EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azerbaijan-Belgium-Netherlands Business Forum held

İyunun 13-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belçika-Niderland biznes forumu keçirilmişdir.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, mühəndislik, külək, biokütlə və bioqazdan enerji istehsalı, günəş panelləri üçün şüşə istehsalı, suyun təmizlənməsi, quşçuluq və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişdir.

Qonaqları salamlayan İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanla Avropanın qabaqcıl ölkələri arasında əlaqələrin uğurla inkişaf etdiyini, bu baxımdan Belçika və Niderland krallıqları ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırmış, hər iki ölkə ilə siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bu əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulamışdır. Nazir müavini Niyazi Səfərov biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin iqtisadi münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd etmiş, Belçikalı və Niderlandlı iş adamlarının Azərbaycana səfəri çərçivəsində keçirilən üçtərəfli biznes forumun ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına müsbət töhfəsini verəcəyini bildirmişdir.

Biznes forumda Azərbaycan iqtisadiyyatı barədə də məlumat verən Niyazi Səfərov ölkəmizin siyasi və makroiqtisadi sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, iri regional enerji və nəqliyyat layihələrinin iştirakçısı olduğunu xüsusi vurğulamışdır.

Belçikanın Lommel şəhərinin meri Peter Vanvelthoven ölkəmizə səfərdən məmnunluğunu ifadə etmiş, Lommel şəhərində iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış etmişdir.

Niderlandın Bergeijk şəhərinin meri Driek Van de Vondervort rəhbərlik etdiyi şəhərin əsas iqtisadi sahələri barədə məlumat vermiş, Azərbaycanlı sahibkarları Bergeijk şəhərinin iş adamları ilə fəal əməkdaşlığa dəvət etmişdir. Cənab Driek Van der Vondervortun Niderlandın biznes və investisiya imkanları barədə təqdimatı azərbaycanlı iş adamları tərəfindən maraqla qarşılanmışdır.

Belçika Krallığının Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Peter Booms Azərbaycanla Belçika Krallığı arasında inkişaf edən əlaqələr və əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri barədə məlumat vermişdir.

Niderland Krallığının Azərbaycandakı səfirinin      müavini xanım Özlem Canel Niderland Krallığının Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu, qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini vurğulamış və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu diqqətə çatdırmışdır.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış etmişdir.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlər çərçivəsində davam etdirilmiş, qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunmuşdur.