EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilib

İçərişəhərin qədim küçə və meydanlarında xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və konsert proqramları, bir sıra ölkələrin milli pavilyonları qurularaq müxtəlif xalçaçılıq məktəbləri, texnikaları və ənənələri nümayiş etdirilib.

 

2-4 may 2025-ci il tarixlərində İçərişəhər ərazisində Beynəlxalq Xalça Festivalı keçirilib. Festival “Azərxalça” ASC  və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə baş tutub.

 

Festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini beynəlxalq miqyasda tanıtmaq, bu qədim sənət növünün zəngin irsini və müasir inkişaf perspektivlərini nümayiş etdirmək, eləcə də müxtəlif ölkələrin xalçaçılıq ənənələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaq idi.

 

Tədbirin ilk günü – 2 may tarixində təşkil olunan Beynəlxalq Xalça Forumu bu sahədə çalışan yerli və xarici mütəxəssisləri bir araya gətirdi. Forumda Özbəkistan, Türkmənistan, Albaniya, Almaniya, İngiltərə, Latviya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Rusiya, Yaponiya, İspaniya və digər ölkələrin nümayəndələri iştirak edirdi. 200-dən çox iştirakçı – sənətşünaslar, xalçaçı ustalar, tələbələr və incəsənət xadimlərinin iştirak etdiyi Forumda Azərbaycan xalçalarının tarixi, estetik özəllikləri və dünya mədəni irsindəki yeri haqqında geniş təqdimatlar yer alıb.

 

3-4 may tarixlərində isə İçərişəhərin qədim küçə və meydanlarında festival bayram ab-havasında davam edib. Qədim karvansaraylar, Qoşa Qala meydanı və digər məkanlar xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və konsert proqramlarına ev sahibliyi etdi. İştirakçı ölkələrin milli pavilyonları qurularaq ziyarətçilərə müxtəlif xalçaçılıq məktəbləri, texnikaları və ənənələri nümayiş etdirilib.

 

Rusiya, Türkiyə, Latviya, İran, Pakistan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qazaxıstan və Gürcüstanın nümayəndələrinin iştirakı ilə reallaşan festival, Azərbaycan xalça sənətinin özünəməxsusluğunu və estetik zənginliyini beynəlxalq auditoriyaya tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb edib.

 

Festival müddətində yalnız İçərişəhərin bəzədilməsində “Azərxalça” ASC tərəfindən hazırlanmış 400-dən artıq xalçadan istifadə olunub. Minlərlə insan bu günlər ərzində festivalı izləmək üçün İçərişəhərə təşrif buyurub ki, bu da tədbirin həm yerli, həm də beynəlxalq miqyasda böyük maraq doğurduğunu nümayiş etdirib. Festival çərçivəsində “Azərxalça” ASC-nin əməkdaşının dəstəyi ilə tədbirin qonaqlarının, turistlərin və AZPROMO əməkdaşlarının ilmələri ilə “Made in Azerbaijan” xalçası toxunub.

 

Azərbaycan xalçaçılıq sənətinin qədim tarixindən müasir dövrə uzanan inkişaf yolunu nümayiş etdirən Beynəlxalq Xalça Festivalı ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə təbliğində əhəmiyyətli rol oynamaqla yanaşı,  İçərişəhərin tarixi mühitində bu cür genişmiqyaslı tədbirlərin uğurla təşkil oluna biləcəyini bir daha sübut etdi.