EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Böyük Britaniya ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonla görüşüb.

Nazir ölkələrimiz arasında münasibətlərin inkişafını, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndiyini vurğulayıb.

Bildirilib ki, Böyük Britaniya ilə səmərəli ticarət-investisiya əməkdaşlığı həyata keçirilir. Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir.

Görüşdə həmçinin, Böyük Britaniya ilə energetika, bərpa olunan enerji sahəsində birgə layihələr, bp-nin ölkəmizdə uğurlu fəaliyyəti qeyd edilib, iqtisadi tərəfdaşlığın genişlənməsində İqtisadiyyat Nazirliyi ilə Britaniyanın Azərbaycanda Ticarət və Sənaye Palatası arasında işçi qrupun yaradılmasının əhəmiyyəti vurğulanıb.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrin inkişafına önəm verdiyini, Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka maraq göstərdiyini diqqətə çatdırıb, yeni əməkdaşlıq sahələrini, birgə təşəbbüslərin reallaşdırılması imkanlarını qeyd edib. Ticarət elçisi ilk iclası bu gün keçirilən İqtisadiyyat Nazirliyi ilə Britaniyanın Azərbaycanda Ticarət və Sənaye Palatası arasında işçi qrupun iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib. Baronessa Emma Nikolson ölkəsinə Azərbaycanın ticarət missiyalarının təşkil olunmasını təklif edib.

Görüşdə Böyük Britaniya ilə ticarət, investisiya, enerji transformasiyası üzrə tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Britaniyanın Azərbaycandakı Ticarət və Sənaye Palatası arasında işçi qrupun ilk iclası keçirilib.

İclasda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Britaniyanın Azərbaycandakı Ticarət və Sənaye Palatasına fəaliyyətində uğurlar arzulayıb və yeni yaradılmış işçi qrupun biznes dairələri arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Britaniyanın Azərbaycandakı Ticarət və Sənaye Palatasının və Palata ilə İqtisadiyyat Nazirliyi arasında işçi qrupun səmərəli fəaliyyət göstərəcəyinə, ikitərəfli iqtisadi əlaqələrin stimullaşdırılması baxımından faydalı olacağına ümidvar olduğunu bildirib.

İclasda Britaniyanın Azərbaycandakı Ticarət və Sənaye Palatasına üzv olan şirkətlərin biznes əməliyyatları zamanı üzləşdiyi məsələlər, həmçinin şirkətlərin fəaliyyəti ilə bağlı proseslərin sadələşdirilməsi barədə təklif və rəylər dinlənilib. İclas zamanı kameral vergi yoxlamalarının asanlaşdırılması, vergi hesabatlılığının optimallaşdırılması, qeyri-rezidentlərin vergidən azad olunması ilə bağlı proseslərin sadələşdirilməsi və s. barədə fikir mübadiləsi aparılıb.