Avqustun 2-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Almaniya Respublikasının Azərbaycandakı Səfirliyinin və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin iştirakı ilə “İxracatçılar üçün Təlimat Kitabı”nın təqdimatı keçirilmişdir. Tədbirdə 50-yə yaxın şirkətin nümayəndəsi iştirak etmişdir.
Tədbirdə çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov qeyd edib ki, Azərbaycan ixracatçılarının potensial xarici bazarlara çıxışı üçün ixrac zamanı tətbiq olunan prosedurlara, ixrac məhsullarına dair standartlara, beynəlxalq ticarətdə müqavilə hüququna, logistika və digər məsələlər üzrə maarifləndirmə işlərinin aparılması əhəmiyyətlidir. Bu məqsədlə AZPROMO GİZ-lə birgə yerli ixracatçıların maarifləndirilməsi və yeni potensial ixrac bazarlarına dair bir sıra treninq və seminarlar təşkil edir. “İxracatçılar üçün Təlimat Kitabı”nın nəşrinin belə maarifləndirmə tədbirlərinin davamı olduğunu diqqətə çatdıran R.Məmmədov təlimat kitabının yerli ixracatçılar üçün ixrac tələblərinə və prosedurlarına dair əvəzsiz bələdçi olduğunu qeyd etmişdir. AZPROMO bundan sonra da yerli ixracatçılar üçün maarifləndirmə tədbirlərini davam etdirəcək.
GİZ-in ölkə üzrə direktoru Henninq Tvesten və digərləri çıxışlarında yerli ixracatçılara göstərilən dəstək tədbirlərini, o cümlədən “İxracatçılar üçün Təlimat Kitabı”nın nəşrini müsbət qiymətləndirmiş və belə tədbirlərin davam etdirilməsinin əhəmiyyətini qeyd etmişlər.
Sonda “İxracatçılar üçün Təlimat Kitabı” tədbirdə iştirak edən ixracatçı şirkətlərə paylanmışdır.
Qeyd edək ki, “İxracatçılar üçün Təlimat Kitabı” 2012-ci ildə AZPROMO və GİZ arasında yerli ixracatçılar üçün ixracyönümlü tədbirlərin keçirilməsinə dair imzalanmış Anlaşma Memorandumu çərçivəsində çap olunmuşdur. 9 istiqamətdən ibarət olan və yerli şirkətlərin ixrac sahəsində maarifləndirilməsi məqsədilə hazırlanmış kitab ixracata yeni başlayan və ya gələcəkdə öz məhsullarını xarici bazarlara çıxarmaqda maraqlı olan şirkətlər üçün nəzərdə tutulmuşdur. Təlimat kitabı beynəlxalq marketinq, xarici bazarlara giriş, qablaşdırma və sertifikatlaşdırma, gömrük prosedurları, nəqliyyat, logistika və s. zəruri mövzuları əhatə edir. “İxracatçılar üçün Təlimat Kitabı” AZPROMO tərəfindən bu il ölkəmizdə təşkil ediləcək tədbirlərdə iş adamlarına təqdim olunacaqdır. Kitabın iş adamları tərəfindən daha asan əldə olunması üçün nəşrin İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az və AZPROMO-nun www.azpromo.az internet səhifələrində yerləşdirilməsi də nəzərdə tutulur.