EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azerbaijan-Cambodia Business Forum held in Baku

Aprelin 22-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan - Kamboca biznes forumu keçirilmişdir. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, konsaltinq, tikinti, logistika və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak etmişdir.
Qonaqları salamlayan iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırmış, biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin iqtisadi münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını qeyd etmiş, Azərbaycan-Kamboca biznes forumunun ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına müsbət töhfə verəcəyini bildirmişdir.
Sahil Babayev tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə də geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmışdır. Bütün bunlar Azərbaycanın iqtisadi uğurlarına verilən yüksək qiymətin, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Artıq Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini vurğulayan Sahil Babayev kambocalı iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanlarından yararlanmağa, azərbaycanlı iş adamları ilə fəal əməkdaşlığa dəvət etmişdir.
Kamboca Krallığının ticarət naziri və İnkişaf Şurasının sədr müavini Sun Çanthol ölkəsi ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafında önəmini vurğulamış, iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə məlumat vermişdir. Sun Çanthol ölkəsinin əlverişli təbii coğrafi mövqedə yerləşdiyini, Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırmış, Azərbaycan iş adamlarını  kambocali iş adamları ilə əlaqələri genişləndirməyə və Kamboca iqtisadiyyatının müxtəlif sahələrinə investisiya yatırmağa dəvət etmişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Kambocanın İnkişaf Şurasının baş katibi Sok Çenda Sofean Kambocanın investisiya mühitinə dair təqdimatlarla çıxış etmişlər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.