Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşdə Azərbaycan və Almaniya arasında sənaye, yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması məsələləri müzakirə olunub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanın investisiya mühiti, regional bağlantılar və nəqliyyat-logistika potensialı barədə məlumat verilib.
Tərəflər yaşıl enerji, sənaye və texnologiya transferi üzrə Azərbaycan və Almaniya şirkətləri arasında əməkdaşlıq perspektivlərini yüksək qiymətləndiriblər. Bu çərçivədə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması imkanı müzakirə olunub. Qeyd edilib ki, belə bir platforma iki ölkənin sahibkarları arasında müntəzəm dialoqun təşkili, qarşılıqlı məlumat mübadiləsi və ortaq təşəbbüslərin reallaşdırılması baxımından faydalı ola bilər.
Bununla yanaşı, investisiya imkanlarının təqdimatı və Azərbaycan-Almaniya işgüzar tərəfdaşlığının gücləndirilməsi məqsədilə Almaniya tərəfi 16-19 iyun tarixlərində Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçiriləcək Özəl Sektor Forumuna və 25-26 sentyabr tarixlərində təşkil olunması planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunub.