Companies of Azerbaijan signed 11 contracts during the 2nd day of "Worldfood Moscow"
Rusiyanın Moskva şəhərində keçirilən və Azərbaycanın yeganə ekskluziv partnyor olduğu "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin 2-ci günündə də yerli şirkətlərimiz bir sıra müqavilələr imzalayıblar.
Azərbaycanın fındıq istehsalçısı olan "Xanel" şirkəti Rusiyaya 40 ton fındıq ixracına dair bu ölkənin müvafiq sahədə fəaliyyət göstərən şirkəti ilə Müqavilə imzalayıb. "Xanel" şirkətinin Rusiyanın distributor şirkəti ilə imzaladığı digər müqaviləyə əsasən isə bu ölkəyə 80 ton fındıq ixrac olunacaq.
Azərbaycanın meyvə-tərəvəz məhsulları ilə yanaşı, şirniyyatları da "Worldfood Moscow" Sərgisinin ziyarətçiləri və Rusiya şirkətləri tərəfindən maraqla qarşılanıb. Sərgi çərçivəsində bu sahədə irihəcimli müqavilələri Azərbaycanın "Şirin" MMC şirkəti imzalayıb. "Şirin" MMC ilə Rusiyanın "Mir sladosti" şirkəti arasında imzalanmış Müqaviləyə əsasən, Rusiyaya 200 ton qənnadı məhsulları ixrac olunacaq. Rusiyanın Vladivostok, Tümen, Krasnoyarsk, Nijnıy Novqorod, İrkutsk və Tambov vilayətlərinin, həmçinin Ural regionunun distributor şirkətləri ilə imzalanmış müqavilələrə uyğun olaraq, "Şirin" MMC bu vilayətlərin hər birinə 30 ton qənnadı məhsulları ixrac edəcək.
Bundan başqa, sərgi zamanı Azərbaycanın "Əmin qida sənaye" MMC şirkəti şəkərli vanil və qabartma tozunun Rusiyaya ixracına dair bu ölkənin distributor şirkəti ilə razılıq əldə edib.
Ümumilikdə, "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin işə başladığı ilk 2 gün ərzində Azərbaycanın fındıq, qənnadı məmulatları, vanil və qabartma tozunun Rusiyaya ixracına dair 13 müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan "Worldfood Moscow" Sərgisində 30-dan çox ixracatçı şirkətlə təmsil olunur. Yerli şirkətlərimizin keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları - meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.
"Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində bu gün həmçinin, "Təzə meyvə-tərəvəz: ixrac coğrafiyasının genişləndirilməsi" mövzusunda Konfrans keçirilib. Tədbirdə çıxış edən dövlət qurumlarının nümayəndələri və iş adamları bağçılığın inkişafı, bu sahədə həyata keçirilən layihələr və proqramlar, meyvə və tərəvəz məhsullarının ixracı, bu məhsulların qablaşdırılması, saxlanması barədə fikir və təcrübələrini bölüşüblər. AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev keyfiyyətli və rəqabətədavamlı Azərbaycan məhsulları, ölkəmizin ixrac imkanları, "Made in Azerbaijan" brendinin tanıdılması sahəsində görülən işlər barədə danışıb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Konfransdan sonra keçirilmiş furşetdə isə tədbir iştirakçılarına Azərbaycan məhsulları – meyvə, milli şirniyyatlar, qənnadı məmulatları, quru meyvələr və s. təqdim edilib. Furşetdə təqdim edilmiş təamlar konfrans iştirakçıları tərəfindən bəyənilib və yüksək qiymətləndirilib.