EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azerbaijan-Saudi Arabia Business Forum held in Baku

Heydər Əliyev Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə II Azərbaycan - Səudiyyə Ərəbistanı biznes forumu keçirilmişdir. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, logistika, turizm, konsaltinq, neft- kimya, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 300-dən çox iş adamı iştirak etmişdir.

Biznes forumda çıxış edən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrimizin müxtəlif sahələrdə uğurla davam etdiyini vurğulamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin aprel ayında Səudiyyə Ərəbistanına səfəri ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Biznes forumun iş adamları arasında maraqla qarşılandığını qeyd edən Şahin Mustafayev belə tədbirlərin biznes təşəbbüslərinin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə və ikitərəfli ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirmişdir. Qeyd olunmuşdur ki, növbəti biznes forum noyabr ayında Səudiyyə Ərəbistanında keçiriləcək. İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş, ikiqat vergitutmanın aradan qaldırılması haqqında konvensiya və digər sənədlər iqtisadi sahədə əlaqələrin inkişafında əhəmiyyətlidir. İkitərəfli ticarət əlaqələrinin iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olduğunu qeyd edən Şahin Mustafayev ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün geniş imkanların olduğunu bildirmiş, sənaye, kənd təsərrüfatı, investisiya, İKT sahələrində əməkdaşlıq perspektivlərini diqqətə çatdırmışdır.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin siyasi və makroiqtisadi baxımdan sabit ölkə, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı, etibarlı tərəfdaş olduğunu vurğulamışdır.

Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Fəvzan Əl-Rəbiə Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, səfər zamanı ölkəmizdəki sosial-iqtisadi inkişafın şahidi olduğunu vurğulamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Səudiyyə Ərəbistanına səfərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə böyük töhfə verdiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, hər iki ölkə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlıdır. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən Tofiq Fəvzan Əl-Rəbiə iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Səudiyyə Ərəbistanı Palatalar Şurasının sədri Abdul Rahman Al-Zamil,  Sənaye qruplarının təkmilləşdirilməsi haqqında Səudiyyə Ərəbistanı Milli Sənaye Qrupunun vitse-prezidenti Abdulmajeed Al Maymoon ölkəsinin iqtisadiyyatına, investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf qurumun fəaliyyətinə, “Saudi Export” təşkilatının biznes inkişafı üzrə direktoru Bassam Alauja təşkilatın fəaliyyətinə, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov parkın fəaliyyətinə, Səudiyyə İnkişaf Fondunun nümayəndəsi Saleh Abdullah Aladdad fondun işinə, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Avropa və MDB ölkələri üzrə baş direktoru Samir Tağıyev korporasiyanın  fəaliyyətinə dair çıxış etmişlər.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.

Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Fəvzan Əl-Rəbiənin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarətət nümayəndə heyəti səfər çərçivəsində “Bakı Ağ Şəhər”də olmuş, burada görüşlmüş işlərlə, tikilmiş bina və obyektlərlə tanış olmuşlar. Səudiyyə Ərəbistanından olan qonaqlara “Bakı Ağ Şəhər” layihəsi barədə ətraflı məlumat verlilmişdir. Qonaqlar həmçinin, Füzuli küçəsində ən müasir texnologiyaların tətbiqi ilə sürüşdürülməklə yeri dəyişdirilmiş memarlıq binası ilə tanış olmuşlar. 

Səudiyyə Ərəbistanı nümayəndə heyətinə daxil olan iş adamları Sumqayıt Kimya Sənaye Parkında olmuş, burada qonaqlar üçün sənaye parkının təqdimatı keçirilmişdir.