Azərbaycanın ixrac missiyası Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindədir. Missiyaya ölkəmizdə meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi daxildir.
Səfərin ilk günü Azərbaycan şirkətlərinin təmsilçiləri AZPROMO və “Dubay Exports”un təşkilatçılığı ilə ikitərəfli görüşlər keçiriblər. 20-ə yaxın BƏƏ şirkətinin nümayəndəsinin iştirak etdiyi görüşlərdə Azərbaycan və BƏƏ şirkətləri arasında əlaqələrin genişləndirilməsi, BƏƏ-yə ixrac imkanlarına dair müzakirələr aparılıb, şirkətlərimiz istehsal etdikləri keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar barədə məlumat veriblər.
Sabah isə Azərbaycan iş adamları Dubayın “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri marketlər şəbəkələrində olacaqlar.
Qeyd edək ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş sayca ikinci ixrac missiyasının Dubaya səfəri noyabrın 30-dək davam edəcəkdir.