AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev “Rusiya və İƏT ölkələrinin inkişafına dövri iqtisadiyyatın və “yaşıl” layihələrin təsiri” sessiyasında çıxış edib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Tatarıstan Respublikasının Kazan şəhərində “Rusiya – İslam dünyası: KazanForum 2025” çərçivəsində Rusiya Ticarət və Sənaye Palatası (TSP) tərəfindən təşkil olunan “Rusiya və İƏT ölkələrinin inkişafına dövri iqtisadiyyatın və “yaşıl” layihələrin təsiri” sessiyasında təmsil olunub.
Sessiyada iştirak edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın dayanıqlı inkişaf strategiyası çərçivəsində reallaşdırılan yerli və regional bərpa olunan enerji layihələrdən danışıb, dövri iqtisadiyyatın inkişafı üçün ölkədə yaradılan əlverişli şərait və imkanlar haqqında məlumat verib.
Sessiya iştirakçıları iqtisadiyyatın yenidən dəyərləndirilməsi, tullantılardan faydalı komponentlərin geri qaytarılması, “yaşıl” layihələrin təşviqi və dövri iqtisadiyyatın hüquqi və texnoloji əsaslarının formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Azərbaycan məhsulları “KazanForum 2025” çərçivəsində keçirilən “Russia Halal Expo 2025” sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə ölkə stendində təqdim olunub.