EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azerbaijan-Monaco Business Forum

Noyabrın 7-də  Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Monako biznes forumu keçirilib.
Tədbirdə Azərbaycan və Monakodan rəsmi şəxslərlə yanaşı,  turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 150-a yaxın iş adamı iştirak edib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişafın, makroiqtisadi sabitliyin təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını diqqətə çatdırıb, sahibkarlıq sahəsində həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verib. Bildirilib ki, Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlar nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapır.
Nazir müavini Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi,"Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.  Bildirilib ki, bu gün keçirilən Azərbaycan-Monako biznes forumu “Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində təşkil edilən tədbirlərdəndir.
Sahil Babayev Monako Knyazlığı ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu bildirib, Monako iş adamlarını azərbaycanlı həmkarları ilə əməkdaşlığa dəvət edib. Monakolu sahibkarlara AZPROMO tərəfindən zəruri dəstəyin göstəriləcəyini diqqətə çatdırıb.
Monako Knyazlığının İqtisadiyyat Palatasının sədri Mişel Dotta Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Mişel Dotta bugünkü Azərbaycan-Monako biznes forumunun iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacağını vurğulayıb.
Tədbirdə Monako İqtisadiyyat Palatasının nümayəndəsi Şəhriyar Malekin Monako biznes forumda iştirak edən şirkətlərinə, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə, Monako Turizm və İstirahət İdarəsinin nümayəndəsi Erik Marsa Monako Knyazlığının turizm potensialına dair təqdimatlarla çıxış ediblər.
Tədbir çərçivəsində AZPROMO və Monako İqtisadiyyat Palatası, Azərbaycanın Ticarət və Sənaye Palatası və Monakonun İqtisadiyyat Palatası arasında əməkdaşlığa dair memorandumlar, “Azalternativenerji” MMC ilə Monako Bərpa Olunan Enerji və Ekologiya Palatası arasında Əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
Sonra Monakonun iqtisadiyyatına dair videoçarx nümayiş etdirilib.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.