EN
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

"Sea Breeze Health Valley": Azərbaycanın tibbi mükəmməlliyə qlobal qapısı" mövzusunda panel sessiyası keçirilib

Azərbaycanın regional tibbi xidmətlər, əczaçılıq və biotexnologiya istehsalı, rəqəmsal səhiyyə həlləri üzrə mərkəzə çevrilməsi imkanları müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Sea Breeze Health Valley": Azərbaycanın tibbi mükəmməlliyə qlobal qapısı” mövzusunda panel sessiyası keçirilib.

McK Partners şirkətinin tərəfdaşı Moniş Aroranın moderatorluğu ilə keçirilən panel sessiyasında çıxış edən səhiyyə naziri Teymur Musayev ölkəmizdə səhiyyənin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Nazir bildirib ki, son illərdə icbari tibbi sığortanın tətbiqi, tibb müəssisələrinin modernləşdirilməsi, rəqəmsal texnologiyaların səhiyyə sisteminə inteqrasiyası və insan kapitalına yönəlik islahatlar əhalinin sağlamlıq xidmətlərinə əlçatanlığını və keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb.

Müzakirələrdə "Sea Breeze Health Valley" layihəsinin Azərbaycanın səhiyyə sisteminin gücləndirilməsi, sosial xidmətlərin və infrastrukturun inkişafı istiqamətində rolu diqqət mərkəzində olub. Çıxışlarda Azərbaycanın regional tibbi xidmətlər, əczaçılıq və biotexnologiya istehsalı, rəqəmsal səhiyyə həlləri üzrə mərkəzə çevrilməsi imkanları vurğulanıb.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Dövlət Turizm Agentliyinin baş icraçı direktoru Florian Zenqstşmit, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Zaur Əliyev, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) direktoru Vüqar Qurbanov, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun baş direktoru Yasin Cəlilov, "Sea Breeze Health Valley" layihəsinin rəhbəri Konstantin Qrinfeld, Sinqapurun "Don Agro International" şirkətinin baş icraçı direktoru Marat Devlet-Kildeyev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Almaniyanın "Sana Hospital Group" şirkətinin direktoru Sven Heininger, "CaspiMayr" şirkətinin təsisçisi Həcər Cəfərova çıxışlarında dövlət strukturlarının, investorların və layihə rəhbərliyinin birgə əməkdaşlığı sayəsində beynəlxalq standartlara cavab verən tibbi klasterin yaradılması imkanlarına dair fikirlərini səsləndiriblər. Bildirilib ki, "Sea Breeze Health Valley" layihəsi ölkəmizin səhiyyə sisteminin modernləşdirilməsi, rəqəmsal tibbi xidmətlərin tətbiqi, əczaçılıq və biotexnologiya sahələrinin inkişafı baxımından mühüm addımdır.

1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada SOCAR-la "Italiana Petroli S.p.A" və "MIP S.p.A" arasında səhm alqı-satqısı Sazişi imzalanıb. Saziş SOCAR prezidenti Rövşən Nəcəf və "Italiana Petroli S.p.A" şirkətinin sədri Uqo Braketti Peretti tərəfindən imzalanıb. Saziş Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunun möhkəmlənməsinə, Avropa bazarına birbaşa çıxış imkanlarının artmasına, dəyər zəncirinin genişlənməsinə və logistika üstünlüklərinin güclənməsinə mühüm töhfələr verəcək.

Sessiya çərçivəsində Yüksək Dəmir Tərkibli İsti Briket Dəmir İstehsalı üçün Birgə Müəssisənin Təsis Edilməsi haqqında Saziş imzalanıb. Sazişi "Daşkəsən Dəmir Filizi" MMC-nin baş direktoru Ceyhun Əliyev və "Fonte GreenMet Investments Fund OEIC Limited"in baş icraçı direktoru Yerjan Mussin imzalayıblar. Bu təşəbbüs ölkəmizin metallurgiya sahəsində tam inteqrasiya olunmuş dəyər zəncirinin formalaşmasına, ixrac potensialının artmasına və yüksək əlavə dəyərli məhsulların istehsalına mühüm töhfə verəcək.