Bu gün Rusiya-Azərbaycan biznes forumu çərçivəsində "R-Farm" şirkəti (Rusiya Federasiyası), "Vita-A" Məhdud Məsuliyyətli Cəmiyyəti (Azərbaycan Respublikası) və "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası) arasında Azərbaycan Respublikası ərazisində beynəlxalq standartlara və tələblərə uyğun müasir əczaçılıq məhsullarının istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb.
Tərəflər xüsusi yaradılmış "Həyat Farm" birgə müəssisəsi vasitəsilə Azərbaycan Respublikası ərazisində layihənin reallaşmasına başlamaq barədə razılığa gəliblər.
"Həyat Farm" birgə müəssisəsi Azərbaycanda istehsal, laboratoriya və logistik bloklardan ibarət əczaçılıq kompleksinin yaradılması üzrə uzunmüddətli proqramın həyata keçirilməsi məqsədilə təsis edilib.
Proqramın layihələrindən biri qabaqcıl beynəlxalq texnologiyalardan və "R-Farm" şirkətinin təcrübəsindən istifadə etməklə, aparıcı istehsalçı-şirkətlərlə tərəfdaşlıq şəraitində müasir müəssisənin inşasını nəzərdə tutur. Layihə çərçivəsində analitik və texnoloji transferlər həyata keçiriləcək, əczaçılıq sahəsində yüksək ixtisaslı lokal iş yerləri yaradılacaq. Layihənin reallaşması zamanı qabaqcıl texnologiya və avadanlıqlardan, Avropanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunacaq.
Yüksək dərəcəli izolyasiya, avtomatlaşdırma və öz sinfində ən yaxşı istehsal həllərinə malik yeni nəsil dərman istehsalı GMP istehsalat praktikası, həmçininWHO Technical Report series, ISPE Good Practice Guide-ın tələblərinə və digər beynəlxalq norma və qaydalara tam uyğun olacaq.
2019-cu ilin sonuna birgə müəssisənin tam layihə gücünə çıxacağı gözlənilir.
"R-Farm" Direktorlar Şurasının sədri Aleksey Repik: "Texnologiyaların transferi sayəsində yeni müəssisə onkoloji, hematoloji, autoimmun və endokrin xəstəliklərin terapiyası, HİV/AİDS, müxtəlif tip viruslu hepatitlərin və digər xəstəliklərin müalicəsi üçün yüksək effektli dərman vasitələri istehsal edə biləcək. Azərbaycan ərazisində istehsal olunan müasir preparatların istifadəsi əhalinin tibbi təminatının səviyyəsinin artırılmasına imkan verəcək, həmçinin pasiyentlər üçün müalicə qiymətlərini azaldacaq. Qeyri-neft sektorunun inkişafı üçün Azərbaycan hökuməti tərəfindən yaradılan cəlbedici investisiya mühiti, ixrac imkanlarının həvəsləndirilməsl, vergi güzəştləri və özəl sektorun inkişafı üçün digər stimullar innovativ layihələrin daha effektiv həyata keçirilməsinə kömək edir".
"Vita-A" şirkətinin baş direktoru Murad Sadıxov bu layihənin əczaçılıq sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının inkişafına, gələcəkdə bu sahədə Azərbaycanın ixrac potensialının genişləndirilməsinə xidmət edəcəyini diqqətə çatdırıb.