EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azerbaijan-Spain Business Forum held in Baku

Aprelin 24-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Azərbaycan və İspaniya arasındakı mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Nazir Şahin Mustafayev bildirmişdir ki, Azərbaycan və İspaniya arasında müxtəlif sahələrdə əlaqələr uğurla davam edir. Qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq üzərində qurulmuş əlaqələrin genişlənməsində rəsmi səfərlər və keçirilən görüşlər əhəmiyyətli rol oynayır. İspaniya nümayəndə heyətinin Azərbaycana növbəti səfəri də ölkələrimiz arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcəkdir. Azərbaycan və İspaniya arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan Şahin Mustafayev mümkün əməkdaşlıq istiqamətləri barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, müqavilə-hüquq bazasının genişləndirilməsi, xüsusilə də investisiyaların təşviqi və qarşılıqlı qorunması sahəsində hazırda müzakirə mərhələsində olan Sazişin imzalanması əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaqdır.
Görüşdə Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə məlumat vermiş, ölkəmizin etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu, siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, ölkəmizin əlverişli coğrafi mövqedə yerləşdiyini, eləcə də Azərbaycanda investorlar üçün əlverişli şərait yaradıldığını vurğulamışdır.
İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallo ölkəmizə səfərindən məmnunluğunu ifadə etmiş, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, İspaniyanın ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır. Xose Manuel Qarsia-Marqallo müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşərək qeyd etmişdir ki, Azərbaycan iqtisdaiyyatının diversifikasiyası ispan iş adamlarının ölkəyə investisiya qoyuluşu imkanlarını daha da artırır.
Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İspaniya biznes forumu keçirilmişdir. Tədbirdə Azərbaycan və İspaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, infrastruktur, tikinti, bank, İKT, turizm, kənd təsərrüfatı, bərpa olunan enerji və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın Avropa İttifaqı ölkələri, o cümlədən İspaniya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdiyini bildirmişdir. Qeyd edilmişdir ki, hazırda Azərbaycanda bir sıra ispan şirkətləri fəaliyyət göstərir, ticarət əlaqələrimiz genişlənir. Əlaqələrin inkişafı baxımından müqavilə-hüquqi bazanın təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edən Şahin Mustafayev İspaniya nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair sənədin imzalandığını, investisiyaların təşviqi və qarşılıqlı qorunmasına dair sazişin imzalanması isqamətində müvafiq işlərin görüldüyünü qeyd etmişdir. Azərbaycan və İspaniya arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan biznes forum və sərgilərin əhəmiyyəti qeyd edilmiş, bugünkü biznes forumun da iş adamları arasında əməkdaşlığın inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyi vurğulanmışdır.
İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallo çıxışında hər iki ölkənin iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu qeyd etmiş, mövcud imkanlardan səmərəli istifadə etməklə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə məlumat vermişdir. Cənab Marqallo İspaniya iqtisadiyyatı barədə məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış etmişdir.
Biznes forum ispan iş adamlarının ölkəmizdə müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərlə ikitərəfli görüşlərinin təşkili ilə davam etmişdir.