EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azerbaijan-Latvia Business Forum was held in Baku

Noyabrın 25-də İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Latviya Respublikasının İqtisadiyyat naziri Dana Reizniece-Ozolanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Latviya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd etmiş, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, indiyədək ölkələrimiz arasında 30-dan çox sənəd imzalanmışdır. Hazırda Azərbaycanda 30-dan artıq Latviya şirkəti fəaliyyət göstərir. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən İKT, turizm, əczaçılıq, tranzit yükdaşımaları, ticarət, qeyri-neft sektoruna investisiya qoyuluşu, Latviya şirkətlərinin ölkəmizdə yaradılan sənaye, aqrar parklarda iştirakı, birgə müəssisələrin yaradılması sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirmişdir.
Latviya Respublikasının iqtisadiyyat naziri Dana Reizniece-Ozola Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağını vurğulamışdır. Latviya iqtisadiyyatına dair məlumat verən xanım Reiznietse-Ozola ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu qeyd etmiş, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşmüşdür.
Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Azərbaycan-Latviya biznes forumu keçirilmişdir.
Bakı Biznes Mərkəzində təşkil edilmiş tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, logistika, maliyyə, tibb və əczaçılıq, turizm, təhsil, tikinti və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın sahibkar iştirak etmişdir.
Biznes forumda çıxış edən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyətini vurğulamışdır. Azərbaycanda “Latviya günləri” çərçivəsində təşkil edilən biznes-forumda Azərbaycan iqtisadiyyatı, əlverişli biznes və investisiya mühiti barədə danışan Şahin Mustafayev qeyri-neft sektorunun prioritetliyini, ölkə iqtisadiyyatının 70%-ə yaxın hissəsinin qeyri-neft sektorunda formalaşdığını vurğulanmış, Azərbaycanın Latviya ilə əlaqələrin inkişafında maraqlı olduğunu, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırmış, Latviyalı iş adamlarını sənaye parklarında sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət etmişdir.
Latviya Respublikasının iqtisadiyyat naziri Dana Reizniece-Ozola Azərbaycana səfərindən məmnunluğunu bildirmiş, Bakıda keçirilən “Latviya günləri” çərçivəsində bir sıra tədbirlərin təşkil edildiyini qeyd etmiş, bu gün keçirilən Azərbaycan-Latviya biznes forumunda Latviyanın 30-a yaxın şirkətlə təmsil olunduğunu bildirmişdir. Ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran Latviyalı nazir bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial olduğunu vurğulamış, Latviyada biznes qurmaq istəyən Azərbaycan sahibkarlarına hər cür şərait yaradılacağını qeyd etmişdir.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumat vermiş, bir sıra Latviya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini vurğulamışdır.
Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin nümayəndəsi (LİAA) Aris Kontans ölkəsinin iş adamları arasında sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına marağın böyük olduğunu bildirmiş, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni əlaqələrin qurulması baxımından ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini diqqətə çatdırmışdır.
AZPROMO-nun nümayəndəsi Zaur Qardaşov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nümayəndəsi Samir Məmmədov sənaye parkının fəaliyyətinə, Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kaspars Abiks Latviya iqtisadiyyatı və biznes imkanlarına dair təqdimatlarla çıxış etmişlər.
Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilmişdir.