EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azerbaijani-Serbian business meeting was held with the participation of President Aleksandar Vucic

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində mayın 22-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycanın kənd təsərrüfatı, tikinti, qida sənayesi, turizm, maşınqayırma, bankçılıq, İKT və sair sahələrdə fəaliyyət göstərən şirkətlərinin nümayəndələri iştirak ediblər.
Serbiya Prezidentini və nümayəndə heyətini salamlayan iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Serbiya əlaqələrinin strateji tərəfdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, Azərbaycan və Serbiya dövlət başçılarının əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Bildirib ki, Serbiya Prezidentinin səfəri zamanı dünən imzalanmış sənədlər ölkələrimiz arasında müqavilə-hüquqi bazanın genişlənməsinə və əlaqələrin inkişafına öz töhfəsini verəcək.
İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini qeyd edən Şahin Mustafayev biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü işgüzar görüşün yeni əməkdaşlıq imkanlarının yaranmasına, mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirib.
Nazir Azərbaycanın “Azvirt” şirkətinin Serbiyada yol tikintisini uğurla həyata keçirdiyini qeyd edib, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, səfəri çərçivəsində Azərbaycanla daha yaxından tanış olmaq üçün yaradılan imkana görə Prezident İlham Əliyevə təşəkkür edib.
Ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyini vurğulayan Serbiya Prezidenti ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının yüksək səviyyəli siyasi əməkdaşlıq səviyyəsinə yüksəlməsi üçün imkanları diqqətə çatdırıb. Qeyd edib ki, səfəri zamanı imzalanmış sənədlər, o cümlədən Strateji Tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir.
Serbiyada yol tikintisini həyata keçirmiş Azərbaycanın “Azvirt” şirkətinin fəaliyyətini müsbət qiymətləndirən Aleksandr Vuçiç bu işlərin ölkənin digər regionlarında da davam etdirilməsini, “Azvirt”in Azərbaycan biznesini Serbiyada yüksək səviyyədə təqdim etdiyini vurğulayıb. Serbiya iqtisadiyyatı və ölkəsində yaradılmış əlverişli biznes və investisiya mühiti barədə danışan Prezident Aleksandr Vuçiç Azərbaycan iş adamlarını Serbiyada layihələr həyata keçirməyə, ölkəsinin investisiya mühitindən yararlanmağa dəvət edib. Bildirib ki, Serbiyada otel tikintisi, kurort turizminin inkişafı, nəqliyyat-tranzit, kənd təsərrüfatı, sənaye, turizm və sair sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.
Sonra Aleksandr Vuçiç Azərbaycan şirkətlərinin Serbiya iqtisadiyyatına, əməkdaşlıq imkanlarına dair suallarını cavablandırıb, Serbiya Prezidentinin müşaviri Danilo Sisimil Serbiyanın biznes mühiti barədə məlumat verib.