sənaye, meyvə-tərəvəz, fındıq, spirtli və spirtsiz içkilər, bal və qeyri-neft sektorunun digər sahələrində fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak edib.
AZPROMO-nun Biznes Məlumat Mərkəzinin direktoru Nadir İmanov sahibkarlara ixracın stimullaşdırılması sahəsində həyata keçirilən tədbirlər, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara ixrac təşviqinin ödənilməsi mexanizmi, eləcə də AZPROMO və İxracatçılar Klubunun fəaliyyəti barədə məlumat verib, ixracatçıları yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.
Seminar çərçivəsində həmçinin, qeyri-neft məhsullarının ixracatçılarına ixrac təşviqinin geri ödənilməsi proseduru, müraciət qaydaları və tələb olunan sənədlər barədə təqdimat keçirilib, iş adamlarının sualları cavablandırılıb.