"AZPROMO" qeyri-neft ixracının artırılmasına,“Made in Azerbaijan” brendinin təşviqi, Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılmasına və satışının artırılmasına necə dəstək verir?
Ölkəmizin ixrac və investisiya imkanlarının stimullaşdırılması, “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların beynəlxalq bazarlarda daha çox tanıdılması istiqamətində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən genişmiqyaslı tədbirlər görülür. Bu prosesdə prioritetlərdən biri “Made in Azerbaijan” brendi altında xarici bazarlarda rəqabətqabiliyyətli, keyfiyyətli Azərbaycan məhsullarının ixracının genişləndirilməsidir. Azərbaycan Respublikası Prezidentinin yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan 2016-cı ilin 5 oktyabr tarixli Fərmanı həmin brendin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizmi – dəstək tədbirini əhatə edir. Bu mexanizmlərə ixrac missiyaları, Azərbaycan ərazisinə alıcı missiyalarının təşkili, bazar araşdırmaları, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak, beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak, dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə “Made In Azerbaijan” brendinin təşviqi, xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və ya mağaza şəbəkələrində, o cümlədən “Duty Free”lərdə “Made in Azerbaijan” rəflərinin təşkili, xarici ölkələrin ictimai yerlərində və beynəlxalq KİV-də təbliğat, “Beynəlxalq sertifikat”ın alınması və tədqiqat-inkişaf proqram və layihələri kimi dəstək tədbirləri daxildir.
Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi üçün hansı tədbirlər həyata keçirilir?
AZPROMO ölkəmizdə xarici investorlar üçün “vahid pəncərə” prinsipi əsasında bələdçi rolunu icra edərək ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi məqsədilə fəaliyyət göstərir. AZPROMO investorlara ölkə ilə ilkin tanışlıqdan başlayaraq onların müvafiq dövlət qurumları ilə əlaqələndirilməsi, ölkəmizdə müəssisələrin yaradılması, o cümlədən yerli tərəfdaşların tapılması və mütəmadi olaraq “sonradan qayğı” dəstək xidmətləri göstərir.
AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvüdür və Mərkəzi Asiya üzrə Regional Direktor statusuna malikdir. Bu status Agentliyə WAIPA-nın strateji qərarlarının qəbulunda iştirak etməyə, o cümlədən investisiyaların cəlb edilməsi sahəsində ən qabaqcıl beynəlxalq təcrübələrin əldə edilməsi və mübadiləsi, eləcə də bu istiqamətdə birgə seminarların və təlimlərin keçirilməsi üzrə planları müəyyən etməyə imkan verir.
Xarici investisiyaların ölkəmizə cəlb edilməsi üzrə görülən işlər çərçivəsində Azərbaycanın investisiya imkanları haqqında xaricdə məlumatlılığın artırılması və investorların danışıqlar və fikir mübadiləsinin aparılması üçün platformalar ilə təmin edilməsi məqsədilə AZPROMO tərəfindən hər il “Investment Roadshow” tədbirləri (investorlarla ikitərəfli görüş formatında), eləcə də investisiya forumları keçirilir.
“Made in Azerbaijan” brendinin təşviqi mexanizmlərindən biri də beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə iştirakdır. Bu mexanizmdən hansı sahibkarlar yararlana bilər?
Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir. Növbəti ildə ixracatçıların iştirakı nəzərdə tutulan sərgi və yarmarkaların siyahısı və iştirakçıların maksimum sayı qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunur və hər il 1 may tarixindən gec olmayaraq elan edilir. Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirakla bağlı təşkilatı işlər (sərgi və yarmarkanın keçiriləcəyi məkanda yerin icarəsi, stendin dizaynı, hazırlanması və quraşdırılması, məhsulların daşınması) təmin olunur və bütün xərclər dövlət büdcəsi hesabına qarşılanır.
Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirakla bağlı elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir.
Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası missiyada iştirak edəcək ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.
Ərizələr bu meyarlar üzrə dəyərləndirilir:
Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər qalib elan olunurlar. Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.