AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İxrac Akademiyası

Məlum olduğu kimi, qloballaşmanın sürətləndiyi müasir dövrdə ölkələrin ixrac potensialı iqtisadi inkişafın və xarici ticarətin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Müasir şəraitdə Azərbaycanın iqtisadi inkişafa nail olması üçün qarşısında duran əsas vəzifələrdən biri kimi qeyri-neft sahəsinin ixrac potensialını və ümumilikdə iqtisadiyyatı daha da gücləndirmək, həmçinin rəqabətqabiliyyətli məhsul istehsalını artırmaq üçün xarici bazarlara yönəlmə və əldə olunan gəlir artımından səmərəli və effektiv istifadə imkanlarını göstərə bilərik.

Qeyd etmək istərdik ki, ölkənin ixrac potensialının artırılmasında insan resursları mühüm əhəmiyyətə malikdir. Əmək ehtiyatlarının kəmiyyətcə və keyfiyyətcə artması, işçi qüvvəsindən istifadənin səmərəliliyinin yaxşılaşdırılması ixrac potensialının inkişafına nail olunmasının ən başlıca xüsusiyyətidir. Bu məqsədlə, ixracla məşğul olan və gələcəkdə bu fəaliyyətlə məşğul olmaq niyyəti olan kadrların bilik və bacarıqlarının artırılması istiqamətində ölkədə ilk dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İxracatçılar Klubu İB-nin təşkilatçılığı ilə “İxrac Akademiyası” adlı intensiv 3 aylıq onlayn təlim proqramının həyata keçirilməsi təşəbbüsü irəli sürülmüşdür.

 

Ölkəmizin ixrac potensialının artırılması istiqamətində müasir çağırışlara cavab verən kadrların hazırlanmasında dövlət qurumları və əsas ixracatçı şirkətlərdən mütəxəsisslər könüllü şəkildə cəlb edilərək ixrac sahəsində öz əvəzedilməz faydalı bilik və peşəkar təcrübələrini sözügedən Akademiya çərçivəsində gələcəyin ixrac menecerləri ilə bölüşməkdədirlər.

Belə ki, pilot olaraq sertifikat proqramı şəklində həyata keçirilən layihəyə satış sahəsində fəaliyyət göstərən müəssisələrdən müraciət edən 30 iştirakçı arasından seçim tələblərinə tam cavab verən 23 iştirakçı seçilmişdir.

“İxrac Akademiyası” layihəsindən yararlanan müdavimlər ixracın əsas sahələrini əhatə edən 3 (Strategiya, Əməliyyatlar və  İxrac prosedurları) modul üzrə kommersiya fəaliyyətinin təşkilindən son ixrac prosedurlarına kimi, ümumilikdə ixracın hər bir mərhələsinə dair lazım ola biləcək praktiki-baza məlumatlara yiyələnməklə onların iş şəraitinə uyğun tətbiq etmək bacarığı əldə edirlər. Hər modulun sonunda müdavimlər müvafiq mövzular üzrə imtahan edilərək növbəti modula keçid alırlar.

“İxrac Akademiyası” təlimində iştirak edən müdavimlərin təlimin sonunda yekun imtahan verərək yuxarıda adıçəkilən 3 modul üzrə imtahan, davamiyyət və dərslərdə aktivlik nəticələrinə əsasən sertifikatlarla, modullar üzrə müvafiq dərsləri tədris edən təlimçilərin isə sonda təşəkkürnamə ilə təltif edilməsi planlaşdırılır.

Təlimlər iyul ayının əvvəllərinə kimi davam edəcəkdir.