EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Netherlands-Azerbaijan business forum held

Aprelin 23-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Niderland Krallığına səfəri çərçivəsində Niderland-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan tərəfindən kənd təsərrüfatı, qida sənayesi, tikinti, maliyyə, energetika, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirmişdir ki, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan və Niderland arasındakı siyasi və iqtisadi əlaqələr inkişaf edir, yüksək səviyyəli səfərlər, keçirilən görüşlər, imzalanmış sənədlər ikitərəfli münasibətlərin genişlənməsində xüsusi rol oynayır. Hazırda Azərbaycanda xidmət, ticarət, sənaye, bankçılıq, sığorta, tikinti, nəqliyyat və s. sahələrdə 125 Niderland investisiyalı şirkət fəaliyyət göstərir. Niderland tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna indiyədək təqribən 800 mln. ABŞ dolları həcmində investisiya yatırılmışdır. Niderland şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər. Azərbaycan və Niderland arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini vurğulayan Şahin Mustafayev 2014-cü ildə Niderlandın Maastrixt İdarəetmə Məktәbi və Azərbaycanın ADA Universiteti arasında imzalanmış Əməkdaşlıq Müqaviləsini qeyd etmişdir.
Bildirilmişdir ki, iş adamlarının iştirakı ilə keçirilən tədbirlər əməkdaşlıq perspektivlərinin müzakirəsi və sahibkarlar arasında yeni əlaqələrin qurulması üçün yaxşı imkan yaradır. Bu baxımdan, əlaqələrimizin davamlı olaraq inkişaf etdiyi Niderland Krallığı ilə mütəmadi olaraq biznes forumlar keçirilir. Belə forumlardan biri 2014-cü ildə Niderland Senatının üzvü Rene Van Der Lindenin Azərbaycana səfəri çərçivəsində təşkil edilmişdir. Qeyd olunmuşdur ki, Van Der Linden Azərbaycan və Niderland arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verir. Təsadüfi deyildir ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük töhfəsinə görə Van Der Linden Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif edilmişdir.

Çıxışında Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi, bir sıra iri regional layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu, Azərbaycanda siyasi, makroiqtisadi və maliyyə sabitliyinin təmin edildiyini, ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ölkəmizdəki iqtisadi inkişafın beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulamışdır. Nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi maneə olduğunu vurğulamışdır. İşğalçı siyasəti nəticəsində Ermənistan regionda həyata keçirilən layihələrdən kənarda qalmışdır.
Niderland Krallığı parlamentinin senatoru Rene Van Der Linden Azərbaycanın sürətli iqtisadi inkişafından məmnunluğunu ifadə etmiş, ölkələrimizin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Niderland və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd etmişdir.
Niderland Krallığının iqtisadi işlər naziri Henk Kamp Niderland iqtisadiyyatına, bu ölkəyə investisiya qoyuluşu imkanlarına, eləcə də iş adamları arasında əməkdaşlığa, Limburq vilayətinin qubernatorunun müavini Tvan Beurskens təmsil etdiyi regiona və onun iqtisadiyyatına dair məlumat vermişlər.
Tədbirdə çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Fondun fəaliyyətinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) nümayəndəsi Kamran Ağası qurumun gördüyü işlərə dair məlumat vermişdir.
Biznes forumda Niderlandın "Witteveen+Bos Consulting engineers" şirkətinin layihə rəhbəri Bjent van der Enden Azərbaycandakı əlverişli işgüzar mühitə, Abşeron göllərinin texniki-iqtisadi əsaslandırılması və Böyük Şor layihəsi haqqında, "WP Haton" şirkətinin nümayəndəsi  Ferdinan Kottier isə şirkətin ölkəmizdəki fəaliyyətinə dair təqdimatlarla çıxış etmişlər. Tədbirdə Azərbaycan şirkətləri də fəaliyyətləri barədə təqdimatlarla çıxış etmişdir.  
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərə başa çatmışdır.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Niderland Krallığının iqtisadi işlər naziri Henk Kamp ilə görüşmüşdür. Görüşdə Azərbaycan və Niderland arasında əlaqələrin iqtisadi sahədə də uğurla davam etdiyi vurğulanmış, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya qoyuluşu və s. sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğu diqqətə çatdırılmışdır. Görüşdə bildirilmişdir ki, bu günkü biznes forum da ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına, iş adamları arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə öz müsbət töhfəsini verəcəkdir.
Səfər zamanı həmçinin, Azərbaycan nümayəndə heyəti bir sıra istehsal müəssisələrində olmuşdur.