Tbilisidə keçirilən "Caspian Energy Investment Forum 2023" tədbirində Azərbaycanla Gürcüstan arasında potensial əməkdaşlıq imkanları, işğaldan azad olunmuş ərazilərdə Gürcüstan şirkətlərinin iştirakı müzakirə olunub. Forumda birgə investisiyaların yatırılması üzrə yeni təkliflər irəli sürülüb.
"Caspian Energy Club" və "Caspian Energy Georgia"nın birgə təşkilatçılığı ilə 11-ci beynəlxalq "Caspian Energy Investment Forum Tbilisi 2023" forumu keçirilib. Hər iki ölkənin səfirlikləri tərəfindən dəstək göstərilən forumda dövlət qurumlarının, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların 200-dən çox nümayəndəsi, o cümlədən Xəzər-Qara dəniz regionu ölkələrinin dövlət və özəl şirkətlərinin idarəçiləri iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə Gürcüstan və Azərbaycan regional əməkdaşlığa töhfə verir.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva Agentliyin fəaliyyət istiqamətləri, AZPROMO-nun Gürcüstandan olan müvafiq qurumlarla uğurlu əməkdaşlıq etdiyini və bu əməkdaşlıq çərçivəsində bir sıra sənədlərin imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə enerji sektorunda, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar var.
Forum çərçivəsində "Caspian Energy Turkey" və "Caspian Energy Georgia"nın sədrləri Süleyman Məcidli və Natiq Məmmədov, həmçinin Gürcüstan hökumətinin nümayəndələri tərəfindən bərpa olunan enerji mənbələri üzrə birgə layihələrin həyata keçirilməsinin, iki ölkənin şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd: “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. B2G dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında əlaqələrin stimullaşdırılmasından ibarətdir.