EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Biznesin inkişafı və maliyyələşməsi yeni mərhələyə qədəm qoyur

Bakıda "Astana" Beynəlxalq Maliyyə Mərkəzinin təşkilatçılığı və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə "Biznesin maliyyələşdirilməsi və inkişafı üçün yeni imkanlar" mövzusunda konfrans keçirilib.

Tədbirin keçirilməsi Azərbaycan biznesinin bank kreditlərinə alternativ olan xarici kapital mənbələrinə çıxış imkanlarını nəzərdən keçirmək məqsədi daşıyır. "Astana" Beynəlxalq Maliyyə Mərkəzi platforması vasitəsilə Azərbaycan şirkətləri beynəlxalq investorların investisiyalarını cəlb edə biləcəklər. ABMM birjasında qiymətli kağızlarını yerləşdirmək bəlli və rahat şərtlərlə inkişafları üçün investisiya cəlb etmək niyyətində olan iqtisadiyyatın real sektorundakı Azərbaycan şirkətlərinin maraqlarına uyğundur. Bundan başqa, Azərbaycan maliyyə bazarının iştirakçıları-brokerlər və treyderlər, böyük Azərbaycan şirkətlərinin vəsaitlərini idarə edənlər ABMM iştirakçısı olacaqlar.

ASK-nın prezidenti Məmməd Musayev son illər ölkədə aparılan genişmiqyaslı iqtisadi islahatlardan danışaraq bildirib ki, qloballaşan dünyada Azərbaycan iqtisadiyyatının dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi, kapital bazarlarının inkişaf etdirilməsi, real sektorun qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə təşəbbüslərinin dəstəklənməsi, sərbəst vəsaitlərin iqtisadiyyatın real sektoruna cəlb edilməsi üçün müəyyən addımların atılması zəruridir. Bu istiqamətdə kapital bazarları vasitəsilə maliyyələşmənin təşviq edilməsi, qiymətli kağızlar bazarına çıxış imkanlarının genişləndirilməsi, xarici investorların yerli bazarlara cəlb edilməsi, həmçinin bu sahədə şəffaflığın artırılması böyük əhəmiyyət daşıyır: "Kapital bazarları vasitəsilə maliyyələşmənin əsas tələblərindən biri də maliyyə hesabatlılığının, şəffaflığın və məlumatların vaxtında açıqlanmasını təmin etməkdir. İnvestorlar şirkətin səhmini almaqla bağlı qərar verməzdən əvvəl lazımi informasiya toplamalı və bundan sonra yekun qərar qəbul etməlidirlər. Qiymətli kağız buraxmış şirkət mütləq hesabatlarını, qanunvericiliklə müəyyən edilmiş bir sıra məlumatları açıqlamaq məcburiyyəti qarşısında qalır. Bu da ondan ibarətdir ki, şəffaflıq təmin olunsun, şirkət barədə investorlar ətraflı məlumat ala bilsinlər".

Kapital bazarları vasitəsilə maliyyələşmənin əsas tələblərindən biri də

maliyyə hesabatlılığının, şəffaflığın və

məlumatların vaxtında açıqlanmasını təmin etməkdir

Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev "Astana" Beynəlxalq Maliyyə Mərkəzi haqqında məlumat verib: "Mərkəz Qazaxıstanın Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılıb və bütün Avrasiya regionunun maliyyə mərkəzinə çevrilməyi qarşısına məqsəd qoyub. Astanada yerləşən maliyyə mərkəzinin fəaliyyətinin əsas istiqamətlərinə kapital bazarlarının inkişafı, aktivlərin idarə edilməsi, islam maliyyəçiliyi sektorunun təbliği, fərdi şəxslərin vəsaitlərinin idarə olunması, yeni maliyyə texnologiyaları, həmçinin "yaşıl" maliyyələşmə daxildir. Burada ədalət mühakiməsi müstəqil hakimlər və arbitraj tərəfindən həyata keçirilir. 2066-cı ilədək korporativ və gəlir vergisindən azad olunmuş mərkəzin iştirakçıları arasında müxtəlif ölkələrdən 88 şirkət fəaliyyət göstərir".

"Astana" Beynəlxalq Maliyyə Mərkəzinin İdarə Heyətinin sədri Aydar Kazıbayev çıxışında bildirib ki, xarici kapitalın cəlb olunması üçün istifadə olunan əsas alətlərdən biri mərkəzin birjasında qiymətli kağızların yerləşdirilməsidir: "Son iki ay ərzində mərkəzin ekspertləri Rusiya şirkətləri üçün Moskva, Kazan və Krasnodar şəhərlərində, həmçinin Belarus şirkətləri üçün Minskdə təqdimatlarla çıxış edib, Şanxay şəhərinin Fond Birjasında Çinin biznes ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirilib".

Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov isə çıxışında bank sisteminin əhəmiyyəti və biznesin maliyyələşdirilməsində mövcud vəziyyətə toxunub: "Maliyyə sisteminin fond bazarları və bankların sintezindən təşkil olunduğu böyük iqtisadiyyatlardan fərqli olaraq, kiçik ölçülü iqtisadiyyatlarda biznesin maliyyələşdirilməsində bankların vasitəçilik funksiyası iqtisadiyyat üçün həyati önəm daşıyır. Banklar bu funksiyanı nə qədər yaxşı yerinə yetirərsə, qənaətin investisiyalara çevrilməsi bir o qədər sürətli, az xərcli, aşağı riskli və effektivli olar. Təbii ki, sadalanan bu meyarların hər biri üzrə optimal nəticə əldə etmək yalnız banklardan asılı deyil, daha çox iqtisadiyyatın öz xüsusiyyətləri ilə bağlıdır". Qeyd olunub ki, hazırda bank sektorunda 5,8 milyard manatdan artıq likvid vəsait toplansa da, kreditləşmə kanallarının işləkliyi ilə bağlı mövcud problemlər həmin vəsaitin iqtisadiyyata ötürülməsini ləngidir.

Tədbirin gedişində biznesin maliyyələşdirilməsində əsas çağırışlar, biznes subyektlərinin institusionallaşması, maliyyə və iqtisadi savadlılığın, eləcə də idarəetmə bacarıqlarının artırılması məsələləri istiqamətində müzakirələr aparılıb.

Fəxriyyə İKRAMQIZI