AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Daşkənddə Azərbaycanın investisiya layihələrinin təqdimatı keçirilib

Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə investisiya layihələrinin təqdimatı ("Investment Roadshow") keçirilib.

Tədbirdə çıxış edən AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti barədə məlumat verib, qarşılıqlı investisiyaların artırılmasında böyük potensialın olduğunu diqqətə çatdırıb. Bildirilib ki, belə bir formatda tədbirin keçirilməsi işgüzar dairələrə investisiya əməkdaşlığının genişləndirilməsi üçün əlavə imkan yaradır. Yusif Abdullayev sənaye, kənd təsərrüfatı, daşınmaz əmlak, alternativ enerji və s. sahələrini əhatə edən 10 investisiya layihəsinin təqdimatını edib, Özbəkistan investorlarını fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə həmçinin, Özbəkistanın Xarici İnvestisiyaların Cəlb edilməsi Agentliyinin direktoru Uluqbek Kasımxocayev ölkəsinin investisiya potensialı barədə danışıb, 10 perspektiv investisiya layihəsinin təqdimatını keçirib, "AzerTelecom" MMC-in Direktorlar Şurasının sədri Fuad Allahverdiyev isə "Rəqəmsal İpək Yolu: Avropa və Asiya arasında yeni rəqəmsal dəhliz" mövzusunda təqdimatla çıxış edib.

Qeyd edək ki, 1991-2022-ci illər ərzində Azərbaycandan Özbəkistana 37,4 milyon ABŞ dolları, Özbəkistandan Azərbaycana isə 18,7 milyon ABŞ dolları həcmində investisiya yatırılıb.