AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Latviya işgüzar dairələrinin görüşü keçirilib

Latviya Prezidenti Egils Levitsin qatıldığı tədbirdə hər iki ölkənin nəqliyyat, su təsərrüfatı, tikinti, lizinq və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak edib.

 

Ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Egils Levitsin iştirakı ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin (LIAA) birgə təşkilatçılığı ilə Azərbaycan-Latviya işgüzar dairələrinin dəyirmi masası keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkənin nəqliyyat, su təsərrüfatı, tikinti, lizinq və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak edib.

 

Latviya Prezidenti Egils Levits ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin dinamik inkişaf etdiyini vurğulayıb, Azərbaycan və Latviya iş adamlarının bu inkişafda xüsusi rolunu qeyd edib, Latviyada azərbaycanlı iş adamlarının uğurla fəaliyyət göstərdiyini bildirib.

 

AZPROMO-nun rəhbəri Yusif Abdullayev iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin dinamik inkişaf etdiyini, AZPROMO-nun bu istiqamətdə gördüyü tədbirləri və ölkəmizin investisiya mühitinin xarici sərmayədarlar üçün yaratdığı imkanları diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində və sənaye parklarında Latviya şirkətləri ilə tərəfdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

 

LIAA-nın baş direktoru Kaspars Rojkalns Latviyanın Azərbaycanla iqtisadi əlaqələrin inkişafına önəm verdiyini qeyd edib, əlaqələrin daha da genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında inkişaf edən ikitərəfli əlaqələrin özəl sektor, xüsusilə Azərbaycan və Latviya KOB-ları arasında ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsini stimullaşdırdığını qeyd edib, hər iki ölkənin iş adamları arasında əlaqələrin inkişafına KOBİA-nın göstərə biləcəyi dəstək tədbirləri barədə məlumat verib, Agentliyin iş adamlarının əməkdaşlıq təşəbbüslərini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

 

Tədbir hər iki ölkənin iş adamlarının çıxışları və sual-cavab sessiyası ilə davam edib.