EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Türkiyənin “Demirören” Holdinqi ilə Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Nazirliyində Türkiyənin “Demirören” Holdinqinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Holdinqlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonra İqtisadiyyat Nazirliyi və “Demirören” Holdinq arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Demirören” Holdinqin İdarə Heyətinin sədri Yıldırım Demirören imzalayıblar. Memorandumda Azərbaycanda birgə müəssisə yaratmaqla əczaçılıq məhsullarının istehsalı və satışının təşkili nəzərdə tutulur. Müəssisənin tikintisi üçün Pirallahı Sənaye Parkında müvafiq ərazinin ayrılması, Azərbaycan İnvestisiya Şirkətinin layihədə iştirakı və ən azı, 150 nəfəri yerli olmaqla yeni iş yerlərinin açılması planlaşdırılır.

Memoranduma uyğun olaraq, “Demirören” Holdinq layihəyə 40 mln. ABŞ dollarınadək investisiya yatıracaq, istehsal prosesi ixtisaslı aparıcı şirkətlərin müvafiq lisenziyaları əsasında GMP standartlarına uyğun təşkil ediləcəkdir.

Anlaşmada həmçinin, bilik və təcrübələrin mübadiləsi, yerli universitetlərdə araşdırma və tədqiqat proqramlarının hazırlanması, sənayenin əlaqədar sahələrinin inkişafına dəstək göstərilməsi nəzərdə tutulur.

Qeyd: “Demirören” Holdinq Türkiyənin konqlomerat şirkətidir. Holdinq energetika, daşınmaz əmlak, tikinti, təhsil, media, reklam, turizm, rəqəmsal texnologiyalar sahələri üzrə şirkətləri özündə birləşdirir. Şirkətlər qrupu, həmçinin Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir. İtaliyanın məşhur oyun operatoru “Sisal SpA” ilə ortaq təşəbbüs quran “Demirören” Holdinq 2019-cu ildə Türkiyənin milli lotereyası “Milli Piyango”nun yaxın 10 il üçün əməliyyat hüquqlarını əldə edib. Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə də məşğuldur.

“Demirören” Holdinq həmçinin, Türkiyənin ən böyük media qruplarından birinin sahibidir. Media qrupa “CNN Türk”, “Kanal D” kimi məşhur televiziya və radio kanalları, “Milliyət”, “Hürriyyət”, “Posta” və s. qəzetlər daxildir.

Bu ilin fevralında imzalanmış müqaviləyə əsasən, “Azərlotereya” ASC “Demirören” Holdinqə daxil olan “YMT Sans B.V.” şirkətinə idarəetməyə verilib. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanaraq, “Demirören” Holdinq “Azərlotereya” ASC-dən sonra ikinci layihəsinə də qısa müddətdə başlamağa qərar verib.