EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Türkiyə şirkətləri ilə əlaqələrin genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı ilə görüşüb.

İqtisadiyyat naziri “bir millət, iki dövlət” amilinin, dövlət başçılarının siyasi iradəsinin və dostluq münasibətlərinin, verdikləri tapşırıqların icrasının əlaqələrin inkişafında mühüm əhəmiyyətini, tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, 44 günlük Vətən Müharibəsi zamanı qardaş Türkiyənin güclü siyasi və mənəvi dəstəyi ölkələrimizin daim bir-birinin yanında olmasına bariz nümunədir. Azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə türk şirkətlərinin fəallığı sevindiricidir və Azərbaycan-Türkiyə qardaşlığını bir daha nümayiş etdirir.

Görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, aparılan islahatlar barədə ətraflı məlumat verilib, azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensiala, zəngin təbii resurslara malik olduğu, biznes üçün geniş imkanlar vəd etdiyi bildirilib.

MÜSİAD-ın İdarə Heyətinin sədri Mahmut Asmalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi layihələrində Türkiyə şirkətlərinin fəal iştirakının qürurverici olduğunu, bunun iqtisadi əməkdaşlığa, biznesin dirçəlişinə, yeni müəssisələrin və iş yerlərinin açılmasına önəmli töhfə olacağını vurğulayıb, iş birliyinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə Türkiyənin biznes dairələrinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyəti, MUSIAD ilə əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.